“Orada daha gözəl “Qobu Park-3” tipli yaşayış kompleksləri salınacaq. Buna Azərbaycanın iqtisadiyyatı və qüdrəti imkan verir”
“Bu gün ölkəmizdə heç bir məcburi köçkün çadırda və ya vaqonlarda yaşamır”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat vurğulayıb ki, bu günə qədər 300 minə yaxın məcburi köçkün üçün Bakı şəhəri ətrafında, eyni zamanda digər şəhər və rayonlarımızda çoxmənzilli binaların tikintisi həyata keçirilib:
“Fərdi evlərin tikintisi həyata keçirilərək məcburi köçünlərin və qaçqınlarn öhdəsinə verilib. Bir milyondan artıq məcburi köçkün və qaçqının mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Eyni zamanda onlara verilən müavinətlərin vaxtaşırı Prezident tərəfindən imzalanan sərəncamlarla artırılması istiqamətində tədbirlər həyata keçirildi. Bu layihələrin icrasında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük zəhməti var”.
Parlament üzvü bildirib ki, 2016-cı ilin aprel döyüşləri zamanı minlərlə kvadrat metr ərazimiz işğaldan azad olunub:
“Qısa müddət ərzində Cocuq Mərcanlıda gözəl bir qəsəbə salındı. İnsanlar öz dədə-baba yurdlarına qayıdaraq orada firəvan və tamamilə yeni qurdular. İndi onlar bütün infrastukturlarla təmin olunmuş Cocuq Mərcanlı qəsəbəsində yaşayırlar. Bütün məcburi köçkünlərimiz Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdə öz dədə-baba yurdlarına qayıdacaqlar və orada daha gözəl “Qobu Park-3” tipli yaşayış kompleksləri salınacaq. Buna Azərbaycanın iqtisadiyyatı və qüdrəti imkan verir. Ümumilikdə, ölkədə məcburi köçkünlərin və qaçqınların rifahının yaxşılaşdırılması üzrə işlər, onlara verilən müavinətlər, yaşayış kompleksləri ilə təmin edilmə və dövlət dəstəyi Prezidentin apardığı siyasətin prioritet sahəsidir”.
C.Osmanov qeyd edib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi bu yaşayış kompleksləri məcburi köçkün və qaçqınlar üçün müvəqqəti yaşayış yerləridir:
“Azərbaycanın öz əzəli torpaqlarını geri qaytaracağını vurğulayan Prezidentin bu sözlərinin arxasında bir neçə amillər dayanır. Azərbaycanın güclü milli ordusu var. 2016-cı ilin aprel döyüşləri, 2018-ci ildə Naxçıvan əməliyyatları bunun bariz nümunəsidir. Azərbaycan ordusu erməni ordusundan qat-qat və dəfələrlə üstün olduğunu göstərdi. Biz istənilən vaxt, qısa müddət ərzində öz əzəli torpaqlarımızı geri qaytarmağa hazırıq”.