Ermənistan yanlış seçimə sürüklənir - hərb, yoxsa sülh dilemması zorla gündəmə gətirilir
Tarix: 22-12-2020, 09:42 | Çap et

Erməni xalqı yenəmi avantüristlərin ardınca gedəcək? Rusiyalı politoloqdan xəbərdarlıq: “Yeni müharibə ölkənin sonu olacaq...”
44 günlük müharibədə acınacaqlı məğlubiyyətə tuş gələrək, kapitulyasiya sənədinə imza atan Ermənistanda vəziyyət mürəkkəb olaraq qalır. Bu da müstəsna olaraq, hərbi məğlubiyyətə bağlı siyasi kəsimin və ictimaiyyətin fərqli dəyərləndirmələri ilə bağlıdır. Halbuki hər şey 2 x 2 qədər bəsit olmalı idi.

Yəni Ermənistan dövlət və cəmiyyət olaraq, nəhayət, normal ölkələr, normal xalqlar kimi inkişaf yoluna çıxmaq istəyirsə, təcili şəkildə qalib tərəflə - Azərbaycanla sülh müqaviləsi imzalamalı, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü qeyd-şərtsiz tanıdığını bəyan eləməlidir. Necə ki, 1945-ci ilin yazında məğlub Almaniya bu yolu tutdu və tərəqqiyə qovuşdu.
Ermənistan yanlış seçimə sürüklənir - hərb, yoxsa sülh dilemması zorla gündəmə gətirilir
10 noyabr üçtərəfli sənədin mahiyyəti də məhz bunu diktə edir. İşğalçılıq məfkurəsinin davam etməsi erməni xalqına yaxşı heç vəd eləmir və edə də bilməz. Əfsuslar olsun ki, belə bir gerçəyi soyuq başla qəbul edən ermənilər çoxluqda deyil. Azərbaycanla Ermənistan arasında müharibə sonrası labüd olan sərhəd demarkasiyasına qonşu ölkədə verilən isterik reaksiya buna bariz sübutdur.

Sanki bu millət özünə problem yaratmaqdan, əzab çəkməkdən zövq alır, ağrı-acı, itki verməyi sevir. Belə ki, yenə ölkəmizə qarşı ən müxtəlif səviyyədə sərsəm ərazi iddiaları, hətta yeni müharibə çağırışları səslənir - baxmayaraq ki, Ermənistan adlı qondarma və yoxsul dövlətin özünə gəlməsi və ala-babat ordu qurması üçün hələ uzun on illər lazımdır.

Bundan əlavə, deyəsən, Ermənistanda Azərbaycanın öz qanuni torpaqları ilə bağlı hansı kompromissiz mövqedə olduğundan xəbərdar deyillər. Bu da ondan ibarətdir ki, biz bundan sonra bir qarış ərazimizin belə Ermənistanın nəzarətində qalmasına imkan verməyəcəyik - istər Qarabağda olsun, istərsə də sərhəd bölgələrində. Özü də ədalətin bərpası qısa zamanda təmin ediləcək, yenə illərlə gözləyəsi deyilik. Bu xüsusda Rusiya da bu xain qonşuya kömək edə bilməyəcək...
Ermənistan yanlış seçimə sürüklənir - hərb, yoxsa sülh dilemması zorla gündəmə gətirilir



Rusiyalı politoloq Qriqori Trofimçuka görə, artıq hər kəsə aydın oldu ki, Azərbaycan indiki müvəqqəti vəziyyətə dözməyəcək və bütün Qarabağı yalnızca sözdə deyil, istisnasız olaraq özünə aid bilir: “Buna görə də prinsipcə Azərbaycan üçün mübahisəli kənd yoxdur”.

Politoloq təəssüflə qeyd edir ki, “müharibə bitdi” anlayışını Ermənistanda heç də hər kəs anlamır, ancaq burada hansısa illüziyaya yer qalmamalıdır. “Məsələn, Azərbaycan özü hərbi fazanı bitmiş saydığını və məsələni başqa üsullarla həll etmək niyyətində olduğunu açıq bildirib. Demək olar ki, Paşinyan istisna olmaqla, bütün Ermənistan tərəfi güc toplayaraq, yaxın gələcəkdə ”itirilmiş" əraziləri “geri almağa” hazır olduğunu bəyan edir. Bu isə açıq-aşkar revanşizmdir", - deyə ekspert vurğulayıb.

