Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib
Tarix: 5-10-2020, 13:07 | Çap et
Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib

Oktyabrın 5-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitənin sədri Əhliman Əmiraslanov öncə Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində ordumuzun uğurlarından söz açıb.

O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi ilə beynəlxalq hüquq çərçivəsində aparılan zəfər yürüşünün davam etdiyini vurğulayıb. İclasda Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Əhliman Əmiraslanovun sözlərinə görə, komitə üzvləri könüllü olaraq bir aylıq maaşlarının Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi barədə yekdil qərar qəbul ediblər.

Səhiyyə komitəsinin iclasında “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Gündəlikdəki məsələ barədə məlumat verən komitə sədri birinci oxunuş zamanı səslənmiş təkliflərə münasibət bildirdi. Sonra müzakirələr başlanıb.

İclasda ekspert qismində iştirak edən Tibb Universitetinin, Mərkəzi Klinik Xəstəxananın və Mərkəzi Gömrük Hospitalının təmsilçiləri - professorlar Nuru Bayramov, Kamran Musayev və tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Vüqar Qurbanov qanun layihəsi ilə bağlı rəy və təkliflərini nəzərə çatdırıblar. Belə mükəmməl qanun layihəsi hazırladıqlarına görə Səhiyyə komitəsinin üzvlərinə təşəkkürlərini bildiriblər.

Sonra komitə sədrinin müavini Rəşad Mahmudov, deputat Kamaləddin Qafarov transplantasiya ilə əlaqədar müxtəlif məsələlərə toxunublar.

Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net