2020-ci ilin 15 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Morton arasında telefon danışığı baş tutub.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir Ceyhun Bayramov həmkarına Moskvada razılaşdırılmış humanitar atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyi barədə məlumat verdi. Nazir münaqişə zonasından çox uzaqda yerləşən Azərbaycanın mülki əhalisinin və infrastrukturlarının, şəhərlərinin məqsədyönlü şəkildə hədəfə alındığını, Gəncəyə edilən raket hücumlarının dinc əhali arasında ciddi itkilərə səbəb olduğunu vurğuladı. Nazir, bu gün səhər Azərbaycanın Tərtər bölgəsinin yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu və artilleriya atəşi nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini və 5 nəfərin ağır yaralandığını qeyd etdi.
Ermənistan tərəfindən insanlığa qarşı törədilən bu cinayətləri qətiyyətlə qınayan nazir Ceyhun Bayramov, Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu cinayət əməllərinə görə tam məsuliyyət daşıdığını vurğuladı.
Nazir Vendy Morton mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə etdi. Gərginliyin azaldılmasının və atəşkəsə hörmət edilməsinin vacibliyini vurğuladı. Nazir Vendy Morton münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini qeyd etdi.