Qaz savaşında mühüm gəlişmə - Tehran üzünü Bakı və Ankaraya çevirir
Tarix: 12-08-2015, 10:37 | Çap et
Qaz savaşında mühüm gəlişmə - Tehran üzünü Bakı və Ankaraya çevirir
İranın nüvə dosyesi ilə bağlı Tehranla “altılıq” ölkələri arasında ötən ay əldə olunan Vyana anlaşmasından sonra cənub qonşumuzun sivil dünyaya sanki yeni bir açılışı başlayıb. Eyni zamanda böyük bir bölgədə, həmçinin İranın Qərb, Türkiyə və Azərbaycanla, digər qonşuları ilə münasibətlərində keyfiyyət dəyişiklikləri özünü göstərməkdədir. Hətta proseslərin regionun yenidən şəkillənməsinə gətirəcəyini real sayanlar var.

Əsas diqqət gözlənildiyi kimi, sanksiyalardan qurtulmuş Tehranın nəhəng neft-qaz potensialı və bu potensialın necə reallaşacağınadır. Çünki sözü gedən potensial dünya enerji bazarında vəziyyəti kökündən dəyişə bilər. Odur ki, hamı, ələlxüsus qonşu ölkələr bu prosesdən daha çox pay götürmək üçün tələsir və İranla daha tez anlaşmaya can atır.

***
Bu arada İran Azərbaycanla birgə dünya bazarlarına qaz ixracı məsələsinə dair Bakı ilə danışıqlara başladığını bəyan edib. Musavat.com-un məlumatına görə, bu barədə İranın İSNA agentliyi xəbər yayıb. “Bu, o anlama gəlir ki, Tehran artıq qazın Avropaya boru xətti ilə çatdırılması planına qayıdıb” - agentlik qeyd edir. Agentlik habelə, İranın Milli Qaz Şirkətinin direktoru Əlirza Kamalinin sözlərinə istinadən xəbər verir ki, onun şirkəti bu problemlə bağlı ARDNŞ-lə ciddi danışıqlara başlayıb.

“Tehran və Bakı qaz ixracı layihələrinə birgə sərmayələr qoymaqla bağlı danışıqlar aparıblar. Eyni zamanda İran yaxın üç ildə qaz istehsalını artırmaq niyyətindədir”, - deyə Kamali vurğulayıb. İSNA-ya görə, nəhəng neft yataqları çoxdan imkan yaradırdı ki, İran Avropaya əsas qaz ixracatçılarından birinə çevrilsin.

Yada salaq ki, İranla qaz danışıqlarını vaxtilə NABUCCO konsorsiumu və İsveçrənin energetik nəhəngi EGL stimullaşdırmışdı. Lakin müxtəlif əngəllər, ilk növbədə də sanksiyalar məcbur elədi ki, hər iki potensial tərəfdaş Avropaya qaz xətti planlarına İranı daxil eləməsin. Lakin sanksiyalar götürüldükdən sonra bu məsələ yenidən gündəmə gələ bilər.

İSNA qeyd edir ki, hazırkı şərtlərdə Azərbaycanın iştirakı ilə daha ciddi plandan danışmaq olar. Sitat: “Belə ki, az öncə Tehrana səfəri zamanı Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranın neft naziri Bican Zəncaniyə demişdi ki, İslam Respublikası öz neft-qazını Avropaya çatdırmaq üçün Azərbaycanın hazırkı infrastrukturundan, xüsusən də Bakı-Tiflis-Ceyhan xəttindən istifadə edə bilər. Mustafayev onu da əlavə eləmişdi ki, gələcəkdə Tehran TANAP-a (Trans-Anadolu Qaz Kəməri) da qoşula bilər”.

Azərbaycanlı naziri Tehranda prezident Həsən Ruhani də qəbul eləmişdi; bu da sözsüz ki, tərəflər arasında danışıqların, xüsusən də Tehranın məsələdə tranzit və ixracatçı ölkə kimi Azərbaycana verdiyi önəmi nümayiş etdirirdi.

Xatırladaq ki, 1850 km-lik TANAP kəməri “Şahdəniz-2" qazının Türkiyəyə, oradan da Avropaya çatdırılmasını nəzərdə tutur. Kəmərin inşası bu ilin martında başlayıb və 2018-ci il üçün yekunlaşmalıdır.

***
Pozitiv haldır ki, Vyana anlaşmasından sonra üç qonşu və aparıcı müsəlman dövləti - İran, Türkiyə və Azərbaycan arasında siyasi-diplomatik, iqtisadi-ticari, energetik və digər sahələr üzrə yaxınlaşma prosesləri sürətlənib. Bunu həm də yüksək çinli rəsmilərin qarşılıqlı səfərləri təsdiq edir. İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyəyə səfərinin də təhlilçilərin qənaətincə, çox faydalı olacağı ehtimal olunur. Nazirin iki ölkə arasında əsas ziddiyyətli məsələ olan Suriya böhranına dair Ankaraya həll variantı təklif edəcəyi gözlənilir.
Bundan öncə İran-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, İran parlamentinin İqtisadiyyat komissiyasının üzvü Zərifin Türkiyəyə gözlənilən səfərini şərh edərkən demişdi ki, İranla Türkiyə öz aralarında ticarət dövriyyəsinin həcmini 30 milyard dollara çatdırmaq barədə düşünməlidir, çünki buna iki ölkənin potensialı var.

