YAP Ramiz Mehdiyev xəttindən QURTULDUMU? - GƏLİŞMƏ
Tarix: 10-03-2021, 10:23 | Çap et
YAP Ramiz Mehdiyev xəttindən QURTULDUMU? - GƏLİŞMƏ

Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayı gündəmdən düşmür. Hakim partiyada rəhbərlikdə ciddi dəyişikliklər baş verdi və yuxarı postlara bir çoxlarının gözləmədiyi isimlər çəkildi. Bu da diqqətlərdən yayınmadı.

YAP-ın bundan sonra hansı siyasət yürüdəcəyi müzakirələr sırasındadır. Digər siyasi partiyalarla, xüsusilə müxalifətlə əməkdaşlığa, danışıqlara meylli olub-olmayacaqları barədə bir çox suallar səslənir. Bu da səbəbsiz deyil. Belə ki, əvvəlki kurs müxalifəti inkaretmə üzərində qurulmuşdu - Prezident Administrasiyanın sabiq rəhbəri, AMEA prezidenti, YAP-da rəhbər Ramiz Mehdiyev xətti...

Bəs indi yeni xətt necə olacaq?

Son qurultayda YAP İdarə Heyətinin üzvü seçilən, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Yeni Azərbaycan Partiyasının 7-ci qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı: “Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası isə ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi. Partiyamızın sədri, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Ərazi bütövlüyümüz bərpa edildi. Beləliklə də istər xalqımızın, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında bir tarixi mərhələ geridə qaldı. Hazırda isə əldə etdiyimiz tarixi qələbəmiz yeni reallıqlar yaradıb və Yeni Azərbaycan Partiyası da elə bu reallıqlardan çıxış edərək özünün yeni fəaliyyət proqramını müəyyənləşdirərək yoluna davam etməkdədir.

Əlbəttə ki, yeni milli çağırışlar həm partiyanın struktural formasında, həm də kadr komplektləşdirilməsində yenilənmə tələb edirdi ki, bu da daha çevik və daha səmərəli fəaliyyətin təmin edilməsi zərurətilə bağlı idi. Partiyamızda baş verən bu dəyişiklər ilk növbədə, onun fəaliyyətinin funksionallığını daha da artıracaq ki, bu da bütövlükdə siyasi sistemimizdə yeni canlanma yaradacaq. Ona görə də Azərbaycan Prezidenti öz çıxışında siyasi islahatlar mövzusuna toxunaraq müxalifətlə dialoqun daha da dərinləşdirilməsi və daha geniş platformada davam etdirilməsinin zərurətini qeyd etdi. Bundan başqa, müstəqillik dövrü tariximizin obyektiv əsaslarda öyrənilməsi, gənc nəslin milli və vətənpərvərlik ruhunda tərbiyə edilməsi, böyük qayıdış adlandırdığımız milli vəzifənin yerinə gətirilməsi, ordu quruculuğu işinin davam etdirilməsi, bütün sahələrdə islahatların dərinləşdirilməsi və şəffaflığın daha da artırılması kimi məsələlərə toxundu. Bu prosesdə isə istər hakim Yeni Azərbaycan Partiyasının, istərsə də digər siyasi partiyalar və ictimai institutların fəal iştirakçılığı vacib şərtlərdən biridir. Sadaladıqlarımız isə ictimai-siyasi münasibətlərimizdə yeni keyfiyyət dəyişikliyi yaratmaqla ayrıca bir mərhələ təşkil edəcək. Bu yeni tarixi mərhələ isə siyasi sistemimizi təşkil edən və ən müxtəlif siyasi ideologiya və dəyərləri mənimsəmiş partiyaların dialoq, uzlaşma və milli maraqlar ətrafında birləşmə mərhələsi olacaq”.

