Moldovada keçirilən tədbirdə Ermənistanın müharibə cinayətləri pislənib
Tarix: 19-10-2020, 12:16 | Çap et
Moldovada keçirilən tədbirdə Ermənistanın müharibə cinayətləri pislənib

Azərbaycanın Moldovadakı səfirliyində ölkəmizin müstəqillik ildönümünə həsr edilmiş tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Türkiyənin Moldovadakı səfiri Halil Gürol Sökmensüer, Moldova Prezidentinin Xarici siyasət məsələləri üzrə məsləhətçisi Aureliu Çokoy, Moldova Azərbaycanlıları Konqresinin (MAK) rəhbəri Elçin Bayramov, digər qonaqlar və 100-ə yaxın həmvətənimiz iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov ölkəmizin müstəqillik tarixindən söz açıb, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti silahlı təxribat nəticəsində cəbhə bölgəsində gedən münaqişədə işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirib. Diplomat davamlı olaraq Azərbaycanın bir sıra rayon və şəhərlərində mülki əhali və mülki infrastrukturun ermənilər tərəfindən raket atəşinə məruz qoyulduğunu, Gəncəyə növbəti dəfə raket atılması nəticəsində mülki insanların həlak olması və yaralanmasını, ölkəmizin ikinci ən böyük şəhərində böyük dağıntılar törədildiyini diqqətə çatdırıb.

Türkiyənin Moldovadakı səfiri H.G.Sökmensüer tədbirdə çıxış edərək, Türkiyə ilə Azərbaycanın bir millət, iki dövlət olduğunu qeyd edib, həm sevincli, həm də çətin günlərdə daim ölkəmizin yanında olduqlarını vurğulayıb, erməni təcavüzü nəticəsində Azərbaycanın Gəncə və digər şəhərlərində baş verənləri qətiyyətlə pisləyib.

Moldova Prezidentinin Xarici siyasət məsələləri üzrə məsləhətçisi A.Çokoy çıxışında ölkəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq və Helsinki Yekun aktında qeyd olunmuş prinsiplərə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini, Moldovanın Azərbaycanla mövcud dostluq münasibətlərinin davam etdirilməsində maraqlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, dinc əhaliyə qarşı törədilən təxribatlar qəbuledilməzdir.

MAK-ın sədri E.Bayramov Moldovada yaşayan azərbaycanlılar adından ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşdiklərini və Azərbaycanın Silahlı Qüvvələrinə hər zaman dəstək nümayiş etdirdiklərini bildirib, Gəncə də daxil olmaqla Azərbaycanın digər şəhərlərində baş verən erməni təcavüzkarlığını şiddətlə qınayıb.

Azərbaycan icmasının fəallarından olan Maarif Rəhimov vətənpərvərlik ruhunda nitq söyləyib, həmyerlilərimizi erməni təxribatına qarşı həmrəylik, birlik nümayiş etdirməyə, ölkəmizin haqlı mövqeyini Moldovada daim səsləndirməyə çağırıb.

Bundan əlavə, tədbirdə Gəncə hadisələrinin qurbanları və erməni vəhşiliyi nəticəsində törədilmiş dağıntılar əks edilmiş fotoşəkillərdən ibarət guşə yaradılıb, buraya tədbirdə iştirak edən qonaqlar tərəfindən güllər düzülüb, baş verən faciənin dəhşətləri barədə məlumatlar verilib.

Tədbirin sonunda bir sıra torpaqlarımızın işğaldan azad edilməsi şərəfinə səfir Q.Osmanov və digər qonaqlar dövlət rəmzlərimizdə və gerbimizdə təsvir edilən səkkizguşəli ulduza uyğun olaraq səkkiz ədəd şam ağacı əkilib.

Moldovada keçirilən tədbirdə Ermənistanın müharibə cinayətləri pislənib

Moldovada keçirilən tədbirdə Ermənistanın müharibə cinayətləri pislənib




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net