Biləsuvarda korrupsiya burulğanı
Tarix: 18-04-2016, 09:06 | Çap et
Biləsuvarda korrupsiya burulğanı
Məlum olduğu kimi bir müddət əvvəl Biləsuvar rayonunda fəaliyyət göstərən Əhalinin Sosial Müdafiə Mərkəzinin keçmiş direktoru Xalid Rüstəmov öz işində yol verdiyi ciddi qanun pozuntuları səbəbindən tutduğu vəzifədən azad olunmuş, onun yerinə isə, Nazim Məmmədov təyin edilmişdir. Qeyd edək ki, Nazim Məmmədov ötən il ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədovun qardaşıdır. Təbii ki, ölkədə gedən islahatların, rüşvət və korrupsiya hallarının aradan qaldırılması istiqamətində atılan qəti addımların fonunda, Biləsuvar sakinləri də ƏSMM rəhbərliyinin dəyişdirilməsinə böyük ümidlər bəsləmişdilər. Lakin, hətta aradan keçən bu qısa müddət belə, gözləntilərin özünü doğrultmayacağı qənaətinə gəlmək üçün bütün əsasları vermiş oldu. Bu gün yerli mənbələrdən Vertikal.az-a təqdim olunan açıqlamalarda bildirilir ki, Biləsuvar ƏSMM-nin direktorunun əvəzlənməsi qurumun işində heç bir müsbət dəyişikliyə səbəb olmayıb. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, ƏSMM-nin yeni rəhbərliyi tərəfindən tətbiq olunan üsullar nəticəsində bu gün də rayonun aztəminatlı vətəndaşları olduqca sıxıntılı durum yaşamaqdadırlar. İddialara görə, plastik kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması təcrübəsi eynilə mərkəzin keçmiş rəhbərliyi dövründə olduğu kimi, bu gün də Nazim Məmmədov tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Biləsuvar ƏSMM-nin yeni direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir. Bu şərtlərlə razılaşmayıb dövlət tərəfindən ayrılan yardımı tam həcmdə almaq hüququ uğrunda mübarizə aparanlar isə, o dərəcədə süründürməçiliklə üzləşirlər ki, bir çoxları nəhayətdə yardımdan imtina etmək barədə qərar verməli olurlar. Hətta məlumatlarda bu da bildirilir ki, Nazim Məmmədov direktor vəzifəsinə təyinat alandan dərhal sonra rəhbərlik etdiyi mərkəzdə rüşvət bazarını daha da genişləndirməyə başlayıb. Belə ki, yeni direktor daha çox rüşvət toplamaq üçün hətta mərkəzdə ünvanlı sosial yardıma aidiyyaatı olmayan digər şöbələrin işçilərini də vətəndaşlardan ünvanlı sosial yardım sənədlərini qəbul etmək və rüşvət toplamaq işinə cəlb edib. Əlbəttə, bütün bu məlumatlar ciddi araşdırmaların aparılmasını tələb edir. Lakin Vertikal.az-a təqdim olunan açıqlamalarda belə bir məqam da vurğulanır ki, Nazim Məmmdovun özbaşınalıqlardan doğan narazılıqlar artıq rayon rəhbərliyinin də diqqətini cəlb edib. Mənbələrin iddialarına görə, ƏSMM-nin direktoru hətta bir neçə dəfə Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən iclaslardan başçı Mahir Quliyev tərəfindən qovulub da.
Çox maraqlıdır ki, əksər rayon ƏSMM rəhbərlərnin analoji cinayət əməllərinə görə artıq məsuliyyətə cəlb olunduqları bir vaxtda bəziləri hələ də vəzifə kreslosunda rahatca əyləşərək öz mənfur əməllərinə davam etməkdə və hətta başqa-başqa vətəndaşları təhdid etməkdədirlər. Ümid edirik ki, ən qısa müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Biləsuvar ƏSMM-nin fəaliyyəti ciddi şəkildə araşdırılacaq və bütün bu məsələlərə tam aydınlıq gətiriləcək. Çünki mövcud problemlər, ayrı-ayrı strukturlarda yol verilən neqativ hallar ifşa olunub aradan qaldırılmadıqca bu sahədə həyata keçirilən islahatların da tam effektivliyi ilə nəticələnməsi mümkün deyil. Təəssüflər olsun ki, bu gün əksər rayonlarda fəaliyyət göstərən ƏSMM-lərdə baş alıb gedən özbaşnalıqlar, bu mərkəzlərin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması halları hələ də dövlət islahatlarının tam gücü ilə həyata keçirilməsini əngəlləyən faktorlar kimi çıxış edirlər.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net