“Ermənistanın gələcəyi üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əməkdaşlıq, o cümlədən Zəngəzur dəhlizinin açılmasıdır”
Xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə keçirdiyi mətbuat konfransında 10 noyabr üçtərəfli bəyanatının icrasından danışıb. O, deyib ki, bəzi istiqamətlərlə bağlı razılığın icrası uğurla həyata keçirilir, bəzi məsələlərdə isə ləngimələr var. Bu, Ermənistana açıq-aydın mesajdır. Gərək yenidən baş nazir seçilən Nikol Paşinyan sözügedən ismarıcdan dərs çıxarsın.
Millət vəkili Ceyhun Məmmədov nazirin bəyanatı barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Əslində razılıqla əksini tapan işlər qısa müddətdə həyata keçməli idi. Lakin İrəvan bir çox məsələlərdən, o cümlədən Zəngəzur dəhlizinin açılmasından, terrorçuların Qarabağdan çıxarılmasından boyun qaçırdı. Seçkilər ərəfəsində bir-birinə zidd bəyanatlar səsləndirildi. Hərçənd Ermənistan konstruktiv mövqe sərgiləsəydi, üçtərəfli bəyanatın icrası istiqamətində xeyli məsafə qət etmiş olardıq”.
Deputatın fikrincə, nəzərdə tutulan proseslər reallaşacaq:
“Paşinyan indi bu istiqamətdə daha fəal olmalıdır. Anlamalıdır ki, bəyanatdakı müddəaların icrasının ləngiməsi ən çox onun özünə ziyandır. Ermənistanın gələcəyi üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əməkdaşlıq, o cümlədən Zəngəzur dəhlizinin açılmasıdır”.