Partiyanın Təftiş Komissiyasına seçilən deputat Elman Nəsirov YAP-ın qarşısına qoyduğu hədəflərə toxundu: “Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin qurultayda geniş, proqram xarakterli çıxışı oldu. Bu çıxışı oxuyan, dinləyən hər bir şəxs gördü ki, hakim partiya bundan sonrakı fəaliyyətində yeni hədəflər seçib. İlk növbədə, daha çevik, operativ olmaq, qəbul edilən qərarların icrasında dinamizmlik nümayiş etdirmək əzmindədir. Partiyanın nizamnaməsində, İdarə Heyətində, Təftiş Komissiyasında edilən dəyişikliklər belə bir qənaətə gəlməyə əsas verir. Partiya sədrinin I müavini vəzifəsinə hörmətli Mehriban xanım Əliyevanın təyin edilməsi artıq partiyanın bundan sonrakı fəaliyyətinin daha çevik olmasını şərtləndirən amillər sırasındadır. Eyni zamanda partiyanın Mərkəzi Aparatının rəhbərliyinə hörmətli Tahir Budaqovun gətirilməsi də çox mühümdür. O, təcrübəli kadrdır. İnsanlarla işləmə bacarığına malikdir. Təmiz imicə sahib bir şəxsin bu posta gətirilməsi hesab edirəm ki, nəticə etibarilə partiyanın bundan sonra olan fəaliyyətində uğurları təmin edəcək amil olacaq. Cənab Prezident vurğuladı ki, biz yeni tarixi dönəmə qədəm qoymuşuq və bu tarixi dövrü də biz yaratmışıq. Əvvəllər də biz buna nail olmuşuq. İndi də Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra yeni reallıq yaranıb. Bunun fonunda hakim partiyanın qarşısında yeni hədəflər dayanıb. İlk növbədə, ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən partiyalararası siyasi dialoq mühitinin daha da dərinləşdirilməsidir. Bilirsiniz ki, ölkəmizdə bu proses hələ Vətən müharibəsi başlamamışdan öncə start götürmüşdü. Dövlət başçısının təşəbbüsü ilə yaradılan Siyasi Partiyalarla və Qanunverici hakimiyyətlə əlaqələr şöbəsi bu istiqamətdə çox ciddi işlər görüb. Hörmətli Ədalət Vəliyevin rəhbərliyi altında ölkəmizdə 51 siyasi partiya sədri ilə çoxsaylı görüşlər keçirilib. Bu prosesdən yeganə qurum olaraq kənarda qalan, özünü təcrid vəziyyətinə salan Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Onlar da çox böyük iddialarla çıxış edirlər. Bu iddialar da özünün mahiyyəti etibarı ilə antimillidir. Vətən müharibəsində hər kəs şahidi oldu ki, ümummilli məsələdə partiyalar necə vətənpərvərlik, birlik nümayiş etdirirlər. Cənab Prezident hakim partiyanın sədri olaraq bu məsələləri ortalığa qoydu ki, bundan sonra da siyasi dialoq mühiti daha da dərinləşdirilməlidir. İqtisadi istiqamətdə də hakim partiya hədəflər seçib. Bu, ilk növbədə iqtisadiyyatda şəffaflığın yaradılması ilə bağlıdır. Monopoliya hallarına son qoyulması ilə bağlı məsələ də burada yer alır. Partiyamızın qarşısına qoyduğu əsas məqsədlərdən biri də işğaldan azad edilmiş ərazilərin bərpasında öz töhfəsini verməsi ilə bağlıdır. Bu da çox vacib məqamlardan biridir. Tarixi qələbəmizin əldə edilməsində şəhidlərimizin və qazilərimizin müstəsna xidmətləri var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfalar diləyirik. Cənab Prezident bu məsələni də önə çəkdi ki, şəhid ailələrinə dəstək göstərilməsində, eləcə də qazilərimizin problemlərinin həll edilməsində hakim partiyanın üzərinə də böyük işlər düşür. Yeni dövrə qədəm qoymuşuq və sözsüz ki, bu dövr hakim partiyadan yeni yanaşmalar ortaya qoymağı tələb edir. Partiyada ciddi yenilənmələr oldu. Bunun hər kəs şahidi oldu. Bütün bunlar da onu göstərir ki, hakim partiya özünü yeni hədəflərə hazırlayıb. Bunların həyata keçirilməsində bütün potensial imkanlara malikdir”.
“Yeni Müsavat”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net