FHN sahibkar qarşısında öz gücsüzlüyünü etiraf edir
Tarix: 15-05-2015, 10:11 |
Çap et
11 mayda qafqaznews.org saytında “Əhmədli bələdiyyəsi “İST Petrol”-u himayə edir..?” başlıqlı məqalə dərc olunmuşdu.
Məqalə “İST Petrol” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrinin fəaliyyətindən, bunların metro stansiyaları, ətrafdakı evlərin sakinləri üçün təhlükəli olmasından bəhs edirdi.
Gundelik-baku.com və musavat.com saytları da “Əhmədli” stansiyası yaxınlığında yerləşən İST Petrol-a məxsus yanacaqdoldurma məntəqələrinin ətrafda yerləşən binaların sakinləri üçün təhlükə mənbəyi olduğunu yazır.
Onu da qeyd edək ki, Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) müsahibə verən Əhmədli bələdiyyəsinin şöbə müdiri Şahgəldi ( soyadını demədi ) bildirdi ki, “Əhmədli” stansiyası yaxınlığında tikilən məntəqələr əhali üçün təhlükəli deyil: “ Yaşayış evləri metro stansiyasından 100-200 metr məsafədə yerləşirlər ki, bu da mövcud qaydalara uyğundur”.
Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı isə bizə bildirdi ki, yanacaqdoldurma məntəqələri ilə yaşayış evləri arasında məsafə ən azı 1 kilometr olmalıdır.
Onu da qeyd edək ki, Bakı şəhərində İst-Petrol-a məxsus daha 2 yanacaqdoldurma məntəqəsi var. Onlardan biri Nərimanov rayonu ərazisində Səxavət Əliyev küçəsində, Zooparkın yaxınlığında, digəri isə Tbilisi prospektində, Nəqliyyat Nazirliyinin yaxınlığında yerləşir.
Biz hər iki məntəqəyə baş çəkdik. Yanacaqdoldurma məntəqəsinin 50 metrliyində Bakı Zooparkı və yaşayış evi var.
Yasamal rayonu, Tbilisi prospektindəki yanacaqdoldurma məntəqəsinin 2 metrliyində isə “Yeni Həyat” şirkəti yaşayış evləri tikir.
Görəsən, İST-Petrol-un işçiləri bilmir ki, bu yanacaqdoldurma məntəqləri ərtafdakı sakinlər üçün təhlükə mənbəyidir..?
Tbilisi prospektində yerləşən məntəqənin işçisi Abdulla ( soyadını demədi ) sualımıza cavab verməkdən imtina elədi.
Zooparkın yaxınlığındakı məntəqənin işçisi İlkin ( soyadını demədi ) isə sualımıza belə cavab verdi: “ Bu yanacaqdoldurma məntəqəsi 1990-cı ildən fəaliyyət göstərir. Şəhərsalma qanununa görə, yanacaqdoldurma məntəqəsinin yaxınlığında yaşayış binası tikmək olmaz. Bina tikməzdən öncə məntəqə sökülməli idi. Bu olmayıbsa, deməli binanın tikintisi qanunsuz xarakter daşıyır”.
Doğrudan da, Nərimanov RİH yanacaqdoldurma məntəqəsinin yaxınlığında yaşayış binasının tikintisinə nə üçün icazə verib?
Suala cavab almaq üçün İH-nin “Qaynar Xətt”inə zəng elədik. ist-4
İH-nin əməkdaşı 10 dəqiqədən sonra zəng etməyi xahiş etdi: “ Mən sizin sualınızı ümumi şöbə rəisinin köməkçisi İlkinə çatdıraram və o sizin sualınıza cavab verər”.
10 dəqiqədən sonra biz yenidən “Qaynar Xəttə” zəng elədik. İH-nin əməkdaşı bildirdi ki, İlkin müəllim sizin sualınızdan təəccübləndi, çünki həmin bina 10 ildir ki, məntəqənin yanındadır”.
Müxbirimizin “ Nə üçün Nərimanov İH məntəqənin yaxınlığında yerləşən binadakı əhalinin təhlükəsizliyi üçün tədbir görmür?” sualına İH-nin əməkdaşı cavab vermədi.
Ərazisində İST-Petrol-un yanacaqdoldurma məntəqəsi yerləşdiyi üçün Yasamal RİH ilə də maraqlandıq.
Təəssüf ki, İH-nin şöbə müdiri Vaqif ( soyadını demədi ) sualımıza cavab verməkdən imtina elədi.
Yaşayış binalarının tikintisinə nəzarət Fövqəladə Hallar Nazirliyinin səlahiyyətində olduğu üçün qurumun İST-Petrol-un yanacaqdoldurma məntəqəsinin yaxınlığında yaşayan sakinlərin təhlükəsizliyi üçün hansı tədbirlər gördüyü ilə maraqlandıq.
FHN-nin əməkdaşı Zamanov bizə bildirdi ki: “ Bizim nazirlik də Tbilisi prospektində yerləşir, ona görə də problemlə bağlı məlumatlıyıq. İST-Petrol-la məxsus məntəqə neçə illər əvvəl tikilib. Tikintiyə icazəni Bakı ŞİH verib”.
Müxbirimizin “ Nə üçün FHN qəzanı aradan qaldırmaq üçün tədbirlər görmür?” sualına Zamanov belə cavab verdi: “ Tikintiyə nəzarət səlahiyyəti bizə son vaxtlar verilib. Həm də hansı qəzadan söhbət gedə bilər? Məntəqənin yanında ancaq otel var..”.
Müxbirimizin “Məntəqənin 2 metrliyində “Yeni Həyat” şirkəti yaşayış binası tikir” fikrinə nazirliyin əməkdaşı sualla cavab verdi: “ Siz hesab edirsiniz ki, Bakıda yanacaqdoldurma məntəqələri tiklilməməlidir..? Məntəqələr şəhərdən kənara köçürülməlidir? Məgər Avropa ölkələrində şəhərlərdə yanacaqdoldurma məntəqələri yoxdur?”.
Müxbirimizin “Məgər Avropada yaşayış evlərinin yanında yanacaqdoldurma məntəqələri tikilir?” sualına Zamanovun cavabı belə oldu: “ Mən Azərbaycan vətəndaşıyam, Bakıda yaşayıram. Əgər Bakıda məntəqə olmasa, mən avtomobilimə benzin vurmaq üçün şəhərin kənarına getməliyəm?”
FHN-nin əməkdaşı onu da qeyd elədi ki, yanacaqdoldurma məntəqələri yaşayış binalarından uzaqda tikilməlidir.
Müxbirimizin “Axı, Bakıda məntəqələr yaşayış binalarına yaxındır və FHN heç bir tədbir görmür” xatırlatmasına Zamanovun son sözü belə oldu: “ Bizə yazılı müraciət edin, sizin müraciətinizə baxaq”.