Parlament partiyalarına ayrılan büdcə vəsaiti - VHP məbləğdən narazıdır, qalanlar razı...
Tarix: 17-02-2021, 10:14 | Çap et
Parlament partiyalarına ayrılan büdcə vəsaiti - VHP məbləğdən narazıdır, qalanlar razı...

2021-ci ilin birinci rübü üzrə 10 siyasi partiyaya dövlət büdcəsindən vəsait ödənilib. Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Ana Vətən Partiyası (AVP), Demokratik İslahatlar Partiyası (ADİP), Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Böyük Quruluş Partiyası (BQP), Vəhdət Partiyası (VP), Respublikaçı Alternativ Partiyası (ReAl) və Milli Cəbhə Partiyasıdır. Partiyalara ümumilikdə 857,5 min manat məbləğində vəsaitin köçürüldüyü bildirilib.

Qeyd edək ki, siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində ümumilikdə 4 milyon manat vəsait nəzərdə tutulub.

Parlamentdə təmsil olunan həmin partiyalar mandat qazanan millət vəkillərinin sayına müvafiq olaraq vəsait alıblar. Ən yüksək məbləğdə ödəməni VI çağırış Milli Məclisdə 70 nəfər deputatla təmsil olunan hakim Yeni Azərbaycan Partiyası qəbul edib.

Vətəndaş Həmrəyliyi Partiyası parlamentdə 3 deputatla təmsil olunduğuna görə, ən çox vəsaiti alan müxalifət partiyası olub.

VHP sədrinin müavini Samir Əsədli Modern.az-a açıqlamasında bildirib ki, partiyaya ayrılan məbləğ 40 min manatdan artıqdır:

“Birinci rüb üçün dövlət büdcəsindən partiyamıza ödənilən məbləğ təxminən 40 min manatdan çoxdur, lakin düşünülənin əksinə ikiqat vəsait deyil. Onu da qeyd etməliyəm ki, ötən ilki ödəməyə nisbətdə bu il bizə ayrılan vəsaitdə azalma var. Tam məbləği deyə bilmərəm”.

Samir Əsədli söyləyib ki, VHP-yə ayrılan vəsaitin böyük əksəriyyəti Aparat əməkdaşlarının maaşının ödənilməsinə xərclənəcək:

“Həmçinin sosial ödənişlər, dəftərxana, ofis-təsərrüfat xərcləri də bu vəsait hesabına təmin ediləcək”.

İlk dəfə Milli Məclisdə təmsil olunmaq hüququ qazanan Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirib ki, partiyaya aylıq 14 min manatdan bir qədər artıq vəsait ayrılıb:

“Ümumilikdə birinci rüb üçün 45 min manata yaxın vəsait hesabımıza yatırılıb. Bu vəsait əmək haqlarının verilməsinə, təşkilatı məsələlərə və s. ödəniləcək. Partiyanın gücləndirilməsi, yeni şöbələrin yaradılması və üzvlərin birlik və bacarıqlarının artırılması üçün hansısa kurslara ehtiyac olacaqsa, həmin vəsaitdən istifadə oluna bilər. Ümumilikdə bütün vəsait ancaq partiyanın güclənməsinə və təşkilatlanmasına sərf ediləcək”.

Milli Məclisdə bir deputatla təmsil olunan və ilk dəfə mandat qazanan digər partiya Respublikaçı Alternativ Partiyası (ReAl) da dövlət büdcəsindən təxmini bu qədər vəsait alıb. ReAl-ın icra katibi Natiq Cəfərli söyləyib ki, partiyaya aylıq 14 min manata yaxın vəsait verilib:

“Bunu rüblük hesabladıqda 43 min manatadək pul deməkdir. İlkin toplantıda aldığımız qərar budur ki, vəsaiti yeni xidmət işçilərinin cəlb olunmasına, elmi, siyasi araşdırmalara, sorğulara yönləndirək. Bəzi ofis xərclərimiz bu vəsaitlə qarşılanacaq. İdarə heyətinin toplantısını keçirib, xərc istiqamətlərini daha dəqiq müəyyənləşdirəcəyik”.

Onu da qeyd edək ki, Milli Məclisdə təmsil olunan digər 6 partiyaya da (AVP, ADİP, ADMP, BAXCP, BQP, VP) hər birinə 43 min manatadək rüblük vəsait ayrılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net