“Yeni müharibə Ermənistanın birdəfəlik sonu olacaq”.

Ermənistan yanlış seçimə sürüklənir - hərb, yoxsa sülh dilemması zorla gündəmə gətirilir

İqor Korotçenko

Bunu isə digər rusiyalı siyasi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko telegram kanalında yazıb.

“Erməni cəmiyyəti intiqam alma cəhdlərini əbədi olaraq unutmalı və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkənin qurucu inkişafına diqqət yetirməli, Qaregin Njdenin millətçi ideologiyasından imtina etməlidir. Ermənistanın başqa ərazisi yoxdur və heç vaxt da olmayacaq”.

Onun sözlərinə görə, Ermənistanın ən birinci Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri qurmasına və regional iqtisadi layihələrə daxil edilməsinə ehtiyacı var. “Yalnız quruculuq və sülh Ermənistana inkişaf şansı verəcək, yeni müharibə xəyalları isə onu son və qəti bir geosiyasi fəlakətə aparacaq”, - deyə rusiyalı analitik xəbərdarlıq edib.

*****

Bu arada bəzi erməni aydınları da Ermənistanda müharibənin nəticələrinə münasibətdə hökm sürən yanlış dəyərləndirmələrin dağıdıcılığı haqda SOS siqnalları verməkdə, erməni xalqını bundan dolayı gözləyən yeni fəlakətlər barədə xəbərdar etməkdədirlər.

“İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra da Ermənistan miflərin ağuşunda qalmaqda davam edir - özünün vaxt və resurslarını revanşizm xəyallarına boşuna xərcləməklə”.

“Yeni Müsavat” xəbər verir ki, bunu erməni siyasi analitik, ABŞ-dakı Lixaysk Universitetinin professoru Armen Qriqoryan Media.am-a verdiyi müsahibədə öz xalqının üzləşdiyi bəlaların səbəblərindən danışarkən bildirib.

Onun sözlərinə görə, erməni mediası millətçi mifləri təşviq etməyə görə tam məsuliyyət daşıyır, bu miflərin yaradıcılarına son dərəcə dözümlü və dəstək olmaqla, onlara narahat suallar verməməklə: “Ermənistanda televiziya xəbərləri 2000-ci ildən - özəl informasiya televiziya kanalı ”A1 Plus"un yayımı dayandırıldıqdan sonra ən ciddi nəzarət altındadır", - deyə o qeyd edib.

Ermənistan yanlış seçimə sürüklənir - hərb, yoxsa sülh dilemması zorla gündəmə gətirilir

Armen Qriqoryan

Analitik erməni miflərini belə sıralayıb: “Uydurma erməni milli ideologiyası; ”bir qarış da torpaq verməmək" prinsipi: bu prinsipin tərəfdarlarının iddiasına görə, qələbə və məğlubiyyət yalnız insanın niyyətindən asılıdır; ermənilərin irqi üstünlüyü barədə Njdeizm ideologiyası; Ermənistan ordusunun yenilməzliyi haqda, “Azərbaycanın zəifliyi” barədə, Rusiyanın ermənilərə qeyd-şərtsiz dəstək verməli olması haqda miflər; tarixi, qədim Ermənistanın bütün ərazisi üzərində Ermənistanın suverenliyinin bərpasını nəzərdə tutan “erməni məsələsi”".

Sözünə davam edən erməni professor deyib: “İstənilən ağlı başında olan insana bu məqsədlərin sərsəm xarakteri və heç vaxt reallığa çevrilmək şansının olmadığı aydın olmalıdır. Di gəl, Ermənistanda buna şübhə edənləri dərhal ”tarixi ədalət"ə yönləndirən, guya bu ideologiyanın hansısa siyasi əhəmiyyəti olduğuna inandırmağa çalışan bütöv bir təbliğat şəbəkəsi qurulub. Onlar reallığın obrazını yaradıblar. Bu isə reallığın özünü deyil, onların istək və qərəzlərini əks etdirir".

