Yeni üçbucaq yaranır: - “ABŞ “oyundankənar” vəziyyətdə...”
Tarix: 26-04-2021, 17:08 | Çap et
Yeni üçbucaq yaranır: - “ABŞ “oyundankənar” vəziyyətdə...”

ABŞ-ın Ankaradakı səfiri David Satterfild Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Türkiyə XİN məlumat yayıb. Məlumatda vurğulanıb ki, nazir müavini Sedat Önalın qəbul etdiyi ABŞ səfirinə prezident Baydenin “erməni soyqırımı” bəyanatı qınanılıb və rədd edilib. Bəyanatın beynəlxalq hüquq baxımından qanunsuz olduğu səfirin diqqətinə çatdırılıb. Bu açıqlamanın Türkiyə xalqını təsirləndirdiyi və Türkiyə-ABŞ əlaqələrinə dərin yara vurduğu bildirilib.

Politoloq İlqar Vəlizadə rəsmi Vaşinqtonun tarixi təhrif etməsi haqqında “Sherg.az”a danışdı:

“Etiraf etməliyik ki, bu, ilk hal deyil. Bəzi dövlətlər də fərqli vaxlarda oxşar bəyanatlar səsləndiriblər və həmin açıqlamaların hər biri arxivə gedib. Başqa sözlə desək, bu məsələ zaman-zaman gündəmə gətirilib, sonra da unudulub. Baydenin bundan sonra hər il eyni fikri təkrarlayacağnı bilməliyik. Bu isə türkləri ittiham etmək deməkdir.

Və biz həmin açıqlamaları təhqir kimi qiymətləndirməliyik. Əsas sual budur ki, Bayden niyə həqiqi soyqırımları tanımır, nə üçün Azərbaycanın və Türkiyənin başına gətirilənləri unudur?!

Nə üçün biz ittiham olunuruq?! Əlbəttə, rəsmi Vaşinqtonun açıqlaması münasibətlərə müsbət təsir göstərməyəcək, əksinə, pisləşdirəcək. Lakin ünsiyyətin tamamilə kəsiləcəyini də düşünmürəm. Düzdür, ABŞ regiondakı müstəsna rolunu itirəcək, amma Türkiyə ilə müəyyən əlaqələr davam edəcək”.

İ.Vəlizadənin fikrincə, məlum açıqlama rəsmi Vaşinqton üçün baha başa gələcək:

“ABŞ-ın regiondakı nüfuzunun aşağı düşəcəyi şübhəsizdir. “Müqəddəs yer boş qalmır” prinsipi ilə Rusiya və ya Çin regiondakı boşluğu doldurmağa, mövcud vəziyyətdən öz xeyirlərinə istifadə etməyə çalışacaqlar.

Ankara ilə Moskva arasındakı əlaqələr daha da sıxlaşacaq. Azərbaycan- Türkiyə- Rusiya üçbucağı bu fikrin göstəricisidir. ABŞ isə regionda “oyundankənar” vəziyyətdə qalacaq.

Hətta regiondakı maraqlarına, Minsk Qrupunun üzvü olmasına rəğmən, Vaşinqton daha “ofsayt”dadır. Əgər bu, onu qane edirsə, özü bilər, öz işidir”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net