Komitə sədri təhlükədən qurtulub?
Tarix: 29-06-2017, 08:30 |
Çap et
Əmlak Məsələləri Dövlət Komitəsi Bakı və Abşeron rayonu da daxil olmaqla, müxtəlif ərazilərdə torpaqların qanunazidd istifadəsi, heç bir sənəd olmadan özbaşına hasarlanması ilə bağlı apardığı reydləri dayandırıb. Artıq neçə müddətdir komitə bu barədə açıqlama yaymır, komitə əməkdaşlarının bu istiqamətdə fəaliyyətləri nəzərə çarpmır.
Reyting.az-a daxil olan məlumata görə, komitə sədri Kərəm Həsənovun müəyyən mənada maraqlarına cavab verməyən bu monitorinqlərin aparılması və bu sahədəki qanunsuzluqların aradan qaldırılması dövlət başçısının xəbərdarlığından qaynaqlanıb. Bu səbəbdən K.Həsənov ən azı görüntü xatirinə olsa da, bu prosesi aparmaq və müəyyən tədbirlər görmək məcburiyyətində qalıb:
"Lakin çox adam bilirdi ki, Kərəm Həsənov bu prosesi uğurlu apara bilməyəcək. Çünki dövlətin balansında olan torpaq sahələrinin və digər daşınmaz əmlakların zəbt olunması, onlardan qanunsuz istifadə və s. neqativ hallar həm də Kərəm Həsənovun fəaliyyəti dövründə baş verib. Amma o, belə qanunsuzluqlara qarşı nəinki müqavimət göstərib, əksinə, komitənin hansısa maddi-məsul şəxsləri bu prosesin iştirakçıları olublar. Bu səbəbdən də prezidentin xəbərdarlığından sonra Həsənov imitasiya ilə məşğul olub",-deyə mənbə bildirib.
Məlumatlı şəxs deyib ki, komitə apardığı monitorinq və reydlər zamanı daha yüksək çinli məmurların ələ keçirdiyi sahələrə müdaxilə etməyib. Tam əksinə, harada zəif, arxasız insanlar varsa, onların zəbt etdikləri sahələrə müdaxilələr olub:
"Diqqət edin, elə Bakı və Abşeronun ən gözəl yerlərinin çoxunu məmurlar və ya onların arxasında durduqları şəxslər zəbt ediblər. Ancaq Kərəm Həsənovun işçiləri nəinki bunu gördü, əksinə, nisbətən gözəgəlimli ərazilərdəki qanunsuzluqlardan yan keçdilər. Diqqət yetirsəniz, görərsiniz ki, komitə əməkdaşları əsasən, Qaradağın Müşviqabad, Suraxanının Ramana (sovxoz), Xəzərin Türkan və Zirə kimi qiymətləri ucuz olan ərazilərində monitorinq aparıblar. Yaxud da Abşeron rayonunun Qobu və Saray qəsəbələrində reydlər keçirilib. Məsələn, bəzi şəxslər Qobu ərazisində 40-50 hektar yer zəbt etsə də, komitə əməkdaşları bunlara göz yumub, daha kiçik ərazilərə müdaxilələr ediblər".
Xatırlayırsınızsa, komitə bir neçə ay əvvəl açıqlama yayaraq, Qobuda ümumilikdə 7 hektardan çox əkin və örüş ərzilərində müxtəlif təyinatlı tikinti işlərinin aparılmasının müəyyən edildiyini də bildirmişdi.
Mənbəmiz isə iddia edir ki, komitə əməkdaşlarının reydi ədalətli olmayıb. Məsələn, Qobudan Güzdək istiqamətində - yolun kənarında hasara alınmış 20-30 hektarlıq ərazilər barədə hər hansı məlumat verilməyib. Çünki bu ərazilərin sahibləri təsadüfi adamlar deyillər. Hətta aralarında Kərəm Həsənovun mənsub olduğu bölgənin tanınmış şəxsləri də var.
Məlumatda qeyd edilir ki, K.Həsənov bu reydlər zamanı imitasiya ilə məşğul olub: "Komitə sədri prezidentin tapşırıqlarına əməl etmək əvəzinə barəsindəki mənfi imici, o cümlədən karyerasına yaranmış təhlükəni aradan qaldırmağa daha çox zaman sərf edib. Məhz belə məqamda o, özünə əlavə düşmən qazanıb, vəzifə ömrünü daha acınacaqlı başa vurmaq istəmirdi".
İddiaya görə, MTN-də baş verən sensasiyalı həbslərdən sonra K.Həsənovun durumu çox gərgin olub. Onun qardaşının, qudasının, digər yaxınlarının MTN-də işləmələri və bu qurumun hazırda həbsdə olan məlum şəbəkəsi ilə işbirliyi, hətta ondan şikayət etmiş keçmiş işçisini məhz MTN-nin quldurları vasitəsi ilə həbs etdirməsi kimi faktlar onu çətin vəziyyətlə üzləşdiribmiş:
"Bütün bu məlumatlar Kərəm Həsənovun o zamandan başlayaraq, ta bu günə qədər qarabaqara izləyən və hər an ipini kəsəcək əsaslı dəlillərə, möhkəm sübutlara söykənir. MTN generallarının həbsinin ilk aylarında Kərəm Həsənov sarsıntı keçirərək, az qala hər mətbu orqanın qapısına xahiş-minnətə adam göndərirdi. Niyə? Çünki komitə sədri barədə bəzi məlumatların ictimailəşməsi onun üçün təhlükəli idi".
Məlumatda qeyd edilir ki, K.Həsənov medianın diqqətindən yayınmaqla yanaşı, həm də hakimiyyətin üst qatında özünü təmizə çıxarmaq və hakim komandaya daha sadiq olması üçün çox cəhdlər edib. Amma ara müəyyən qədər sakitləşsə də, hələ bu, K.Həsənov təhlükədən qurtulması demək deyil.
Qeyd edilir ki, hazırda K.Həsənov daha çox hərraclarla hakimiyyətin "gözünə girmək" istəyir:
"Demək olar ki, hər hərrac zamanı Kərəm Həsənov xüsusi açıqlama yaydırır. Elə görüntü yaradır ki, guya o, dövlətin bu həssas günündə büdcəyə gəlir gətirən əsas fiqurdur. Əslində isə, elə bu hərracları araşdırmaq gərəkdir. O zaman aydın olacaq ki, dövlətin əmlakını kim alıb, hansı qaydada və kimlərin tövsiyyə və tapşırığı ilə bu prosesi necə bitirir".