Müzəffər Cəfərovun “103 əməliyyatı” davam edir
Tarix: 2-02-2016, 08:42 |
Çap et
Redaksiyamızın ünvanına ilk belə yazı hələ ötən ilin mart ayında daxil olmuşdu. Məsələ bundadır ki, həmin ərəfədə də biz qəzeimizin səhifələrində Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin fəaliyyətində müşahidə olunan bir sıra neqativ hallardan, həmçinin müəssisənin direktoru Müzəffər Cəfərovun öz işində yol verdiyi çeşidli qanun pozuntularından bəhs edən bir neçə tənqidi material dərc etmişdik. O cümlədən həmin materialların sırasında Laçın rayonunun Qarakeçdi kəndindən qaçqın düşmüş beş ailəni təmsil edən Qələndərova Pekar Misir qızı, Hümbətova Roza Həsən qızı, Misirov Misir Sərdar oğlu, Qələndərov Xaləddin Əşrəf oğlu və Qələndərova Telli Qulu qızı tərəfindən 2012-ci ildən bəri redaksiyamıza dəfələrlə təqdim olunmuş şikayət ərizələri əsasında hazırladığımız yazılar da yer almışdı. O zaman da bütün bu problemlərin həllində qətiyyən maraqlı olmayan Müzəffər Cəfərov redaksiyamızın ünvanına guya ki, nə az, nə çox, düz 103 nəfərin “imzaladığı” etiraz məktubunun daxil olmasını təmin etmişdi. Təbii ki, həmin məktubun mətnini burada xatırlatmaq kimi niyyətimiz yoxdur. Sadəcə olaraq qeyd edək ki, məktubda həm Müzəffər Cəfərovun əməllərindən şikayətçi düşmüş vətəndaşlar, həm də biz iftiraçı, böhtançı, şantajçı və rüşvətxor kimi təqdim olunmuşduq.
İndi görün nə baş verir. Bir neçə gün bundan öncə redaksiyamızın elektron ünvanına vətəndaş Muradov Vidadi Yaqub oğlu tərəfindən imzalanmış ərizə-müraciət daxil olmuşdur. Vidadi Muradov öz ərizəsində bildirir ki, o, bir müddət bundan əvvəl Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə gözətçisi vəzifəsində işləyib. Lakin rəhbərliyin, daha dəqiq desək, şəxsən Müzəffər Cəfərovun yol verdiyi ciddi qanun pozuntularına qarşı çıxdığına görə, qeyri-qanuni olaraq işdən azad olunub. Bu məsələnin də təfərrüatları qəzetimizin 27.01.2016-cı il tarixli sayında dərc olunmuş “Ağcabədi meşə müəssisəsində maaş kartı maxinasiyası” sərlövhəli tənqidi yazıda əks olunub. Artıq yanvar ayının 29-da isə, elektron ünvanımıza Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən növbəti məktub daxil oldu. Yəqin ki, artıq siz də başa düşdünüz. Bu dəfə də Müzəffər Cəfərovun özbaşınalıqlarından şikayət etdiyinə görə, vətəndaş Muradov Vidadi və bu şikayətlər əsasında tənqidi material hazırladığımıza görə, biz yenə də böhan və şər atmaqda itiham olunuruq. Amma maraqlı cəhət heç də bundan ibarət deyil. Fikir verin, 29.01.2016-cı ildə aldığımız məktub da, eynilə 2015-ci ilin mart ayında aldığımız məktub kimi düz 103 nəfər tərəfindən imzalanıb. Hər iki məktubun mətnini yanaşı qoyduqda, dərhal məlum olur ki, aşağıda əks olunan imzalar əslində yalnız bircə dəfə, ötən il qoyulublar (soyadları və imzaların ardıcıllığı, soyadların yazıldığı xəttin eyniliyi, hətta vərəqədə əks olunmuş ləkə və kənar cizgilərin şəksiz eyniliyi bunu deməyə tam əsas verir). Yeganə fərq bundadır ki, keçən il məktubda redaksiyamızın digər bir əməkdaşının Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə gedərək, müəssisənin işçiləri İbrahimov Oktay Mudar oğlu, Xəlilov İnşallah Bəylər oğlu, Cəfərov Ədalət Ənvər oğlu və daha bir neçə nəfərdən 500 manat istədiyi bildirilmişdi. Bu dəfəki məktubda isə, artıq bu əməl birbaşa “Bizim Dövrün” baş redaktoruna şamil edilir. Qalan bütün məqamlar isə, dəyişməz olaraq qalıb. Hətta elə təəssürat yaranır ki, Müzəffər Cəfərovun bu işçiləri hələ ötən ilin mart ayından işlədikləri idarənin qarşısından çəkilməyiblər (üzr istəyirəm, amma belədirsə, görün indi həmin müəssisənin qarşısında necə bir antisanitar vəziyyət yaranıb).
Bundan başqa isə, bu dəfəki məktubun müəllifi mətnə hətta bir neçə təhqiramiz ifadə əlavə etməyi də özünə rəva görüb. Ola bilsin ki, keçən ilki iftiralarına qarşılıq olaraq, bizim susmağımız və məhkəməyə müraciət etməməyimiz Müzəffər Cəfərovu (və ya onun əlaltılarını) bir qədər cürətləndirib. Amma bu dəfə artıq belə olmayacaq. İlk növbədə aydın olur ki, Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsin rəhbərliyi və onunla əlbir işləyən bir qrup əməkdaşı sözün əsil mənasında saxtakarlıqla məşğuldurlar. Çünki 103 nəfər vətəndaşın imzasını uydurma, böhtan xarakterli ittihamların altına, həm də aralarında bir illik fasilə olmaqla iki dəfə ardıcıl yerləşdirməyin özü bir cinayət əməlidir. Hətta, bundan sonra Müzəffər Cəfərov bundan sonra həmin yüz üç nəfərin hamısını bir araya gətirib, onlara yeni vərəqəyə imza atdıra bilsə də, istənilən ekspertiza elektron ünvanımıza daxil olan məktubların ondan fərqli olduqlarını dərhal sübut edəcək. Bundan başqa, adları çəkilən əməkdaşlar baş redaktorun (keçən il isə, digər əməkdaşımızın) guya ki, konkret tarixlərdə Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsində olduğunu təsdiqləyiblər. Təbii ki, bunun həqiqət olmadığını isbatlamaq, Müzəffər Cəfərovun bir çox digər maxinasiyalarını sübuta yetirməkdən qat-qat asandır.
Bütün bunlardan aşkar görünür ki, Müzəffər Cəfərov başına bir qrup cinayətə meyilli insanlar toplayaraq, özlərinin Ağcabədi meşələrində törətdikləri çeşidli özbaşınalıqları ifşa etməyə cəhd göstərən istənilən mənbənin “susdurulması” üçün dəral şər və böhtan kampaniyasına, “üzədurma”lara və digər çirkin, qanunsuz hərəkətlərə başlayırlar.
Təbii ki, “Bizim Dövr” qəzeti olaraq, biz artıq bu dəfə Müzəffər Cəfərovun və onun ətrafındakı “üzəduranlar” komandasının ifşası üçün bütün lazımi tədbirləri görəcək və bu məqsədlə, ilk növbədə ciddi araşdırmaların aparılması tələbilə məhkəməyə müraciət edəcəyik.