Arif Hacılı 50 partiyaya qarşı... - Ölkədə siyasi dialoq formatı...
Ötən həftə hakim partiyanın qurultayında bir neçə siyasi təşkilat YAP-a qoşuldu. Müsavat Partiyasının başqanı Arif Hacılı isə qurultayda YAP-a qoşulanlar haqda danışarkən, aralarında vaxtilə birgə hökumətdə də təmsil olunduqları şəxslərin partiyasını da dolayısı aşağılayıb: “YAP-a adları xalqa məlum olmayan saxta partiyalar qəbul edilib, bu təşkilatların heç bir fəaliyyəti qeyd olunmayıb. Faydalı olar ki, Azərbaycanda mövcud olan 50-yə yaxın belə partiya YAP tərəfindən qəbul edilsin, belə ki, onların elan olunan məqsədləri Yeni Azərbaycan Partiyasının məqsədlərindən fərqlənmir”.
Aydındır ki, söhbət həm müharibə zamanı, həm ondan sonrakı dövrdə hakimiyyətlə dialoq qurmuş partiyalardan gedir, onlar YAP-ın sırasına qoyulur.
AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında digər partiyaların aşağılanmasını doğru hesab etmədiyini bildirdi: “Arif Hacılının fikirlərinə münasibət bildirmək istəmirəm. Xüsusilə son zamanlar bir çox məsələlərə çox qeyri-ciddi münasibət sərgiləyir. Amma ümumilikdə onu demək istəyirəm ki, müharibə dövründə 52 siyasi partiya rəsmi sənədə imza ataraq dövlətə, əsgərimizə dəstək oldu. Bu gün də biz həmin bəyanatın arxasında dayanırıq. Biz Milli İstiqlal Partiyası olaraq yarandığımız gündən dövlət maraqlarını və milli maraqları hər şeydən üstün tutacağımızı bəyan etmişik.
Siyasi partiyaları o şəkildə dolayısı və ya açıq şəkildə aşağılamaq cəhdini düzgün saymıram. Mən şəxsən o deyilən fikri, ümumiyyətlə, Milli İstiqlal Partiyasına aid etmirəm. Çünki AMİP ölkədə ilk dövlət qeydiyyatından keçən və ən aparıcı partiya olub, bu gün aparıcı partiyalardan biridir. YAP-a birləşən 6 partiyanın necə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq onların addımına hörmətlə yanaşıram. Heç bir partiyanı heç bir halda aşağılamaq və fəaliyyətinə kölgə salmaq olmaz”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, hər partiya hansısa partiyaya birləşməsi barədə qərarı özü verir və digər partiyaların onların qərarına müdaxilə eləməsi etik olmaz: “Partiyaların vəziyyətinin necə olmasına gəlincə, mənim fikirlərim qətiyyən Arif Hacılıya cavab kimi qəbul edilməsin, mən ümumi fikir bildirirəm. Ölkədə hazırda dövlət qeydiyyatında olan 56 siyasi partiyanın böyük əksəriyyətinin siyasi fəaliyyəti ya yoxdur, ya da çox zəifdir. Amma bu, o demək deyil ki, başqa hansısa super partiyalar var. Çoxpartiyalı sistemin adı var, reallıqda isə yoxdur. Dövlətlə dialoqda olmağı isə siyasi partiyanın hakimiyyət tərəfə keçməsi kimi təqdim etmək yanlışdır. Siyasi partiya dövlətlə ünsiyyətdədirsə, o demək deyil ki, o partiya hakim partiyaya qatılmalıdır. Kimlərsə yenə də ucuz söhbətlərlə gündəmdə qalmağa çalışırlarsa, zəifliyin əlamətidir. Partiya gücü ilə, fəaliyyəti ilə fərqlənməlidir. Biz heç kimi düşmən hesab etmirik, bütün partiyalarla əməkdaşlığa hazırıq”.
REAL-ın icra katibi Natiq Cəfərli isə bildirdi ki, bugünkü siyasi partiya mənzərəsi ölkədəki siyasi sistemin güzgüdəki əksidir: “Azərbaycanda proporsional seçki sistemi olsaydı, artıq cəmi 3-4 siyasi partiya var idi. Amma həmin partiyalar güclü partiyalar olacaqdı. Bizdə majoritar sistemdir və ona görə də formal olaraq 60-dan yuxarı siyasi partiya var. Ötən həftə bu rəqəm məlum hadisəyə görə 56-ya endi. Əgər biz ölkədə normal siyasi partiyaların fəaliyyət göstərməsini istəyiriksə, onun sayını heç kim müəyyən edə bilməz, nə biz, nə hörmətli Arif Hacılı. Bunu xalq seçkidə, özü də proporsional qaydada keçirilən seçkidə müəyyənləşdirməlidir. Bu seçki sistemi özü məcbur edəcək ki, partiyalar koalisiyalar qursun, partiyaların ideoloji fərqlilikləri üzə çıxsın, reytinqləri bəlli olsun. Proporsional seçki sisteminə keçsək və 3 faiz də baraj qoyulsa, zatən 56 partiyanın 40-ı öz-özünə bu barajdan kənarda qalıb silinib gedəcək. Lakin partiyaların sayını indiki vəziyyətdə hansısa partiyaya kütləvi birləşməklə azaltmaq məsələnin həlli yolu ola bilməz”.