Oqtay Əsədovdan sərt açıqlama: “Azərbaycan xalqı AŞPA-ya olan ümidlərini itirir”
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qərəzli, ikili standartlarla yanaşması heç kimə sirr deyil. Bəllidir ki, Azərbaycana qarşı ədalətsiz münasibət bu taşkilatın əsas davranış xəttinə çevrilib. Bunu sübuta yetirən bəzi məqamlara toxunmaq istərdim”.
Bunu Milli Məclisin deputatı Oqtay Əsədov özünün “Facebook” səhifəsində bildirib.
O qeyd edib ki, 19 il əvvəl - 2001-ci ildə Azərbaycanla yanaşı, Ermənistan da Avropa Şurasına üzv qəbul olunarkən münaqişənin sülh və dinc yolla həll olunmasını üzərinə öhdəlik kimi götürüb:
“Amma 20 ilə yaxındır ki, Ermənistan nəinki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, ümumiyyətlə, münaqişənin həlli istiqamətində bir addım belə atmaq istəməyib. Həmişə həlledici məqamlarda müxtəlif bəhanələrlə danışıqlardan qaçıb. Ötən müddət ərzində bu proseslərin monitorinqini aparmağı öz öhdəsinə götürmüş AŞPA-dan hansısa qətiyyətli mövqe, prinsipial addım atıldığnı görməmişik.
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Dağlıq Qarabağdakı qanunsuz rejimin keçirdiyi uydurma seçkilərə loyal yanaşması qurumun işğalı leqallaşdırmağa cəhdinin göstəricisidir.
Niyə AŞPA bu məsələyə münasibət bildirmir? AŞPA-nın əsas vəzifəsi məhz insan hüquq və azadlıqlarını qorumaq olsa da, bu qurum Azərbaycanın bir milyon qaçqın və məcburi köçkünü ilə bağlı kifayət qədər prinsipiallıq göstərməyib.
Əgər bu qurumu insan hüquqları, söz azadlığı maraqlandırırsa, öz dədə-baba torpaqlarında işğalçı rejim tərəfindən tutularaq, illərdi girovluqda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev məsələsində niyə susur?! Avropa Şurasının heç vaxt işğalçını öz adı ilə çağırmamasının nəticəsidir ki, Azərbaycan xalqı AŞPA-ya olan ümidlərini itirir”.
Deputat bildirib ki, bütün bu sadaladıqları AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyinin göstəricisidir:
“Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq, AŞPA-nın bütün iradlarını kağız parçası kimi qiymətləndirir.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strateji kursun nəticəsidir ki, dövlətimiz demokratiya yolu ilə inamla addımlayır. Azərbaycan beynəlxalq təhlükəsizliyə, beynəlxalq iqtisadi inkişafa, insan hüquqları və əsas azadlıqlarının qorunmasına mühüm töhfələr verir.
Bu gün dünyanı bürüyən koronavirus pandemiyasında Azərbaycan bir çox ölkələrə yardım edib. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı digər ölkələrə nümunə olaraq göstərib.
Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə videokonfrans formatında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının, daha sonra Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşləri təşkil edilib.
Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə BMT Baş katibinin müraciəti səslənib, görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının Ali komissarı iştirak edib.
Bunların fonunda AŞPA-nın mövqeyi haqlı olaraq Prezident İlham Əliyevi və Azərbaycan xalqını qane etmir.
Ümumiyyətlə, hesab edirəm ki, AŞPA fəaliyyətini gözdən keçirməli, ölkəmizə qarşı ədalətli mövqe ortaya qoymalıdır”.