ƏMR (ƏLİ) QULU olduğunu deyən Səfərlinin gülməli hekayəti...
Tarix: 17-04-2020, 13:51 |
Çap et
Bir neçə gün əvvəl yerli KİV-də belə bir iddia səsləndi ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş İcraçı direktoru Vüqar Səfərlinin fəaliyyəti araşdırılır və hətta keçmiş sədrin həbs olunma təhlükəsi də mövcuddur. Ardından isə Səfərlinin reaksiyası gecikmədi.
Belə ki, mətbuata açıqlama verərək KİVDF ətrafında cərəyan edən olaylarla bağlı danışan V.Səfərli olduqca maraqlı ifadələri ilə diqqətə çəkdi ki, buradan da məsələnin mahiyyətini təxmin etmək o qədər də çətin deyildi.
"Fondun fəaliyyəti ilə bağlı hər üç ilin yekununda araşdırma aparılır. İndi aparılan araşdırma da bununla bağlıdır. Mənim çəkinəcəyim heç nə yoxdur". DİA.AZ bildirir ki, bu sözlər baş verənlərə izahatda bulunan cənab Səfərliyə aiddir. O əslində incə şəkildə məsələnin nə yerdə olduğunu ortaya qoyub: "MƏNİM ÇƏKİNƏCƏYİM HEÇ NƏ YOXDUR..."
Yəni aydın olur ki, Vüqar Səfərli ortaya çıxacaq neqativlərin ona aid olmadığı qənaətindədir. Neqativ varsa, ona aid deyil - anlamında... Təbii ki, başdan-ayağa neqativlərlə zəngin olan KİVDF-nin bu günə qədərki fəaliyyəti ilə bağlı səmimi araşdırma aparılarsa, təkcə Vüqar Səfərli yox, sözügedən quruma id hər kəs barəsində hüquqi qərar çıxarıla bilər.
Lakin Vüqar Səfərli işarə edir ki, məsuliyyət onda deyil, ona da kimlərsə əmr edib. O sirli əmr sahibinin adı isə hər kəsə yaxşı məlumdur. Təbii ki, söhbət Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovdan gedir.
Bununla bağlı DİA.AZ-a maraqlı informasiyalar da daxil olub. Xatırladaq ki, KİVDF rəhbərliyinə qədər Vüqar Səfərli "Azərmətbuatyayımı" ASC-nin idarə heyətinin sədri vəzifəsini tutub. Bunu qeyd edən mötəbər mənbə dia.az-a bildirir:
"Həmin ərəfələrdən Əli Həsənovla sıcaq münasibətləri olan Vüqar Səfərli əslində bir qəzetsatan olsa da, "Azərmətbuatyayımı"ndan əldə etdiyi böyük pullar, həm də hakimiyyətdəki əlaqələri onu yeni vəzifə sıçrayışlarına həvəsləndirmiş oldu. Nəticədə əlində külli miqdarda pulu ilə o, Əli Həsənova müraciət edərək vəzifəyə gəlmə istəyini ortaya qoyub".
Mənbə iddia edir ki, Vüqar Səfərli icra başçısı olmaq istəyirmiş və hətta bu məqsədlə Əli Həsənova külli miqdarda pul da veribmiş. Lakin Əli Həsənov onun bu istəyini uzun müddət reallaşdıra bilməyib, sonradan isə...: "Sonradan fürsət yaranır. Ortaya KİVDF ideyası atılır və Əli Həsənov əvvəlindən aldığı milyonları halal etmək üçün Vüqar Səfərliyə KİVDF sədrliyini təklif edir, o da razılaşır. Başqa yolu da yox idi. Vəzifə yeni olsa da, yeni vəzifəsinin mahiyyətini tam anlamasa da, əsl bazar adamı olan Vüqar Səfərli KİVDF adının sonundakı "FOND" sözünün cəlbediciliyi ilə qollarını çırmayır və milyonlar qazanaraq Əli Həsənova verdiyindən də qat-qat artıq sərvət toplamağa müvəffəq olur".
İndi isə Vüqar Səfərli bəyan edir ki, onun hansısa çəkinəcəyi yoxdur... Yəni bütün işləri ortaq görüblər. Hətta mətbuata açıqlamasında maraqlı ifadələri ilə hər kəsi güldürməyə də müvəffəq olmağı belə bacarır. "Araşdırma mənim fəaliyyətimlə bağlı yox, Fondun fəaliyyəti ilə bağlıdır" deyən Vüqar Səfərliyə bu yerdə gülməmək olmur. Başa düşmədik, cənab Səfərli, məgər bu fəaliyyəti araşdırılan qurumun rəhbəri siz deyildiniz?
Sonda isə bir daha gülməyiniz üçün Vüqar Səfərlidən daha bir sitatı təqdim edirik: "İndi bilməyən adamlar deyir ki, Vüqar Səfərlinin fəaliyyəti araşdırılır. Bu Fondun fəaliyyətinin araşdırılmasıdır və bunda da heç bir problem yoxdur"...
Gülümsəyin, cənablar, gülümsəyin...
SONDA: DİA.AZ tərəfindən hazırlanan bu yazı ilə bağlı cənab Səfərlini də mütləq şəkildə dinləməyə hazırıq. O uzun illərdir ki, bizi dinləmədi, hətta 25 ildən artıqdır mətbuatda olan saytımızın rəhbəri Məhəmməd Ərsoyun adını özünün qara siyahısına salması ilə də əslində real jurnalistikaya verdiyi qiyməti nümayiş etdirmişdi. Başa düşürük ki, o ƏMR QULU İDİ, ƏLİ QULU İDİ... Qullar isə heç bir zaman söz sahibi ola bilmirlər. Buna rəğmən yenə də ondan söz gözləyirik... Bəlkə danışmağa sözü ola... İzahat verə ki bu illər ərzində DÖVLƏTİN MƏTBUATA QAYĞISINI nədən şəxsi biznesinə çevirmişdi... Nə isə... nəticəsini bilsək də, yenə də gözləyirik...