“Hər bir müharibədə qalib və məğlub olur. Sözsüz ki, Ermənistan üçün bu cür məğlubiyyət dəhşətli zərbədir. Belə bir vəziyyətdə xüsusilə də radikal təfəkkür sahibləri düşmən axtarışına çıxırlar. Lakin öz səhvlərini etiraf etmək, baş verənlərin daxili problemlərlə bağlı olduğunu dərk etmək üçün düzgün siyasi təfəkkür olmalıdır”.
Bunu “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert Vladislav Şurıgin bildirib.
O, Ermənistan hökumətinin Qarabağ hadisələrinə Rusiyanı da cəlb etmək niyyətində olduğunu qeyd edib: “Ermənistan cəmiyyəti on illər ərzində hər hansı hadisə olsa, Rusiyanın onların köməyinə gələcəyi fikrilə yaşayıb, buna öyrəşib. Lakin bu məsələdə Rusiya hər iki tərəfə siyasi dəstək verdi, heç bir tərəfi tutmadı. Bununla yanaşı, Qarabağ məsələsinin həllinin vacibliyini də aydın şəkildə dilə gətirdi. Rusiya hər iki tərəfi danışıqlar masasına əyləşdirmiş bir vasitəçi oldu. Ekstremistlərin iddiaları isə güzgüyə baxmağı bacarmayan şəxslərin iddiasıdır”.
Qarabağ müharibəsinin nəticələrini şərh edən ekspertin fikrincə, Prezident İlham Əliyev görkəmli siyasi xadim olduğunu sübut edərək sülh danışıqlarına getməyi bacarıb: “Bu müharibədə Paşinyan çox zəifləyib. Lakin onu əvəzləyəcək kimsə də yoxdur. Hərçənd başqası gəlsə də, müharibənin nəticələri dəyişməyəcək”.