Şəhid ailəsini incidən İCRA BAŞÇISI
Tarix: 7-06-2018, 07:46 |
Çap et
Bakı şəhəri, Sabunçu rayon sakini Asya Mirzəyeva redaksiyamıza gələrək şikayətlənib. Şikayətçi qeyd edib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 26 ünvanda yerləşən, mərhum həyat yoldaşına məxsus qeyri-yaşayış sahəsi qanunsuz olaraq başqasına satılıb.
Şikayətçi deyir: “Mən şəhid və məcburi köçkün ailəsiyəm. Oğlum Qarabağ döyüşlərində şəhid olub, ölümündən sonra da ”Azərbaycan bayrağı" ilə təltif olunub. Təxminən 1999-cu ildən bu ilin may ayına qədər qeyd olunan sahəni götürüb həyat yoldaşımla birgə işlədirdik. Maddi durumumuz aşağı olduğu üçün ümid yerimiz həmin sahə idi. Qeyri-yaşayış sahəsi olsa da, həyat yoldaşımla birgə oranı təmizləyib, qaydasına salıb, xeyli xərc çəkmişdik. Qanuni olaraq həmin sahənin sahibi kimi müqaviləmiz də var idi. Həyat yoldaşım dünyasını dəyişdikdən sonra sahəni yeznəm İmran Mirzəyev istifadə etməyə başladı. Bunu qanuniləşdirmək, müqaviləni onun adına keçirməyə çalışdıq. Lakin müraciət etdiyimiz qurumlardan bizə heç bir cavab verilmədi. Nəticədə özüm obyekti işlətməyə çalışdım. Yeri özəlləşdirmək, bu dəfə öz adıma keçirmək üçün də müxtəlif qurumlara müraciət etdim. Mənə heç bir cavab verilmədi. Bu ilin may ayında isə xəbər tutdum ki, xəbərim olmadan sahə başqasına satılıb. Bu haqda dəfələrə Əmlak Məsələləri Dövlət Komitəsinə ərizələrə müraciət etdim. Komitədən şikayətimə baxılmadı".
Şikayətçi qeyd edib ki, son olaraq ombusdmana şikayət ünvanlayıb. Ona verilən cavabdan isə belə məlum olub ki, qeyd edilən qeyri-yaşayış sahəsi satışa çıxarılıb. Asya Mirzəyeva həmin hərracda iştirak etmədiyi üçün sahə başqasına satılıb: “Şikayətimlə bağlı mənə yazılı surətdə bildirildi ki, həmin qeyri-yaşayış sahəsinin ”Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na əsasən prezidentin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli fərmanı ilə təsdiq edilən “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilməsi barədə qərar qəbul edilib və Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat orqanı olan “Mülkiyyət” qəzetində və digər xəbər saytlarında elan verilib. Lakin 2016-cı il dekabrın 13-də keçirilən hərracda iştirak etmədiyim üçün obyekt açıq hərracda satılıb. Mən dəfələrlə müraciət edərək bildirdim ki, hərrac haqda məlumatım, xəbərim olmayıb. Qərəzli olaraq xəbərim olmadan obyekt başqasının adına keçirilib. Lakin şikayətlərimə baxan yoxdur. Aidiyyəti qurumlardan xahiş edirəm, bu məsələdə mənə köməklik göstərilsin".