MM-də Cibuti deputatları ilə birgə Xocalı soyqırımına həsr olunmuş videokonfrans keçirilib
Bu gün Milli Məclisdə Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təşəbbüsüylə Cibuti Respublikası Milli Assambleyasının deputatları ilə birgə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, onlayn formatda keçirilən konfransa Azərbaycanın Cibutidə akkreditə olunmuş Efiopiyadakı səfirliyinin və Cibutinin Moskvadakı səfirliyinin nümayəndələri də qoşulublar.
Görüşdə Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliabbas Salahzadə nəzərə çatdırıb ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərini işğal edərkən mülki əhaliyə qarşı soyqırımı həyata keçiriblər. Cibuti Respublikası Milli Assambleyasının 2017-ci il yanvarın 11-də Xocalı soyqırımına ədalətli hüquqi-siyasi qiymət verən qətnamə qəbul etdiyinə diqqət yönəldən Ə. Salahzadə soyqırımın dünya birliyi tərəfindən tanınması yolunda bu sənədin çox mühüm addım olduğunu vurğulayıb. Həmin qətnamə Xocalı soyqırımının tanınmasında parlament meyarının tətbiq olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Görüşdə Cibuti parlamentarlarına məlumat verilib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğala 2020-ci ilin 10 noyabrında son qoyulub.
Videokonfransda Cibuti parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Safia Elmi Cibril ölkəsinin Prezidentinin və Milli Assambleya sədrinin, həmçinin bütün deputatların salamlarını azərbaycanlı həmkarlarına çatdırıb. Vurğulayıb ki, Cibuti Respublikası həm parlament, həm də hökumət səviyyəsində Azərbaycanı dəstəkləyir: "Ölkə və xalq olaraq hər zaman Azərbaycanın yanındayıq. 44 günlük Vətən müharibəsində qazandığınız Zəfəri təbrik edir, şəhidlərinizə Allahdan rəhmət diləyirik. Çox sevinirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi".
Cibuti Milli Assambleyasının deputatı Əhməd Həsən Məhəmməd Azərbaycanla həmrəyliklərindən söz açıb. ibuti Milli Assambleyasının deputatı Abdullah Barkat İbrahim əlaqələrimizin daha da möhkəmlənməsini, əməkdaşlığın genişlənməsini istədiklərini bildirib. Qeyd edib ki, bunun üçün böyük perspektivlər var.
Görüşdə pandemiya şəraitinin çətinliklərindən, dünya miqyasında iqtisadiyyata dəyən zərərdən, insan tələfatından da bəhs olunub. COVİD-19 infeksiyasına qarşı ölkələrin birgə mübarizə aparmasının vacibliyi qeyd edilib. Söhbətdə ölkələrimiz arasında təcrübə mübadiləsinin faydalı olacağına əminlik ifadə olunub, qarşılıqlı dəvətlər səslənib. Azərbaycanın nəqliyyat sahəsində Cibutiyə dəstək verməsi minnətdarlıqla qeyd edilib.
Görüş zamanı Milli Məclisin deputatları Vüqar İsgəndərov, Anar Məmmədov və Emin Hacıyev bir sıra mühüm məqamlara toxunublar. Bildirilib ki, deputatlarımız ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərindən, Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimizdən, parlamentlərimiz arasında post pandemiya dövründə qarşılıqlı səfərlərin intensivləşməsi vacibliyindən danışıblar. Bakı limanı ilə Afrikanın strateji əhəmiyyətə malik Cibuti limanı arasında, ölkələrimizin kənd təsərrüfatı və digər sahələrində əməkdaşlığın genişləndirilməsinin faydalı olacağı qeyd edilib.
Cibuti deputatlarının nəzərinə çatdırılıb ki, fevralın 26-da hər il dünyanın bir çox ölkələrində qeyd olunan “Xocalıya ədalət!” kampaniyasına Cibutinin də qoşulması və bu kampaniyanı dəstəkləməsi arzu ediləndir.
Videokonfransda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.