Cənab Ali Baş Komandanımız iki cəbhədə öz Dəmir Yumruğunu göstərdi - Qarabağda və mediada
Vertikal.az: Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin müsahibəsini təqdim edir:
- Məhərrəm müəllim, Prezident İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümündə yerli və xarici media qurumlarını təmsil edən jurnalistlər üçün mətbuat konfransı keçirdi və bir çox sualları cavablandırdı, o cümlədən, sözügedən mətbuat konfransı dünyanın bir çox ölkələrində diqqətlə izlənildi. Siz mətbuat konfransı ilə bağlı hansı fikirlərinizi önə sürərdiniz?
- Öncə qeyd edim ki, Prezident İlham Əliyevin xarici media nümayəndələrinə verdiyi müsahibəsi ilk əvvəl Onun dünyanın diqqət mərkəzində olmasının, həyata keçirdiyi siyasətinə, həmçinin şəxsi nüfuzuna verilən yüksək qiymətin bariz göstəricisidir. Sualınıza gəlincə isə qeyd etmək istərdim ki, Prezident İlham Əliyev cənabları yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirərkən təcavüzkar Ermənistanın 30 ilə yaxın zaman ərzində havadarlarına arxalanaraq işğalçılıq siyasətini davam etdirdiyini, bunun nəticəsində məğlub vəziyyətə düşdüyünü, kapitulyasiya aktına imza atmasını, Azərbaycanın öz ərazi bütövlünün bərpası uğrunda apardığı 44 günlük Vətən müharibəsində hərbi-siyasi qələbəsinin Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdığını, dövlətimizin uğurlu, qətiyyətli siyasəti nəticəsində regional əməkdaşlığa böyük töhfələr verdiyini əsaslı şəkildə bəyan etdi.
Qeyd edilənlərlə yanaşı, dövlətimizin başçısı beynəlxalq auditoriyaya bir sıra digər önəmli mesajlarını da verdi ki, bu mesajlar dünya ictimaiyyətinə həm də bir çağırış oldu. Çağırış oldu ki, haqq və ədalət uğrunda aparılan mübarizə mütləq şəkildə zəfərlə nəticəsini tapır – hətta düşmənin işğalçılıq maraqlarını müdafiə edənlər nə qədər cəhdlər göstərsələr də belə... Yəni bu, əməli qaydada öz təsdiqini tapmış oldu. Bu mübarizədə sarsılmaz vəhdətə çevrilən Xalq-İqtidar-Ordu birliyi elə bir möhkəm dayaqlara söykəndi ki, həmin dayaqları heç bir qüvvə sarsıtmaq imkanına, gücünə malik ola bilməzdi. Əslində biz, bu əzmi Prezident İlham Əliyev cənablarının bəhs etdiyimiz mətbuat konfransının 4 saatdan artıq müddətində sərgilədiyi səbr və təmkinində də müşahidə etdik. Dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualını dəqiqliklə, məntiqlə, faktlar əsasında cavablandıran dövlət başçımızın bu təmkini əlbəttə ki, diqqətdən kənarda qalmadı və bu amil jurnalistlər tərəfindən həqiqətən də heyranlıqla qarşılandı, etiraf olundu. Bəli, məhz bu mətbuat konfransında da sübut olundu ki, qalib və güclü Azərbaycan dövlətinin, xalqının əzəmətli, qətiyyətli Lideri, Müzəffər Sərkərdəsi var!
- Cənab general-polkovnik, biz bu kimi faktorları informasiya müharibəsində də əldə edilən qələbə kimi qiymətləndirə bilərikmi?
- Bu, birmənalıdır! Yeri gəlmişkən, daha bir mühüm məqama da toxunmaqla qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsi dövründə cənab Prezident İlham Əliyev eyni zamanda Ali Baş Komandan kimi demək olar ki, dünyanın 30-dan çox aparıcı və nüfuzlu media qurumlarına geniş tərkibli müsahibələr verdi və yüksək maraqla izlənən bu müsahibələrin hər biri, həmçinin düşmənlə aparılan informasiya müharibəsində qalibiyyət simvoluna çevrildi. Təsəvvürünüzə gətirin, müharibə aparan bir ölkənin dövlət başçısı ağır iş rejimi və qrafiki olmasına baxmayaraq, mediaya xüsusi diqqət göstərdi. Belə ki, düşmənə cəbhədə verilən layiqli cavablar media məkanında da verilirdi. Deyərdim ki, Ali Baş Komandanımız iki cəbhədə öz "Dəmir Yumruğ"unu göstərdi - Qarabağda və mediada və hər iki cəbhədə də qətiyyətli qələbə qazandı.
Söz yox ki, dövlətimizin başçısı buna qədərki dövr ərzində, daha dəqiq desək, 10 noyabr Bəyanatından sonrakı atəşkəs müddətində də düşmənə xatırlatdı ki, əgər hər hansı bir təxribata, pozuntulara yol verilərsə, cavab əvvəlkindən də ağır olacaq. Bu baxımdan, cənab Ali Baş Komandan İlham Əliyev qarşıda dayanan məsələlər barədə verilən suaları da cavablandırarkən vurğuladı ki, Ermənistan tərəfi yeni reallıqlarla barışmalı, bizimlə hesablaşmalı, sülh və əminamanlığı bərpa etməklə regionun inkişafından bəhrələnməlidir. Bu gün Ermənistanın yalnız iqtisadi, soasial deyil, həm də hərbi-siyasi böhran içində olması, ölkə daxilində hərc-mərcliklərin davam etməsi, eləcə də keçmiş hakimiyyətdən olan revanşistlərin yenidən iqtidara can atmaları 10 noyabr Bəyanatının pozulmasına yönəlmiş addımlardır və Ermənistan Bəyanatının müddəalarını icra etməzsə, onlar üçün əvvəlkindən də böyük problemlərin yaranmayacağına kimsə zəmanət verə bilməz.
