Elxan Şahinoğlu: “Rusiya separatçılara görə Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmir”
Tarix: 8-10-2020, 08:45 | Çap et
Elxan Şahinoğlu: “Rusiya separatçılara görə Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmir”
ikən qələbəyə inam artıb, ordumuzun uğurları, hərbi üstünlükləri göz önündədir. İlk günlərdə insanlarda beynəlxalq güclərin təsiri ilə müharibənin dayandırılacağı ilə bağlı bir narahatlıq vardı.

Prezident İlham Əliyevin qətiyyəti, xalqa müraciəti bu narahatlığın da əsassızlığını sübut etdi. Artıq qələbədən sonranı düşünməliyik, torpaqlarımız tam şəkildə qayıtdıqdan sonra Ermənistanla münasibətlər necə olacaq, Dağlıq Qarabağda birgəyaşayış mümkün olacaqmı? Azərbaycandan köçən ermənilər ölkəmizdə, Ermənistandan qaçqın düşən azərbaycanlılar İrəvana gedib orada yaşaya bilərmi? Qələbədən sonra bizi hansı proses gözləyir?

Politoloq Elxan Şahinoğlu bu suallar ətrafında “Yeni Müsavat”a müsahibə verib.

- Elxan bəy, qələbədən və ərazi bütövlüyümüz təmin edildikdən sonra Ermənistanla münasibətlər necə olacaq?

- Hər şey Ermənistanın gələcək siyasətindən asılıdır. Dövlət başçısı İlham Əliyev də vurğulayır ki, biz bu məsələni həll etdikdən və ərazi bütövlüyümüzü təmin etdikdən sonra Ermənistanla qonşuluq münasibətlərinin normal şəkildə davam etməsini istəyirik. Sonrakı mərhələdə müharibə və ya qarşıdurmaların olması Ermənistandan asılıdır. Ermənistandan təxribatçı açıqlamalar gəlir ki, Dağlıq Qarabağ sona qədər bizimlə olacaq, biz heç zaman bu ərazinin Azərbaycanın tərkibinə daxil olması ilə razılaşmayacağıq. Əlbəttə, bunu indi deyirlər, tam məğlubiyyətlə üzləşdikdən sonra bizim şərtləri qəbul etmək məcburiyyətində qalacaqlar. Təsadüfi deyil ki, artıq Paşinyan da müəyyən ifadələr işlətməyə başlayıb.

- Bəs birgəyaşayış mümkün olacaqmı?

- Azərbaycan ərazi bütövlüyünü uğurla təmin etdikdən sonra kim Azərbaycanda yaşamaq istəyəcəksə, rahat yaşaya biləcək. Burada əsas məsələ qanunlarımıza hörmət etmək şərtidir. Artıq belə siqnallar var, ötən gün də bir video yayıldı ki, erməni qadın Azərbaycan əsgərlərinizin qabağına çıxıb “evinizə xoş gəldiniz” deyə bir ifadə işlətdi. Kim ki, bizim qanunları qəbul edəcək, bu qanunlarla yaşamaq istəyəcək, onlar üçün yol açıqdır, gəlib yaşaya bilərlər. O ki qaldı Ermənistanla münasibətlərə, Dağlıq Qarabağ məsələsi həllini tapdıqdan sonra biz bu ölkə ilə bir saziş imzalanmasını istəyəcəyik. Ermənistan bu sazişi qəbul edəcəksə, o zaman bu ölkə ilə münasibətlər də qaydasına düşəcək.

- Sizcə, Ermənistan döyüşü uduzduqdan sonra belə bir sazişi qəbul edəcəkmi?

“Ermənistanda hərbi çevriliş ehtimalı da istisna deyil”

- Mənə elə gəlir ki, Ermənistan bunu qəbul etməyə məcbur qalacaq. Çünki biz Qarabağı nəzarət altına aldıqdan sonra Ermənistanın vəziyyəti o qədər kritik olacaq ki, Azərbaycana hücum barədə düşünə bilməyəcək. Sərhədlərimizi də kifayət qədər bərpa edəcəyik. Biz bu ölkə ilə saziş imzalayacağıq ki, gəlin bir-birimizə hücum etməmək şərtilə qonşuluq münasibətlərini bərpa edək. Ancaq azərbaycanlıların İrəvana və ya ermənilərin Bakıya və ya digər şəhərlərimizə gəlib yaşaması hələ ki mümkün olan məsələ deyil. Ancaq ən azından ermənilərin Dağlıq Qarabağda təhlükəsiz yaşamasını təmin edəcəyik. İstəməyənlər yenə də Ermənistana rahat şəkildə köçüb orada yaşaya bilərlər. Qarşılıqlı şəkildə azərbaycanlıların Ermənistana köçməsi, ermənilərin də Bakıya gəlməsi mümkün olan məsələ deyil. Münasibətlər isə birbaşa Ermənistan hakimiyyətindən asılıdır.