Sitat: “Əlaqələr həm siyasi, həm də iqtisadi sahədə genişləndirilməlidir. Bizim əlaqələr xüsusilə də təhlükəsizlik sahəsində çox əhəmiyyətlidir. İran və Türkiyə iqtisadiyyatı bir-birini tamamlayır. İki ölkə iqtisadiyyatının potensialı o qədər genişdir ki, ticarət əlaqələri 30 milyard dollardan da artıq ola bilər. Ümid edirik ki, qarşılıqlı səfərlər öz müsbət təsirini göstərəcək və mövcud problemləri və anlaşılmazlıqları müəyyən qədər aradan qaldıracaq”.

Daha öncə isə rəsmi Tehran 7 ölkə vətəndaşlarına qarşı viza rejiminin ləğv etdiyini açıqlamışdı. Maraqlıdır ki, onların arasında qonşu Azərbaycan, Türkiyə və Gürcüstan olsa da, Ermənistan və Rusiya yox idi...

***
Hər şeydən göründüyü kimi, Tehran ilk növbədə üzünü Bakı və Ankaraya tutmağa başlayıb ki, bu da hər üç tərəfə çox ciddi qarşılıqlı iqtisadi, energetik, siyasi-diplomatik dividentlər vəd edir. Söhbət həm də bölgədə qarşılıqlı etimadın güclənməsi və etibarlı təhlükəsizlik sisteminin yaradılmasından gedir. Çünki iqtisadi bağlılıq həmişə siyasi bağlılıq yaradır və qarşılıqlı inam-etimadı möhkəmlədir. Belə münbit şəraitdə isə istənilən ortaq problemin və ya təhlükənin (PKK, İŞİD və s.) həlli xeyli asanlaşır.

O da sirr deyil ki, dünyanın müəyyən məkrli dairələri İslam dünyasını zəiflətməyə, xüsusən də onun Türkiyə və İran kimi qabaqcıl, güclü dövlətləri arasında nifaq salmağa çalışırlar. Şimal qonşumuz Rusiya da o qəbildəndir və heç şübhəsiz Bakı-Tehran-Ankara qaz danışıqlarına və mümkün (tranzit) anlaşmalarına isti baxmır və baxmayacaq. Eləcə də onun regiondakı yeganə forpostu, marionet Ermənistan. Aydındır ki, dünya okeanına çıxışı olmayan işğalçı ölkənin o halda kəmər arzuları və özünün çökməkdə olan iqtisadiyyatını böyük tranzit gəlirləri hesabına dirçəltməklə bağlı gözləntiləri puç olur.

Rusiyaya gəlincə, İrana qarşı sanksiyalaradək Moskva 4 əsas məsələdə - Suriya böhranı, vaxtilə KQB-nin yaratdığı PKK məsələsi, Xəzərin statusu və Ermənistan məsələsində Tehranla həmişə demək olar, oxşar mövqe sərgiləyib. Ermənistan da bu mövqedə olub. Lakin Vyana anlaşması ilə həmin ortaq maraqlar arxada qalıb və ya qalmaqdadır.

Kremlin nigarançılığı həm də ondandır ki, məsələn, Xəzərin hüquqi statusu məsələsində İran da Qazaxıstan kimi Azərbaycanla ikitərəfli şəkildə anlaşdıqdan sonra təklənə, habelə Qarabağ məsələsində Tehran Bakını daha güclü dəstəkləyə bilər. Bu yerdə onu da xatırladaq ki, Rusiya yaxınlarda Xəzərin dibi ilə çəkiləcək qaz kəməri ilə bağlı Bakını açıq şəkildə hədələyərək bəyan eləmişdi ki, xəzəryanı ölkələrin razılığı olmadan belə kəmərlər çəkilə bilməz. Hədəf təbii ki, TANAP idi.

Lakin İran TANAP-a qoşulandan sonra bu hədə öz əhəmiyyətini xeyli itirə bilər.
Onu da ciddiyə alanda ki, şimal qonşumuz İranı Avropa qaz bazarında, Qərbə qarşı qaz şantajında özünə əsas rəqib sayır, o zaman önümüzdəki aylarda Kremlin Bakı-Tehran-Ankara münasibətlərinə xal salmaq üçün hərəkətə keçəcəyi və hansısa məkrli planları işə salacağı ehtimalı gözardı edilməməlidir. Son vaxtlar Rusiyanın Güney Qafqazda, işğal edilmiş Gürcüstan ərazilərində və Ermənistanda hərbi cəhətdən daha da möhkəmlənmək planları bu yöndə narahatlığı artırır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net