“Qarabağın 27 il işğalda qalması da bunun nəticəsi idi” - Azərbaycana qarşı ikili standart
“İkili standartlar" daim böyük güclərin digər dövlətlərə təzyiq vasitəsi olub.
Ümumiyyətlə, ikili standartlar bütün zamanlarda gündəm mövzusu olub və maraqlı məqam odur ki, daim demokratik dəyərlər, insan haqları, beynəlxalq hüquq, digər normaları əlində bayraq edən dövlətlər məhz digər ölkələrə ikili standartla yanaşır.
Bunun bariz nümunəsi Dağlıq Qarabağ məsələsinə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin Azərbaycana qarşı xristian həmrəyliyi prizmasından yanaşaraq birbaşa və ya dolayı yolla erməni işğalına dəstək verməsi idi. Bunu 44 günlük Vətən müharibəsində Minsk Qrupunun həmsədr dövləti olan Fransanın timsalında daha açıq formada gördük.
Bu gün də Fransa Azərbaycana qarşı qərzli mövqedən yanaşır. İkili standartlar təkcə ona məruz qalan ölkələrin deyil, eyni zamanda dünyanın dayanıqlı inkişafı üçün ciddi təhdiddir. Azərbaycan dəfələrlə ölkələrə münasibətdə ikili standartların aradan qaldırılmasını üçün ən yüksək səviyyədə bəyanatlar səsləndirib.
Azərbaycan ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa da dəvət edir.
Maraqlıdır ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərazində icra olunur. Amma konkret olaraq Azərbaycan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ probleminin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrasını 27 il gözlədi.
Qətnamələrin icrası üçün Ermənistana qarşı heç bir təzyiq alətlərindən istifadə olunmadı. Əksinə, bir çox məqamlarda ermənipərəst mövqe sərgiləndi. Nəticədə yenə Azərbaycan öz torpaqlarını öz gücü hesabına, müharibə yolu ilə həll etdi.
Azadlıq Partiyasının sədri Əhməd Oruc Cebhe.info-ya açıqlamasında deyib ki, əslində bu, çox böyük araşdırma mövzusudur. Dünya yaranandan ikili, onlu, yüzlü standartlar mövcuddur:
“Tərəfdaş və düşmən dövlətlərə, əməkdaşlıq olunan ölkələrə ayrı-ayrı standartlardan yanaşmaq tarixən də mövcud olub, bu gün var. BMT və digər beynəlxalq təşkilatların ümumi prinsiplərə əsaslanan normaları yalnız zəiflər üçün- böyük dövlətlərin sanksiyalar tətbiq etdiyi, üzərinə öhdəliklər qoyulan ölkələrdə- işə yarayır. Ona görə də Azərbaycan Dağlıq Qarabağ problemiinin həll olunması ilə bağlı 30 ilə yaxın BMT-nin qətnamələrinə əməl olunmasını tələb edirdi, amma heç bir irəliləyiş yox idi. Əksinə, danışıqlar prosesində Azərbaycanın üzərinə əlavə şərtlər qoyulmuşdu”.
Partiya sədri əlavə edib ki, Türkiyənin dünyada və regionda rolunun dəyişməsi Qarabağ məsələsini həll etməyə müəyyən qədər imkan və şərait yaratdı. Yəni yenə məsələnin həlli gücə bağlı oldu:
“Bu baxımdan, standartlar ölkələrin, qarşı tərəfin gücünə bağlı olan məsələdir. Ümumi sözlər deyilir ki, ikili standartlar olmaz. Amma dünyada hər zaman ikili standrtlar olub və olacaq”.