- Məhərrəm müəllim, Prezident İlham Əliyev müsahibəsi zamanı “Hər bir işin öz vaxtı var” ifadəsini işlətdi. Sizcə dövlətimizin başçısı bu fikri ilə qarşıda görüləcək daha hansı işlərin, dayanan planların anonsunu vermiş oldu?
- Mən Prezident İlham Əliyev cənablarının daha bir ifadəsini də xatırlatmaq istərdim. O, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, deyə bəyan etdi, məhz bu fikirlərini önə sürməklə vurğuladı ki, Azərbaycan dövləti yalnız xalqı ilə hesablaşır, xalqın maraqlarından çıxış edir. 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusu 30 ilə yaxın dövrdə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların 30 ildə edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi. Buradan isə belə bir nəticə hasil etmək olar ki, vaxt, zaman hər bir hadisənin düzgün istiqamətləndirilməsində və qiymətləndirilməsində hakimlik rolunu oynayır. Cənab Prezident mətbuat konfransında bu günümüz və gələcəyimiz üçün bir çox əhəmiyyətli mesajlarını verdi və onların hər biri ayrı-ayrılıqda özünəməxsus dəyərləndirmələri ilə seçilir. Hesab edirəm ki, Prezident İlham Əliyev cənabları əsas reallığı dünyaya bəyan etdi ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin əhəmiyyəti yalnız ərazilərimizin, ərazi bütövlüyümüzün bərpası ilə başa çatmayıb, bu qələbə Azərbaycanın dünyadakı yerini və rolunu daha da möhkəmləndirib.
- Ümumuilikdə post-müharibə dövründə həyata keçirilən işlər barədə nə deyə bilərdiniz?
- Söz yox ki, müharibədə qazandığımız qələbədən sonra qarşıda bizləri böyük miqyaslı işlər gözləyir və onlar barədə ayrı-ayrılıqda danışmaq lazımdır. Hərbçilərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün reallaşdırılan tədbirlər də bu xüsusdandır. Məlum olduğu kimi, post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib. Eyni zamanda, işğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub və bu əlavələr yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir. Bu kimi önəmli qərarın verilməsi ilk növbədə hərbi mükəlləfiyyətli insanlarımızın sözügedən ərazilərdəki fəaliyyətləri dövründə müxtəlif sosial çətinliklərlə qarşılaşmamaları, habelə həyati təminatlarının yüksək səviyyədə olmalarına hesablanıb.
Daha bir önəmli amillərdən biri də Prezident İlham Əliyevin 8 fevral 2020-ci ildə imzaladığı fərmanına əsasən yaradılmış YAŞAT Fondunun fəaliyyətidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək göstərmək məqsədi ilə yaradılan YAŞAT Fondu artıq yüzlərlə qazilərimizə, şəhid ailələrimizə davamlı dəstəyini göstərməkdədir.
Mən istər Vətən müharibəsi, istərsə də müharibədən sonrakı dövr ərzində Heydər Əliyev Fondunun da həyata keçirdiyi möhtəşəm işlər barədə danışmaq istərdim. Məhz Fondun rəhbəri, ölkəmizin Vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi və təşəbbüsü ilə Vətən müharibəsində yaralanmış hərbçilərimizin müalicələri, protezlərlə təmin olunmaları, nüfuzlu hərbi hospitallara göndərilmələri, şəhid ailələri ilə davamlı təmasların saxlanılması, onların sosial-məişət həyatlarının təminatı, şəhid övladlarının yüksək təhsil almaları üçün yaradılan şəraitlər və s. əməli tədbirlər bizləri qürurlandırır.
Lakin post-müharibə dövrünün əsas vəzifələrindən biri də işğaldan azad edilmiş torpaqlarımız da daxil olmaqla regional iqtisadi gücün, imkanların genişləndirilməsi ilə bağlıdır. Çünki bildiyimiz kimi, Prezident İlham Əliyev cənabları azad olunmuş ərazilərimizə səfərləri zamanı bu barədə kifayət qədər müfəssəl, ətraflı və qətiyyətli bəyanatlarını səsləndirib. Bizə dost olan ölkələrin nəhəng şirkətlərini dağıdılmış torpaqlarımızın bərpasında, inzibati-sosial və yol-nəqliyyat infrastrukturların yaradılmasında iştirak etməyə dəvət edib. Əlbəttə ki, belə bir məqamda qarşımızda dayanan ən əsas məsələ Naxçıvana açılan Mehri dəhlizinin istifadəsinin həyata keçirilməsi faktorudur. Çünki bu məsələdə bizə daim dəstək olan qardaş Türkiyə dövlətinin də maraqları var və nəzərə alarsaq ki, bu gün hər iki ölkənin əsas siyasi və milli dövlətçilik tezisi “Bir millət iki dövlət” kəlamına söykənir, bu zaman onun həm də böyük Türk dünyası üçün mahiyyətinin nə qədər əhəmiyyətli olduğunu bir daha görmüş olarıq.
Bütövlükdə isə Azərbaycan dövləti və xalqı Vətən müharibəsində əldə etdiyi zəfəri ilə Cənubi Qafqazda yeni çağırışlara imza atmış oldu. Artıq İpək Yolunun daha geniş müstəvidən – azad olunmuş Qarabağımızdan da keçməsi qarşıdakı iqtisadi imkanlarımızı nəhəng miqyaslara doğru yönəldir.
- Məhərrəm müəllim, müsahibənizə görə minnətdarıq.
- Siz də sağ olun, minnətdaram. //trend.az//