Paşinyanı Azərbaycana casusluq etməkdə günahlandırırlar – Deputatdan AÇIQLAMA
Tarix: 2-04-2021, 12:42 |
Çap et
Ermənistanın Baş naziri Nikol Paşinyanın və komandasının əleyhdarları onu Azərbaycanla işbirliyində, “Bakıya satılmaqda” ittiham edirlər.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, sıravi insanlar, həmçinin 17 müxalif partiyanı birləşdirən hərəkat liderləri, kilsə xadimləri və dünya erməniləri öz hökumət rəhbərlərini Türkiyənin və Azərbaycanın xeyrinə casusluqda günahlandırır.
Millət vəkili qeyd edib ki, 2020-ci ilin 10 noyabrında küçədə linç edilən parlament sədri Ararat Mirzoyanı da “ikili agent” olmaqda, Ankara və Bakıya işləməkdə ittiham edirlər.
Deputat qeyd edib ki, Azərbaycan ordusu İrəvana yeriməyib, tank və toplarımız Zəngi çayını keçməyib. Əvəzində isə ermənilər İrəvanın Azərbaycanın mənəvi paytaxtına çevrilməsindən dərin sarsıntı keçirirlər.
“Erməni liderlərinin İrəvanın Azərbaycanın həqiqi siyasi paytaxtına çevriləcəyi ilə öz cəmiyyətlərini qorxutması hakimiyyəti ələ almaq planının tərkib hissəsidir. Ona görə də hərbi çevriliş və vətəndaş müharibəsi qarşısında olan bir xalqın yeganə çıxış yolu bizim “xoş gəlmişsiniz” lövhəmizi Zəngəzur dəhlizinə asıb, azərbaycanlıların İrəvana dinc qayıdışına mane olmamaqdır!. Bu, sülh və təhlükəsizlik üçün vacibdir”,-deyə Z.Oruc fikrini yekunlaşdırıb.