- O zamana qədər Paşinyan hakimiyyətdə qalmağı bacaracaqmı?

- O da aydın məsələdir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana tam məğlub olduqdan sonra Paşinyanın hakimiyyətdə qalması mümkün deyil. Onu çox güman ki, devirəcəklər. Bu məğlubiyyətə, təxribatçı açıqlamalara görə hətta ona qarşı hərbi çevriliş olması da mümkündür. Çünki hələ ki Paşinyanı seçki yolu ilə dəyişmək mümkün deyil. Nə qədər tənqid olunsa da, hələ ki reytinqi Köçəryan və digər rəqiblərindən üstündür. Seçki keçirilsə belə buna 3-4 ay vaxt lazımdır, həm də bəlli deyil ki, Moskvanın dəstək verdiyi Köçəryan səs qazanacaq, yoxsa yox. Ona görə də mən hərbi çevriliş ehtimalını istisna etmirəm. Kim gəlirsə-gəlsin, artıq Azərbaycanla mübarizə apara bilməyəcək. Çünki güclər eyni deyil, bizim ordumuz artıq öz gücünü göstərdi. Kifayət qədər hərbi texnikası sıradan çıxdı. Bizim ordumuz onların hərbi texnikasına milyardlarla dollarlıq ziyan vurub. Bundan sonra çətin ki, Rusiya bir də Ermənistana o qədər hərbi texnika versin, havayı silah göndərsin. Silah göndərəcək, lakin bu ancaq Ermənistanın özünü müdafiə etməsi üçün yetərli olacaq, artıq onlar bu silahları Dağlıq Qarabağa göndərə bilməyəcəklər. Ümumilikdə bütün qərarlar Ermənistanın gələcək siyasi hakimiyyətindən asılı olacaq. Əgər Azərbaycanla sülh şəraitində yaşamaq istəyəcəklərsə, o zaman bir saziş imzalanmalıdır. Yox, əgər Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını qəbul etməyəcəklərsə, düşmənçilik siyasəti davam edəcək və münasibətlər normallaşmayacaq.

- Elxan bəy, etiraf edək ki, müharibənin gedişi, savaşın dayanacağı ilə bağlı əhalinin narahatlığı var. Proses yarımçıq qala bilərmi, yoxsa ərazi bütövlüyümüzün tam bərpasına qədər gedəcək?

- Bəli, hazırda əhalini düşündürən ən aktual məsələdir. Çünki bir neçə dəfə hərbi ənəliyyatlara başlanılsa da yarımçıq qaldı. Bu dəfə isə vəziyyət əvvəlkindən çox fərqlidir. Birincisi, Türkiyə ilə strateji müttəfiqlik var, bizə müxtəlif istiqamətdən olan təzyiqləri Türkiyə çox rahat şəkildə neytrallaşdırır, bu da bizə ruh yüksəkliyi verir. İkincisi, dövlət başçısının qətiyyəti var, artıq bir neçə dəfə müsahibələrində də bildirib ki, bizim bir şərtimiz var - Ermənistan qoşunları Dağlıq Qarabağdan çıxmalıdır, Ermənistan rəhbərliyi üzr istəməli və deməlidir ki, Dağlıq Qarabağ Azərbaycanındır. Əslində dövlət başçısı İlham Əliyev elə şərtlər qoyur ki, Nikol Paşinyan yox, hansı erməni olsa onları yerinə yetirə bilməyəcək. Bu isə o deməkdir ki, dövlət başçısı bu müharibəni məntiqi sonluqla yekunlaşana qədər aparacaq. Dövlət başçısı dedi ki, indiki məqamda bu məsələni yarımçıq saxlamaq olmaz. Biz indi müharibəni saxlasaq, danışıqlara və atəşkəsə razılaşsaq, ermənilər heç bir addım atmayacaqlar. Yenə də məsələni uzadacaqlar, bu müddətdə isə çalışacaqlar ki, böyük dövlətlərdən dəstək alsınlar. Bundan başqa, itirdikləri hərbi texnikanın yerini doldurmağa çalışacaqlar, bu da bizim maraqlarımıza cavab vermir. Nə qədər ki, onlar zəifdirlər, biz məsələni həll etməyə çalışmalıyıq. Bunu dövlət başçısı da, siyasi dairələr də anlayırlar. Bu dəfə məsələni yarımçıq qoya bilmərik.

- Bəs müharibənin ortasında Paşinyanın ağ bayraq qaldırıb, şərtlərimizi qəbul etməsi mümkündürmü?

