“Biz bəzi ölkələrin, müəyyən xarici kütləvi informasiya vasitələrinin məsələyə qeyri-obyektiv, ədalətsiz münasibətinin şahidi oluruq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.
O, bu xüsusda hərbi əməliyyatlar bölgəsindən obyektiv reportaj hazırladığına görə “Fransanın “TF1” telekanalının əməkdaşı Liza Budulun erməni diasporu və lobbisinin təzyiqlərinə, təhdidlərinə məruz qalmasına laqeyd münasibəti xüsusilə vurğulayıb: “Təəssüf ki, Fransanın hüquq-mühafizə orqanları bu açıq təhdidi araşdırmaq, hüquqi qiymət vermək üçün heç bir addım atmır. Hesab edirəm ki, bu cür münasibət söz və mətbuat azadlığı, demokratiya kimi bəşəri ideallara yüksək önəm verən Fransa dövlətinin imicinə uyğun gəlmir. Söz azadlığının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar, dünyanın aparıcı media qurumları, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatlar məsələyə reaksiya verməlidir. Yenə də təəssüflə bildirməliyəm ki, biz burda da qəribə bir etinasızlığın şahidi olmaqdayıq”.
Deputat Fransanın parlament nümayəndə heyətinin Ermənistana səfər etməsi ilə bağlı da fikirlərini bölüşüb: “Hər bir ölkənin parlament üzvünün istənilən digər ölkəyə səfər etməsi təbiidir. Lakin Fransalı həmkarlarımızın bu səfərinin müharibə getdiyi bir vaxta təsadüf etməsi, eyni zamanda, münaqişə tərəfi olan ölkələrdən yalnız birinin səfər proqramına daxil edilməsi təşəbbüsün xoşməramlı olduğuna haqlı şübhələr yaradır. Bu cür səfərlər Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın danışıqlar prosesində neytral mövqedən çıxış edəcəyinə inamı artırmır, əksinə mövcud narahatlıqları daha da dərinləşdirir.
Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi, mən bunu fransalı dostlarımızın da diqqətinə çatdırmışam. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, bu cür məsələlərdə həmsədr ölkələr xüsusilə ehtiyatlı və balanslı davranmalıdır. Azərbaycanla Fransa iqtisadi, mədəni, siyasi və digər sahələrdə çox uğurla əməkdaşlıq edir. Biz ötən müddətdə qarşılıqlı əlaqələrin inkişafı sahəsində böyük nailiyyətlər əldə etmişik. Dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər xalqlarımız arasında da qarşılıqlı etimadın, anlaşmanın dərinləşməsinə öz töhfəsini verib. Lakin bu cür birtərəfli təşəbbüslər uzun illər ərzində qazanılmış bu etimadı zədələyə bilər”.