Deputat “Azəriqaz”la bağlı şikayətlərdən yazdı: - “Qərara gəldik ki, 15 nəfərlə danışaq...”
Tarix: 11-02-2021, 16:23 | Çap et
Deputat “Azəriqaz”la bağlı şikayətlərdən yazdı: - “Qərara gəldik ki, 15 nəfərlə danışaq...”
“Son günlər mənə “Azəriqaz”la bağlı çoxlu müraciətlər daxil olub. Söhbət yeni sayğacların daha çox pul yazmasından gedir. Söhbət əsnasında öyrəndim ki, bir çox deputatlara, o cümlədən həmkarım Rüfət Quliyevə də oxşar sorğular edilib. Hörmətli Rüfət müəllim dünən açıqlama ilə çıxış edib. Belə qərara gəldik ki, yenidən hər birimiz 15 nəfərlə danışaq və ümumi nəticəni bölüşək”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

“Bunları bölüşmədən qeyd edim ki, mənim “Azəriqaz” rəhbəri hörmətli Ruslan Əliyevlə bir neçə dəfə təmasım olub və bu məsələləri onun nəzərinə çatdırmışam. O, mənə bir çox video və açıqlamalar göndərib. Bir çox videolarda şikayətçilər qəbul edilir və onların iştirakı ilə sayğaclar yoxlanılır. Belə deyim ki, Ruslan Əliyev dövlət qurumları içərisində sorğulara həssas yanaşan vəzifəli şəxslərdən biridir. Bilirsiniz ki, kimliyindən asılı olmayaraq, haqq bildiyimi dilə gətirirəm, amma bu məsələdə vəziyyət fərqlidir”,-R.Nurullayev belə deyib.

Deputat qeyd edib ki, qərəzli və birtərəfli olmaq doğru deyil:

“Şikayətin əsasında fakt da olmalıdır. Fakt necə ortaya qoyula bilər? Məsələn, deyək ki, siz keçən ilin yanvar ayında smart sayğacla 30 gün üçün məlum bir məbləğ ödəmisiniz. İndi isə 2021-ci ilin yanvar ayında mexaniki sayğacla 30 gün üçün fərqli məbləğ ödəmisiniz. Bu, ya çox, ya da azdır və faktlardan biri ola bilər. Mən çox insanla təmas qurmuşam, hörmətli Rüfət müəllimin də köməkçisi 15 nəfərlə eyni məsələni müzakirə edib. Rüfət müəllimin sorğusunda ya şikayətçi olmayıb, ya da sosial şəbəkələrdən belə bir problemi oxuduğunu deyib. Mənim təmas qurduğum adamlar içərisində mənə müqayisəli ödəniş çeki göndərən olmadı. Məndə belə bir fikir yarandı ki, abonentlər smart sayğaca ödənişlə qaz istifadə edib. Yəni ödənişin məbləğindən asılı olaraq 10 gün, 20 gün və ya bir neçə ay istifadə edib. Mexaniki sayğacda isə vaxt məhdudiyyəti yoxdur. Sərfiyyata görə çek yazılır. Onun üçün də ehtimallarımdan biri budur ki, problem məhz qazdan istifadə günlərinin sayındadır”.

R.Nurullayev vətəndaşlarla müraciət edərək deyib: “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var. Siz şikayətlərinizlə bağlı ora da müraciət edə bilərsiniz. Bir də “Azəriqaz” rəhbərliyindən aldığımız məlumat belədir:

“Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində dünyanın qabaqcıl texnologiyalarına əsaslanan müasir avadanlıqlarla dövlət yoxlanışı icra edilir. Bu yoxlanış prosesi isə Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin müşahidəsi, Azərbaycan Metrologiya İnstitutunun mütəxəssislərinin nəzarəti altında şəffaf şəkildə həyata keçirilir”. Bir də "Azəriqaz"ın bu məlumatından istifadə edin: “Bütün bunları nəzərə alaraq, bir daha qaz sayğacları barədə yanlış fikirləri paylaşanlardan xahiş edirik ki, qarşıdakı həftələrdə (hər həftənin 2 və 4-cü günləri saat 14:00-dan 17:00-dək) davam edəcək “Açıq qapı” günlərinə gəlsinlər. Bu proseslə yaxından tanış olsunlar. Biz “Azəriqaz” İstehsalat Birliyi olaraq müzakirələrə həmişə hazırıq”. Xahiş edirəm ki, müraciət edən zaman konkret faktları da göndərin. Fakt, sübut və dəlil olmadan bizim də edə biləcəklərimiz çox məhduddur və sübutsuz dövlət orqanını da hədəfə almaq doğru deyil”.
Cebhe.info




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net