İki gün öncə respublikanın daxili işlər orqanları tərəfindən insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız və müddəti bitmiş yeyinti məhsullarının satışının qarşısının alınması sahəsində növbəti uğurlu əməliyyat tədbirinin həyata keçirilməsi barədə məlumat verildi.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri -“Al-Sana” MMC-nin satış meneceri Vüqar Namazov və sürücü Kamil Mehdiyev 200 kiloqrama yaxın istifadəyə yararsız və müddəti bitmiş “Fitnes” kolbasa və sosiska məmulatlarını satarkən saxlanılıb.
Faktla bağlı toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.
Moderator.az-ın apardığı araşdırmalar nəticəsində isə məlum olub ki, "Marka" şirkəti olaraq fəaliyyət göstərən firma məhsullarını “Al-Sana” MMC-nin sexində istehsal edir. Firma “Fitnes” kolbasa və sosiska brendi ilə TV kanallarında reklam olunur. Şirkət halallıq sertifikatı almamasına baxmayaraq halal adından istifadə edir.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, “Fitnes” kolbasa və sosiskasının təsisçiləri həm də dini qrup olan sələfilərin nümayəndələridir. Bunların biri Mədinədə təhsil almış və «mədinə tələbəsi» adı ilə məşhur olan Ramil Soltanovdur. Özünü sadə insan kimi təqdim etməsinə baxmayaraq, əslində lüks həyat tərzi ilə məşhurdur. Zəngin sələfilərin din adamı kimi tanınır. Özü son model "Range Rover", ikinci həyat yoldaşı son model "Prado" sürür.
Şirkətin digər təsisçisi isə İlkin Nuriyevdir. Bu adam isə bir dövlət adamının oğlunun çox yaxın dostudur.
Həmtəsisçilərdən biri isə «SAB» şirkətinin şəriklərindən birinin qardaşı sələfi Rövşən Abdullayevdir.