Jurnalistin Ermənistan cəmiyyətində erməni mifləri mövzusunda demək olar, heç zaman mübahisələrin getmədiyi barədə replikasına cavab olaraq erməni ekspert deyib: “Orada mif və doqmaların faş edilməsi zamanı rasional arqumentlərin gətirilməsi elə bir metafizik səs-küylə qarşılanır ki, onu praktik olaraq, nə rədd eləmək, nə də mübahisələndirmək mümkünsüz olur. Məsələn, siz bir erməni vətənpərvərinə izah etməyə çalışırsınız ki, ölkənin ambisiyaları ilə imkanları ilə uyğun gələ bilməz, o isə cavabında Qaregin Njdedən sitat gətirir ki, bəs qələbə onu qəlbində gəzdirəni gəlib tapır. Beləcə, bizim bütün siyasi mübahisələrimiz pafoslu idiotizmdən yoğurulub və bu da erməni xadimlərinin çıxışlarındakı bütün rasional və ağıllı məqamları sıxışdırıb çıxarıb”.

Erməni əsilli amerikalı ekspert hesab edir ki, cəmiyyətin müəyyən dairələri ideoloji və mədəni ambisiyaları qızışdırmaqda maraqlıdır: ““Erməni məsələsi” biznesdir, bir çox insanın iqtisadi rifahının dayanıqlılığının asılı olduğu intellektual və mədəni plastdır. O səbəbdən bu ideologiyadan möhkəm yapışıblar. Ancaq bu biznes çox aşağı keyfiyyətli “məhsul” istehsal etdiyindən, həmin “məhsulun” həyatda qalması yalnız heç bir rəqabət olmadıqda mümkün ola bilər. Ona görə də bu ideoloqlar istənilən fərqli fikrə, rəqabətlə bağlı hansısa eyhama qarşı belə, çox dözümsüz və qəddardırlar. Bu səbəbdən onlar elmi və intellektual mübahisələrə xas oyun qaydaları ilə oynamırlar".

Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür - BBC Azərbaycanca

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə gəlincə, Qriqoryana görə, əvvəllər rəhbər tutulan ideya və doqmalar darmadağın olduğundan, onlardan imtina edilmənin vacibliyi başa düşülməli idi: “Məğlubiyyətlər daşlaşmış institutların, təşkilatların və bürokratik sistemlərin təməllərini sarsıdır - hansı ki, bu ideya və arzuların qoruyucusu kimi çıxış edir”.

Lakin erməni professoru millətçi miflərin Ermənistanda və dünyadakı erməni diasporlarında hələ ki, çox güclü olduğunu təəssüflə vurğulayır. “Bu miflər nəhəng maliyyə inyeksiyalarından qidalanır. Sürətli mənimsəmə üçün isə miflər erməni xalqına emosional şəkildə təqdim olunur. Miflərin əleyhdarları üçün qat-qat çətindir. Və nə qədər ki, institutların və fondların mexanizmləri millətçi mifologiyanı yayanların əlində cəmləşib, erməni xalqı ona sırınan ideologiyanın yenidən dərki fürsətini əldən verə bilər. Hansı fürsəti ki, müharibədəki məğlubiyyət yaradıb”, - deyə erməni analitik öz millətini xəbərdar edib.

*****

Məsələ də ondadır ki, erməni toplumu tam olaraq, bu fürsəti düzgün olaraq dəyərləndirməkdən hələ ki uzaqdır. Bu isə Ermənistanda ultraradikal, faşist və avantürist qüvvələrə yenidən meydan verə, nəticə etibarilə əksər təhlilçilərin xəbərdarlıq etdikləri kimi, erməni xalqını növbəti və daha böyük fəlakətə tuş edə bilər.

Bəs ermənilər heç olmasa, öz ağıllı soydaşlarının çağırış və xəbərdarlıqlarına məhəl qoyacaqmı, yoxsa yenə də “revanş” yanğısı ilə avantüristlərin ardınca gedəcək və bununla da özünəqəsd yolunu tutacaqlar? Cavab çox yaxında bilinəcək...

Siyasət şöbəsi




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net