- Əlbəttə, şərt o deyil ki, tam şəkildə sonuna qədər ordu hərbi əməliyyatlarla torpaqlarımızı nəzarət altına götürəcək, biz 3-4 rayonu aldıqdan sonra onlar bizim şərtlərimizi qəbul etmək məcburiyyətində qala bilərlər. İndiki məqamda isə atəşkəs də, danışıqlar da bizim maraqlarımıza cavab vermir. Yenə məsələ dondurulacaq. Hazırda bütün parametrlər bizim xeyrimizədir.

“Düşmən ölkədə hakimiyyətə kim gəlirsə-gəlsin, artıq Azərbaycanla mübarizə apara bilməyəcək”


- Xeyrimizə olan hansı amillərdir, hazırkı situasiyanın 2016-cı ilin aprel döyüşlərindən fərqi ilə bağlı nə deyərdiniz?

- Hazırda dünyanın başı virusla mübarizəyə qarışıb, Amerikada prezident seçkiləridir, heç Ermənistan onların yadına da düşmür. Rusiyanın özündə vəziyyət ağırdır, Makron nələrsə desə də, Fransanın Cənubi Qafqazda elə bir təsir imkanı yoxdur. Türkiyənin artan rolu və oradan gündəlik gələn dəstək var. Bütün bu parametrlər bizim xeyrimizədir. Bir daha bizim belə bir münbit zəminimiz olmayacaq. Paşinyan kimi bir məntiqsizin Ermənistan hakimiyyətində olması da bizim xeyrimizədir ki, onun mənasız açıqlamaları, Şuşaya qanunsuz səfərləri, “Qarabağ Ermənistanındır” deməsi, Tovuzda təxribat törətməsi - bütün bunlar bizim işimizə yaradı. Bütün dünya da başa düşdü ki, “Qarabağ Ermənistandır” deyən bir adamla danışırlar mümkün deyil. Bunu Rusiyada da, Qərb ölkələrində də anladılar. Bizə Avropa ölkələrindən kifayət qədər dəstək də var. Haradan baxsaq, dünyada da, regionda da baş verənlər bizim xeyrimizədir. Əsas odur ki, Rusiya prosesə müdaxilə etmir. Biz Ermənistanla savaşmırıq, öz ərazimizdə savaşırıq və təsadüfi deyil ki, Putinin Paşinyanın telefonuna cavab verməməsi Rusiyanın dövlət kanalına çıxarılır. Bu təsadüfi bir hadisə deyil. Ruslar özləri qəsdən Paşinyanı aşağılayırlar ki, sənin zənglərin bizim üçün əhəmiyyətsizdir. İndi də Paşinyan Rusiyadakı erməni iş adamlarını qabağa verir ki, Putinə yalvarsın. Ermənistan hakimiyyəti əllərindəki bütün alətləri işlə salıb ki, Rusiya prosesə müdaxilə etsin, məsələni dayandırsın. Hələ ki Rusiya hökuməti neytral mövqedədir, prosesə qarışmır.

- Çox müsbət bir haldır, halbuki gözləntilər bunun tam əksi idi. Sizcə, Putin niyə prosesə qarışmır?

- Qarışmamasının əsas səbəbi odur ki, Rusiya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri var. Məsələn, Gürcüstan və Ukraynada vəziyyət çox fərqlidir, bu dövlətlərin Rusiya ilə münasibətləri çox gərgindir və Rusiya orada separatçılara dəstək verir. Azərbaycanla olan münasibətlərini Gürcüstan və Ukrayna kimi formalaşdırmaq üçün Rusiyanın əsası yoxdur. Azərbaycanla siyasi tərəfdaşlığı var, iqtisadi əlaqələr var, regional layihələrdə iştirak edir. Bir Dağlıq Qarabağ separatçılarına görə Rusiya hakimiyyəti Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmir. Ona görə də bütün bunlardan istifadə edərək dövlət başçısı qətiyyətini ortaya qoyub, bu məsələni sona qədər həll etmək istəyir. Doğrudur, bizim də itkilərimiz var. Allah şəhidlərimizə rəhmət eləsin. Amma düşmən çox böyük itkilər verir. Bizim potensialımız çoxdur, hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsinin tamamından çoxdur. Bütün bu amilləri nəzərə alaraq, mən düşünürəm ki, proses yarımçıq qalmayacaq. Doğrudur, hər dəfə 1-2 gün döyüşlər olmayanda insanlar sual verir ki, niyə dayandıq, bəlkə bizə təzyiq edirlər. Ancaq onu da nəzərə almaq lazımdır ki, hər şey hərbi plan əsasında gedir. Ötən gün dövlət başçısının növbəti qətiyyətli açıqlaması oldu, müdafiə naziri Zakir Həsənov açıqlama verdi ki, bütün mövqeləri bombalayacağıq. Üstəgəl, Gəncənin, Mingəçevirin, Bakı- Tiflis-Ceyhan boru kəmərinin raket atəşinə tutulmasını biz onlara heç zaman bağışlamayacağıq.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net