"Məni də MTN - nin törətdiyi qanunsuz əməllərin qurbanı - zərərçəkən kimi tanısınlar..."
Tarix: 26-11-2015, 10:09 |
Çap et
Azərbaycan Respublikası Baş Prokurorluğu MTN əməkdaşlarının həbsi ilə bağlı bu gün məlumat yayıb. Məlumatda deyilir ki, Baş Prokurorluq tərəfindən aparılan istintaq 57 Azərbaycan vətəndaşını Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının törətdiyi cinayət əməllərinin qurbani, yəni zərəçəkmiş şəxs kimi tanımışdır.
Əvvəla, MTN qurbanlarının 57 nəfər olması reallığı əks etdirə bilməz. Son 11 ildə MTN-ə rəhbərlik edən Eldar Mahmudov və onun komandası məgər cəmi 57 nəfərinmi anasını ağlar qoyub? Təkcə mətbuatda açıqlanan məlumatlara istinad etsək bu ədədin ən azı 100-ə vurulmalı olması qənaətinə gəlmək olar.
Məlumat üçün deyim ki, MTN-nin qanunsuz hərəkətlərinin qurbanlarından biri də mənəm. 2007-ci ildə Eldar Mahmudovun rəhbərlik etdiyi struktur tərəfindən qanunsuz təqiblə, fiziki, psixi və mənəvi təziqlərlə üzləşmiş və bununla bağlı Azərbaycanı tərk etmək məcburiyyətində qalmışam. Eldar Mahmudovun bandası məni əsassız və qanunsuz olaraq xüsusilə ağır cinayət törətməkdə ittiham etmək istəyirdilər.
Burdan Azərbaycan Respublikası Baş Prokurorluğuna səslənir və istintaqı aparan səlahiyyət sahiblərindən tələb edirəm ki, bir Azərbaycan vətəndaşı olaraq məni də MTN-nin törətdiyi qanunsuz əməllərin qurbanı - zərərçəkən kimi tanısınlar. Eyni zamanda təhlükəsizliyimə təminat verəcəkləri təqdirdə Azərbaycana qayıdıb, 2007-ci ildə MTN tərəfindən qanunsuz təqibimlə bağlı ifadə verməyə hazır olduğumu bəyan edirəm.
Ataxan Əbilov