Xətainin icra başçısı haqda sensasion iddia - 200 minlik rüşvət qalmaqalı
Tarix: 1-03-2017, 07:50 |
Çap et
Razim Məmmədov barədə növbəti şok xəbər yayılıb: deyilənə görə, başçı 1-ci müavini Rafiq Quliyevi işdən çıxarıb, onun yerinə başqa adamı götürmək istəyirmiş; başçının planı baş tutmadıqda, digər müavinini şantajla işdən qovub
Bakının Xətai Rayon İcra Hakimiyyəti haqda Musavat.com-a yeni məlumat daxil olub. Mənbə bildirir ki, ötən ilin payızında Xətai RİH başçısı Razim Məmmədov özünün 1-ci müavini Rafiq Quliyevi işdən azad etdikdən sonra, onun yerinə İH-nın hüquq şöbəsinin müdirini Teymur Əzizovu götürmək istəyib.
İddiaya görə, bunun üçün şöbə müdiri 200 min manatından keçməli olub. Mənbə bildirir ki, bu məbləği T.Əzizovun dayısı düzəldib. Onun dayısının böyük maddi imkanlara malik olduğu deyilir. Lakin ölkə rəhbərliyi Rafiq Quliyevi işinə bərpa etdikdən və icra başçısına barmaq silkələyib, təpindikdən sonra, T.Əzizovun adamları Razim Məmmədovdan pullarını geri istəyib. O, qarşı tərəfə bir az səbirli olmağı tövsiyə edib.
Məlumatı verən mənbə "Yeni Müsavat”a deyib ki, başçının "B planı” olub. Belə ki, o, Rafiq Quliyevin arxasını bərk gördükdən sonra başqa "arxasız” müavinini qaralayıb. Həmin müavin Zaməddin Əkbərov olub. Başçı ilə araları onsuz da sərin olan Zaməddin Əkbərov son vaxtlar davamlı olaraq Razim Məmmədovun danlağını eşitməli olurmuş. Mənbə iddia edir ki, Razim Məmmədovu bir yandan da T.Əzizovun adamları vaxtaşırı narahat edirmiş. Adamlar ondan iki şey tələb edirmişlər: ya pul, ya vəzifə. Ona görə də başçı Z.Əkbərovu "vurmaq” üçün bəhanə gəzirmiş. Günün birində o, bu bəhanəni tapır. Müavin 30 dəqiqə işə gecikdiyinə görə icra başçısının kabinetinə çağırılır. Xeyli çək-çevirdən sonra icra başçısı "səninlə işləyə bilmirəm, ərizəni yaz, get” deyib. Z.Əkbərov xahiş edib ki, 65 yaşı 2017-ci ilin avqustunda tamam olur, o vaxta kimi vaxt verilsin, gələcəkdə pensiyaya normal çıxa bilsin. Qaynaq bildirir ki, onun xahişi nəzərə alınmır. Əlacsız qalan Z.Əkbərov elə R.Məmmədovun kabinetindəcə istefa ərizəsini yazmalı olur.
Mənbə bildirir ki, Zaməddin Əkbərovun müqavimət göstərməyə, etiraz etməyə imkanı olmayıb. İcra başçısı ona bildirib ki, müəyyən qanunsuz əməlləri haqda məlumatlıdı, əgər etiraz etsə, müqavimət göstərsə, qanunsuz əməlləri barədə hüquq mühafizə orqanlarına məlumat ötürə bilər və bu da Z.Əkbərov üçün işdən çıxmaqdan daha betər olar. Ona görə də o, sakitcə taleyi ilə barışmağa razılaşıb. İcra hakimiyyətindəki mənbələr bildirib ki, bir növ Razim Məmmədov sabiq müavinini şantajla susdurub.
Xatırladaq ki, bir neçə ay öncə Razim Məmmədov icra hakimiyyətində iclas zamanı özünün 1-ci müavini Rafiq Quliyevi hamının gözü qarşısında təhqir edərək, işdən çıxarıb. Qarşı tərəf başçının bu kobudluğuna sərt formada cavab qaytarıb. Mübahisə böyüyüb. Sonradan Rafiq Quliyev ölkə rəhbərliyinə çıxış əldə edib və Razim Məmmədovun onu heç bir səbəb olmadan işdən çıxartdığını söyləyib. Bundan sonra Razim Məmmədov ən yuxarı səviyyədə danlanıb, sərt formada tənbeh edilib. Ondan tələb olunub ki, Rafiq Quliyevdən üzr istəyib, onu işinə qaytarsın. Razim Məmmədov bir neçə gün öncə onlarca adamın gözü qarşısında söyüb təhqir edərək işdən çıxardığı müavinindən üzr istəyib və qərarını geri oxuyub.
Mənbə bildirir ki, R.Məmmədov həmin vaxt Rafiq Quliyevin Xətai rayonu ərazisindəki əksər obyektlərini bağladıbmış. 1-ci müavin vəzifəsinə qayıtdıqdan sonra, həmin obyektlərin qapısı ağzındakı qıfıllar sökülüb.
Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov musavat.com-a mövzu ilə bağlı açıqlama verib. P.İmanov deyib ki, bu haqda deyilənlər həqiqəti əks etdirmir.