Ermənistanın Kollektiv Təhlükəsizlik Əməkdaklış Təşkilatının üzvü kimi Rusiyadan özünə siyasi və hərbi dəstək almaq istəyi günü-gündən suya düşür.
Bunu Rusiya prezidenti Vladimir Putinin “VTB Kapital”ın “Rusiya çağırır!” investisiya forumunun plenar iclasındakı çıxışlarına nəzər yetirdikdə də görmək olar.
Putinin həmin çıxışı bir neçə məqamlara aydınlıq gətirmiş oldu. Əvvəla onu qeyd edək ki, Putin bu çıxışı ilə bir daha Rusiyanın bu münaqişədə bitərəf qaldığını, balanslaşdırılmış siyasət yürütdüyünü göstərdi: “Dağlıq Qarabağda uzunmüddətli nizamlanma yalnız Azərbaycan və Ermənistan arasında maraqlar balansına riayət olunmaqla mümkündür”.
Rusiya Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə əlaqədar yaranmış yeni reallığı nəzərə alır. Yenə onun çıxışının bu hissəsinə nəzər salaq: “Bizim mövqeyimiz tamamilə açıqdır, biz əvvəldən Qarabağ zonası üçün müəyyən rejimin, Ermənistanla qarşılıqlı əlaqə və s. təmin olunması ilə Azərbaycana 5+2 rayonun qaytarılması mövqeyindən çıxış etmişik…
Bəs Azərbaycan nədən danışır? İstənilən halda 7 rayonun nə etnik münaqişə, nə də Ermənistanla heç bir əlaqəsi olmamasından. Bunlar əzəli Azərbaycan torpaqlarıdır. Azərbaycan deyir: biz bu əraziləri geri qaytarmaq hüququna sahibik”.
Onun səsləndirdiyi “5+2” formatı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda əksini tapmışdı. Artıq diplomatik yolla ilk qaytarılması nəzərdə tutulmuş 5 rayondan 4-ü – Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları işğaldan, demək olar ki, tam azad olunub. Yəni, Azərbaycan Ordusu hərb gücünə gələcək danışıqlar prosesinin ilk hissəsini böyük ölçüdə təmin etməklə bərabər, BMT Təhlükəsizlik Şurasının son iki qətnaməsinin tələblərini də öz hesabına icra edib.
Artıq status-kvonun olmaması, təmas xəttinin aradan qaldırılması reallığı hamı tərəfindən qəbul edilir. Azərbaycan Zəngəzurda Ermənistanla və Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında İranla sərhədləri bərpa etməklə, sərhəd zastavalarına bayrağımızı sancmaqla bütün dünyaya siqnal verdi ki, biz bu torpaqların daimi sakinləriyik. Sözügedən 7 rayonun işğal edilməsi isə qərb qonşularımızın işğalçı niyyətini çoxdan hamıya bəlli edib və Putinin son çıxışı da buna bir işarədir.
Ən əsası, Putinin çıxışı göstərdi ki, Rusiya Dağlıq Qarabağa hər hansısa statusun verilməsində maraqlı deyil. Çünki yenidən bu əraziyə muxtar vilayət statusunun verilməsi gələcəkdə tərəflər üçün yenidən müharibə ocağının qalması demək olacaq. Bu üzdən daha çox həmin ərazidə müəyyən bir rejimin tətbiq olunması fikri bildirilib. Ölkə başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan vətəndaşı olan etnik ermənilər yenidən Dağlıq Qarabağ bölgəsində yaşaya bilər, lakin onların öz müqəddəratını təyin etmək üçün referendum keçirilməsindən söhbət daha gedə bilməz. Federativ dövlət olan Rusiya daha yaxşı bilir ki, ermənilərin artıq bir dövləti olduğu üçün, ikinci qondarma Dağlıq Qarabağ Respublikası kimi anklav dövlətə ehtiyac yoxdur.
Sonda onu da qeyd edək ki, Rusiya danışıqlar masasında ATƏT-in daimi üzvü kimi Türkiyənin adını çəkdi. Digərlərinin yox, məhz Türkiyənin. Bu da boşuna deyildi. Rusiya bununla son vaxtlar Türkiyə ilə yaxınlığının, digər həmsədrlərə nisbətən Qafqazdakı siyasi və hərbi proseslərin uğurunda daha çox maraqlı tərəf olduqlarını göstərməyə çalışdı. Bu da növbəti sülh danışıqları zamanı Türkiyənin də ATƏT-in Minsk qrupunda yer ala biləcəyi ehtimalını artırır.