Problem: "Azəriqaz"da ardı-arası kəsilməyən"təmir-quraşdırma" işləri
Tarix: 1-04-2015, 12:19 |
Çap et
Yəqin ki, artıq hər kəs "Azəriqaz"ın az qala hər gün bir neçə rayonda qaz təchizatının məhdudlaşdırılacağına dair yaydığı elanları eşitməyə, oxumağa və dinləməyə vərdiş edib.
Son bir neçə ildir ki, ölkənin qaz operatoru müntəzəm olaraq "təmir-quraşdırma, profilaktika və ya yeni xətlərin birləşdirilməsi" kimi standart səbəblər göstərərək az qala hər gün bir neçə rayonun, yaxud yaşayış məntəqəsinin qaz təchizatını məhdudlaşdırır. Məsələn, oxşar elanlardan biri elə bu gün yayılıb. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 12:00-dək Bərdə, saat 16:00-dək Sabunçu, saat 18:00-dək Ağdaş və Şəki, işlər başa çatanadək isə, Binəqədi, Xətai və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Fasilələrin yaranması yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaz tənzimləyici qurğunun quraşdırılması ilə əlaqədardır. Lakin, nə sirdirsə, abonentlər qaz təchizatının kəsildiyi həmin saatlarda yaşadığı ərazidə heç bir "təmir-quraşdırma" işlərini müşahidə edə bilmir. Bəs "Azəriqaz"ın hər gün bu və ya digər rayonda, yaşayış məntəqələrində hər dəfə eyni səbəb göstərərək qaz təchizatını kəsməsinin sirri nədədir? Doğrudanmı "Azəriqaz"ın təmir-quraşdırma briqadaları bu cür intensiv işləyir və paytaxt Bakıda, rayonlarda "gözəgörünməz" təmir-quraşdırma işləri bu cür intensiv xarakter alıb?
Ümumiyyətlə, bu gün ölkənin qaz təchizatı sistemində problemlər təkcə hər dəfə eyni səbəb göstərərək bir neçə rayonda qaz verilişinin müvəqqəti dayandırılması ilə məhdudlaşmır. Bir çox rayonlarda, o cümlədən Bakıətrafı qəsəbələrdə qazın təzyiqi həddindən artıq aşağıdır. Günün müəyyən vaxtlarında təzyiq o qədər azalır ki, qaz cihazları işləmir. "Azəriqaz" isə, hər dəfə bunu qışa hazırlıqla izah edir. Halbuki, qaz təchizatı haqqında qanunda xidmətin yay və qış variantları barədə danışılmır. Qanunda aydın deyilir ki, şirkət fasiləsiz və keyfiyyətli təchizatı təmin etməlidir. "Azəriqaz" sistemində maxinasiyalar, pis qaz təminatı və mövcud qaz itkiləri barədə mətbuatda dəfələrlə məlumatlar yer alıb. Qeyd edək ki, 2009-cu ilin iyulunda dövlət başçısı İlham Əliyevin fərmanı ilə "Azəriqaz" ARDNŞ-nin tərkibinə qatılıb. Bunun müsbət tərəfi o olub ki, adambaşına qaz istehlakı 2,5 dəfə - 890 kubdan 330 kuba azalıb. Çünki həmin struktur dəyişikliyinə qədər ölkənin qaz təchizatı sistemində ildə 1,5-2 milyard kubmetr qaz "pripiskası" baş verirdi. Mütəxəssislərin ehtimallarına görə isə, "Azəriqaz"ın qaz təchizatını tez-tez dayandırması və təzyiqi kəskin azaltması heç də "qışa hazırlıq", yaxud ardı-arası kəsilməyən "təmir-quraşdırma" işləri ilə bağlı deyil. Əsl səbəb "Azəriqaz" sistemində maxinasiyaların ört-basdır edilməsi, heç cür izahı olmayan qaz itkisinin yerinin doldurulmasıdır. Çünki ARDNŞ "Azəriqaz"a əhalinin tələbatını ödəyəcək qədər qaz verir, lakin verilən qaz həcminin bir hissəsi hələ də itkiyə gedir və "Azəriqaz" abonentlərin smart tipli sayğaclarla təmin olunmasına, qazpaylayıcı şəbəkənin yenilənməsinə xərclənən vəsaitlərə baxmayaraq "qaz itikisi"ni hələ də aradan qaldıra bilməyib. Digər ehtimal isə əhalidən qənaət edilən qazın yenidən ARDNŞ-ə qaytarılması və oradan ixraca yönəldilməsidir. Ümumiyyətlə, Azərbaycanın qaz operatorunun işi heç dövlət başçısını da qane etmir. Belə ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında "Azəriqaz"ın və Dövlət Neft Şirkətinin bu istiqamətdə apardığı işlərin qəbuledilməz olduğunu bəyan etmişdi. Və çıxışında qazlaşdırma ilə bağlı prosesin ləng getdiyini vurğulamışdı. Lakin qazlaşdırmanın sürətinin aşağı düşməsi ARDNŞ və onun tərkibinə verilən "Azəriqaz" la bağlı problemin ancaq bir hissəsidir. Şirkət bunu daha qlobal layihələrə başının qarışması ilə izah edə bilər. Bəs hər gün bir neçə rayonun qazını kəsməyi, yaxud abonentlərə verilən qazın təzyiqini heç bir izah vermədən aşağı salmağı necə izah edəsən?