Sumqayıt şəhər 1 saylı Doğum Evində “sülh danışıqları”
Tarix: 17-09-2015, 10:26 | Çap et
Sumqayıt şəhər 1 saylı Doğum Evində “sülh danışıqları”
Mövzuya dair son dərc etdiyimiz materialda xüsusi olaraq vurğulanmışdı ki, Doğum Evinin rəhbərliyi məsuliyyətdən yaxa qurtarmaq üçün əlahiddə tədbirlərə əl atmaq məcburiyyətində qalıb. Halbuki, hələ bu yaxınlaradək dərc etdiyimiz materialların nə bu tibb müəssisəsinin rəhbərliyini, nə də Sumqayıt şəhər Səhiyyə İdarəsinin müdiri Ələkbər Tağıyevi narahat etdiyini söyləmək olmazdı. Mənbə xəbər verir ki, məhz Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə cənab Zakir Fərəcovun təyin olunması ilə vəziyyət kəskin şəkildə dəyişmişdir. Belə ki, yeni icra başçısı bu günlərdə Sumqayıtda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri ilə keçirdiyi ilk görüşündə, artıq öz mövqeyini tam ciddiliyi ilə ortaya qoymuş oldu. Bu səbəbdən də 1 saylı Doğum Evinin bəzi əməkdaşları tərəfindən burada müşahidə olunan qanunsuzluqlara dair müxtəlif instansiyalara edilən müraciətlər artıq öz nəticəsini verməyə başlayır. Bu barədə 1 saylı Doğum Evində yeni doğulan uşaqlara qulluq üzrə tibb bacısı vəzifəsində çalışan Samirə Babayevanın təqdim etdiyi açıqlamada bildirilir. Amma daha bir maraqlı məqam da bundan ibarətdir ki, baş həkim Sevda İsgəndərli və Səhiyyə İdarəsinin müdiri Ələkbər Tağıyev gözlənilən cəzadan özlərini qurtarmaq üçün “kompleks” tədbirlər həyata keçirməyə çalışırlar. Belə ki, bir tərəfdən hazırda 1 saylı Doğum Evində mətbuatda dərc olunan və bəzi əməkdaşlar tərəfindən yuxarı instansiyalara ünvanlanan məlumatlardakı faktların guya ki, yalan olduğunu təsdiqləyəcək “bəyannamə”yə məcburi qaydada imzalar toplanır. Son materialda da qeyd etdiyimiz kimi, bu məqsədlə personala belə bir ideya aşılanır ki, doğum evində obyektiv yoxlama aparılacağı təqdirdə işin məhkəməyə çıxacağı, bir çoxlarının məsuliyyətə cəlb olunacaqları və hətta müəssisənin bağlanacağı da gözləniləndir. Bu isə doğum evinin işçilərinin işsiz və maaşsız qalmaları deməkdir. Bütün bunlara da yol verməmək üçün əməkdaşlardan Doğum Evində xəstələrdən rüşvət alınmadığına dair yazılı izahatları imzalamaq tələb edilir. Həmçinin materialda biz qeyd etmişdik ki, bu aksiyanın keçirilməsində xüsusi fəallıqları ilə daha çox seçilən əməkdaşlar cərrahiyə şöbəzinin müdiri Sənan Rəhimov, kadrlar şöbəsinin müdiri Gulya xanım, baş həkimin təsərrüfat işləri üzrə müavini Qələndərova, doğum şöbəsinin baş tibb bacısı Sevda xanım və müəssisənin baş tibb bacısı Qızılgül xanımdır. Beləliklə, bu, Doğum Evinin daxilində görülən tədbirdir. Digər tərəfdən isə, Səhiyyə İdarəsinin müdiri Ələkbər Tağıyevin tövsiyyəsi ilə müəssisənin fəaliyyətindən şikayət edən əməkdaşlardan ən fəallarını “barışığa” çağırmaq cəhdləri də sınaqdan keçirilir. Belə ki, bu haqda açıqlama verən tibb bacısı Samirə Babayevanın sözlərinə görə, bu günlərdə o, kadrlar şöbəsinin müdiri Gulya xanım və təsərrüfat işləri üzrə müavin Qələndərova tərəfindən danışığa dəvət olunub. Söhbət əsnasında ona bildirilib ki, “əks-tədbir” kimi Samirə Babayeva qarşı Doğum Evində imza toplamaq kampaniyası müəssisənin rəhbərliyi tərəfindən deyil, yalnız baş tibb bacısı Qızılgül xanımın şəxsi təşəbbüsü ilə keçirilib. Və bir neçə ərizə toplansa da, bundan rəhbərliyin xəbəri belə olmayıb. Baş verənlərə bu şəkildə “aydınlıq” gətirildikdən sonra isə, Samirə Babayevaya “barışıq” təklif olunub. Başqa sözlə desək, tibb bacısı öz şikayət ərizələrindən imtina etməli, bunun müqabilində isə, ona qarşı tətbiq olunan “təkləmə” siyasətindən əl çəkilməlidir...Barışıq əlbəttə ki, gözəldir.Amma bütün bunlarda bizim üşün qaranlıq qalan bir məqam var. Görəsən, 1 saylı Doğum Evində indiyədək baş verən qanunsuzluqlara görə kim cavab verəcək?

Materialda adı keçən bütün tərəflərin münasibətini öyrənməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net