"Parabank" fermeri necə iflic edib - ŞİKAYƏT
Tarix: 26-10-2015, 12:28 |
Çap et
Şirvanlı fermer İqbal Mikayılov prezidentə müraciət edib. Fermer “Parabank” sədri Vəli Quliyevin fəaliyyətini iflic etdiyini yazır:
“Möhtərəm cənab Prezident. 2004-cü ildə təssis etdiyim və ötən ildən qurub yaratdığım, fəaliyyət göstərən ”İLHAM" MMC kəndli fermer təsərrüfatı “Parabank”ın sədri Vəli Quliyevin ucbatından bağlanır, məhv olur. Bu ilin aprel ayının ortalarında bankın sədri Vəli Quliyev şəxsən mənə telefonla bildirdi ki, əlavə girovlar təqdim et, yenidən sizə Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit verim. O zaman mənim adımda olan kreditdə heç bir gecikmə yox idi. Lakin 5 ay məni ələ salan, yollarda girinc qoyandan sonra Kamil adlı işçisini qarşıma çıxarıb dedi ki, sizə kredit vermirik, Vəli Quliyevin sizdən xoşu gəlmir. “Parabank” Vəli Quliyevin atası Eldar Quliyevin şəxsi bankıdır. İstədiyi müştəriyə kredit verir, istəmədiyinə vermir.
Cənab prezident! Siz Nazirlər Kabinetinin son iclasında qeyd etdiniz ki, sahibkarlara köməklik edilsin, fəaliyyətləri genişləndirilsin, iş yerləri açılsın. Eyni zamanda fəaliyyətini dayandıran sahibkarlardan da söz açaraq səbəbinin araşdırılmasını tələb etdiniz. Vəli Quliyev kimə güvənir? Siz deyirsiz sahibkarlara kömək edilsin, bu isə deyir bank mənimdi, özüm bilərəm, kimə kredit verərəm. Mən artıq kəndli fermer təsərrüfatımı bağlamaq qərarına gəlmişəm. Məni bu addımı atmağa vadar edən “Parabank”ın sədri Vəli Quliyevdir. Çünki mən güzəştli kredit alıb tikib yaratdığım fermaları mal-qara ilə doldura bilmədim. Tam məsuliyyətimlə sizi əmin edirəm ölkəmizdə sahibkarlığa köməklik edən yoxdur. Sahibkarlığın inkişafına Vəli Quliyev kimi “krışa”larına arxalananlar ciddi-cəhdlə mane olurlar. Mən Sizin siyasətinizə tam uyğun olaraq “İLHAM” MMC kəndli fermer təsərrüfatını quraraq kifayət qədər heyvandarlıq üçün baza yaratmışam. Amma “Parabank”ın sədri Vəli Quliyev Sizin tapşırıq və tövsiyələrinizə məhəl qoymayaraq mənə kredit vermir.
Elman Rüstəmov bu günə kimi “Parabank”da baş verənlərə heç bir reaksiya vermir. Sanki Vəli Quliyevin barəsində mənasız şikayətlər edirik. Lakin nə Sahibkarlığa Kömək Milli Fondundan, nə Kənd Təsərrüfatı Nazirliyindən, nə Mərkəzi Bankdan şikayətlərimə cavab verilmir. Vəli Quliyevdən soruşan yoxdur ki, aprel ayında sizə kredit üçün sifariş verəndə gecikməsi olmadığı halda niyə 5 ay vətəndaşı süründürmüsən? Hamı gözləyir ki, prezident göstəriş versin, sonra bunlar əl-ayağa düşsünlər. Ona görə mən baş prokuror Zakir Qaralova inanıb rica edirəm, məni qəbul edib dinləsin. Mən çıxılmaz vəziyyətdəyəm.
Cənab Prezident! Sizin göstərişiniz lazımdır ki, Baş Prokurorluq “Parabank”ın sədri Vəli Quliyev barəsində araşdırma aparıb ölçü götürsün. Əgər mənim şikayətim əsasiz olsa məsuliyyət daşımağa hazıram. Mən krediti alıb Vəli Quliyev kimi Avropa ölkələrində kef çəkmək üçün istifadə etməyəcəyəm. Mən fəaliyyətimi genişləndirib Sizin aqrar siyasətinizə töhvə vermək istəyirəm. Sizdən “İLHAM” MMC kəndli fermer təsərrüfatının sahibi kimi xahiş edirəm. İmkan verməyin həvəslə qurub yaratdığım təsərrüfatım məhv olub getsin. Mən dövlətimizin vəsaitindən güzəştli kredit istəyirəm".