«NZS» yolunda dəhşətli mənzərə
Tarix: 16-04-2015, 10:46 | Çap et
«NZS» yolunda dəhşətli mənzərə
…Neçə gündür ki, Bakının NZS» adlanan ərazisindən redaksiyamıza şikayət dolu zənglər edilir. Şikayətçi vətəndaşlar Nobel prospektini Babək prospekti ilə birləşdirən yolun iki ilə yaxındır bərbad vəziyyətdə olması səbəbindən hər səhər və ya axşam bu yolda yüzlərlə maşının və avtobusun tıxacda qalmasından, mənzil başına saatlarla gec çatmalarından gileylənirlər. Səbəb kimi isə təxminən 1,5 km-lik yolda bir neçə yerdə dərin çalaların olması səbəbindən avtomobillərin sərbəst hərəkət edə bilməməsi göstərilir.
«Xətai rayon Yol-Təmir İdarəsinin rəisini sürüyüb həmin çalaya salmaq lazımdır ki…»
Bu gün səhər saatlarında şikayət olunan əraziyə getməli olduq. «Təzadlar»ın Reportyor Qrupu dəhşətli vəziyyətlə üzləşdi. Təsəvvür edin, Babək prospekti ilə hərəkət edərək, «SOKAR» yanacaqdoldurma məntəqəsinin qarşı tərəfindən (30 saylı marrşrut avtobusunun hərəkət yolu) «NZS»ə döndük. Vaxtilə «Gəncə» restoranı kimi tanınan obyektin qarşısından keçən yolla (bura həm də «NZS» pivəsi istehsal edən zavodun qarşısından keçən yol kimi də məşhurdur) hərəkət etməli olduq. Yolun sağ və sol hissələri qarış-qarış satılaraq tikinti malları, ət, tərəvəz, ərzaq və s. satan dükanlarla dolu olsa da, bu obyektlərin birinin müdirinin, üzr istəyirik, qeyrəti çatmır ki, məsələn, hər gün kəsilmiş dananın qanını bu yola axıdıb asfaltı xarab edəndə, həm də bu yolda yaranmış dərin çalaları asfaltlatmağı unutmasın… Eləcə dədəsinin yeri kimi istifadə edib «Moyka» suyunu küçəyə axıdıb asfaltı dağıtdıran nadürüstlərin birinin cəsarəti çatmır ki, məsələn, həmin yoldan sağa, Xətai rayon Hərbi Komissarlığına dönən tindəki dərin çalanı heç olmasa zir-zibillə doldurub burada tıxacın toz-torpağında nəfəs almasınlar. Bu mənzərədən sonra necə deməyəsən ki, deyəsən, Xətai rayon Bələdiyyəsi «ölüb»?! İşi və faydalı əməli yoxdursa, deməli, ölüb…
***
…Amma bunlar bizim düşündüklərimizdir. Və biz həmin yol ilə Nobel prospektinə qədər gəldik. İlahi, hər il Yol Fonduna quzu balası kimi pul ödəyən bu sürücülərə niyə zalımların əli ilə zülm etdirirsən? Axı bir neçə yerdə yaranmış dərin çalaları asfaltla yamamaq yetər ki, bu kəsə yolda tıxac yaranmasın, avtomobillərin altı dağılmasın.
«Altı» demişkən, təsəvvür edin, Babək-Nobel prospektləri istiqamətində, Xətai Hərbi Komissarlığına dönən yolda bir çala var, inanın, Xətai Yol Təmir İdarəsinin rəisinin villasını dağıdıb daş-kəsəyini həmin çalaya doldursalar, yenə də dolmaz! O qədər dərindir ki, bu dar yoldan əgər «KAMAZ» keçirsə, mütləq hamı gözləməlidir ki, arxasınca gələn yüzlərlə maşın keçsin, sonra qarşı yola çıxıb qəza şəraiti yaratmaqla yoluna davam edə biləsən. Və biz nə qədər ehtiyatlı sürsək də, avtomobilimizin altını bu yolda 3 yerdə sürtüb xarab etməli olduq…
Yol polisi əməkdaşı: «Gedin ərizə yazın, Baş Dövlət Yol Polisi İdarəsinə göndərin, onlar da yol idarəsinə göndərsin…»
Nəhayət, belə bir gərginlik altında olan yolda yüzlərlə avtomobilin uzun tıxacını görüb ərazidə DYP əməkdaşlarını axtardıq. Nəhayət, həmin yolun Nobel prospektindəki qovşağında onları tapdıq. Maşından düşüb burada dayanmış 10-YP-349 dövlət nömrə nişanlı yol polisinə yaxınlaşdıq. İki nəfər idilər. Birinin döş nişanı yaddaqalan idi: 0606!
Yaxınlaşıb özümü təqdim etdim:
-Salam!
-Salam…
-Yoldaş serşant, «NZS» yolundakı tıxacdan xəbəriniz varmı?
-Var, odur, ucu da görünür…
-Səbəbini bilmirsiniz?
-Nədi ki?! Bilirik, orda bir neçə yerdə yol dağılıb…
-Bəs niyə tədbir görmürsünüz?
-Demişik…
-Necə demisiniz ki, nəticə yoxdur? Mən bu yolda üç dəfə maşının altındı vurdum…
Digər DYP əməkdaşı mənə «ağıl öyrədir»:
-Siz kimsiniz?
-Azərbaycan vətəndaşı, sürücü…
-Şəxsiyyət vəsiqəniz var?
-Mən boyda adamın şəxsiyyət vəsiqəsi olmaya bilərmi?
-Soruşuram də… Götür bir dənə ərizə yaz, arxasına da şəxsiyyət vəsiqənizin surətini tikib yol idarəsinə göndərin…
-Başa düşmədim, sürücülər Bakının küçələrinə düşüb yırtıq-deşik, çala-çuxur axtarıb yol idarələrinə ərizə yazıb göndərməlidir? Bəs Dövlət Yol Polisinin əməkdaşının vəzifəsi nədir?
Həmsöhbətim əsəbləşir:
-Ay yoldaş, bir də başa salım? Bizdik məsələ deyil…
-Necə yəni, sizlik deyil? Həmin yolda qayda pozanda sizlik olur, amma həmin yolun problemini həll etmək sizlik olmur? «Yol hərəkəti haqqında» qanunda yol polisi əməkdaşının vəzifələri qeyd olunub. Onlardan biri də budur ki, siz yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə təminat verən yola nəzarət etməkdən başqa, yoldakı belə halları görəndə aidiyyəti qurumlara məlumat verməlisiniz…
Döş nişanı 0606 olan serşant əsəbləşir:
-Siz axı kimsiz eeee?
-Mən jurnalistəm…
«Jurnaltst» sözünü eşidən kimi, bayaqdan yol kənarında dayanıb mənimlə çənə vuran DYP əməkdaşları dərhal «asta qaçan namərddir» deyibən, guya yolu nizamlayırlar kimi, Nobel prospektinə doğru qaçıb getdilər…
…Və artıq vəziyyət aydın idi deyə, avtomobilimizə əyləşib redaksiyaya tələsdik. Gördüklərimizi oxucularla, bir də aidiyyəti Dövlət qurumları ilə paylaşmaq üçün…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net