Neftçala təhsilinin «xaç anası»
Tarix: 4-02-2016, 09:17 |
Çap et
Ötən günlərdə Neftçala təhsilində yaşanan biabırçılıqlar barədə yazmışdıq. Bildirmişdik ki, rayondakı orta məktəblərin təmiri üçün ayrılmış yüz minlərlə manatın nəyə xərcləndiyi müəmma olaraq qalıb. Çünki hazırda Neftçaladakı əksər orta məktəblərin kordiorları belə bərbad vəziyyətdədir. Halbuki həmin məktəblər sənəd üzərində təmir olunmuş kimi qeydə alınıb.
JAM.AZ-ın məsələ ilə bağlı apardığı araşdırma nəticəsində məlum olub ki, rayon təhsilinə rəhbərilik edən Əjdər Kərimov elə də söz sahibi deyil. Daha doğrusu, onun fəaliyyətini kurasiya edən əsas şəxs başqasıdır. Məlumatlara görə, təhsil sahəsində keçirilən tenderlərdən tutmuş, təmir işlərinin, dəftərxana ləvazimatlarının alınmasına qədər proseslərə Neftçalada bir nəfər nəzarət edir.
İddia olunur ki, Neftçala icra başçısının ictimat-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova rayon təhsilinin «xaç anası» sayılır. JAM.AZ-a verilən bilgilərdə vurğulanır ki, xanım Sadıqovanın Əjdər Kərimovla birlikdə həyata keçirdiyi işlər isə nəticə etibarı ilə Neftçala təhsilini bərbad vəziyyətə salıb.
Mənbələr vurğulayırlar ki, direktorların təyin edilməsi, dərs saatlarının bölüşdürülməsi və hətta ən incə məqamlar belə icra başçısının müavini isə məsləhətli şəkildə həyata keçirilir. Neftçala təhsil şöbəsinin müdiri Əjdər Kərimovun uzunmüddətdir vəzifə başında qalmasında da Gültəkin Sadıqovanın mühüm rolunun olduğu deyilir.
Xatırladaq ki, hələ bir neçə il əvvəl xanım Sadıqovanın adı pulyığma olayına qarışmışdı. Həmin vaxt mətbuat yazırdı ki, rayonda bütün idarə və müəssisələrdən «xərac» toplanılır və prosesə isə icra başçısının müavini rəhbərlik edir. Buna səbəb kimi müavinin pulyığma işində ciddi «təcrübəyə» malik olması göstərilirdi.
Qarşı tərəfi dinləməyə hazırıq.