Saatlı və İmişlidə sağlam “əlil”lərin sayı artıb
Tarix: 7-08-2015, 12:23 | Çap et
Saatlı və İmişlidə sağlam “əlil”lərin sayı artıb
Son vaxtlar bölgələrdə fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti ilə bağlı bu qurumların xidmətlərindən istifadə edən əlil və xəstə vətəndaşların narazılıqları ictimaiyyətin, o cümlədən kütləvi informasiya vasitələrinin diqqətini getdikcə daha çox cəlb edir. Bu mövzuda vətəndaşların aidiyyatı olan qurumlara ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlara və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. Redaksiyamıza daxil olan şikayət məktublarında, fəaliyyətində daha çox neqativ halların müşahidə olunduğu bu tip müəssisələrdən biri kimi də məhz 34 saylı Saatlı-İmişli Regional Tibbi Sosial Ekspertiza Komissiyasının adı çəkilr. Qeyd edək ki, ölkə mətbuatının səhifələrində 34 saylı TSEK-in sədri Ərkinaz Məmmədovanın qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar mütəmadi olaraq dərc olunur. Bildirilir ki, 34 saylı TSEK-də əlillik pensiyası almaq üçün tələb olunan hər bir sənədin öz qiyməti var. Mənbələrin iddiasına görə, bu məqsədlə kimisi kredit götürür, kimisi də mal-qarasını və ya ev əşyalarını satıb əlillik dərəcəsi alır. Buna baxmayaraq nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyalı qurumlar tərəfindən bu məmurun əməllərinə son qoyulması istiqamətində hələ də heç bir tədbir görülməmişdir. Bu vəziyyətdən böyük məharətlə yararlanmaqda davam edən TSEK sədri isə, öz qanunsuz əməllərini tərk etmək niyyətində deyil. Aldığımız məlumatlarda isə bildirilir ki, hazırda 34 saylı TSEK-də əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində çox ciddi nöqsanlar var və elə bunun nəticəsidir ki, hər iki rayonda saxta əlillik dərəcələrinin sayı durmadan artır. Məlumatlardan birində oxuyuruq: “34 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşlara əsassız olaraq əlillik dərəcələrinin verilməsinə dair konkret faktlar mövcuddur. Ümumiyyətlə, bu TSEK-in yarıtmaz fəaliyyəti Saatlı və İmişli rayonlarının camaatını cana gətirib. TSEK-in rəhbərliyi əmək qabiliyyətini itirən şəxs barəsində qanuni əsaslarla əlillik dərəcəsini təyin etməkdən boyun qaçırır. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Artıq bu rayonlarda hamı bilir ki, əlillik dərəcəsi və pensiya almaq üçün hökmən “şirinlik” verməlisən. Həm də bu şirinliyi istəyənlər 5-10 manatla qane olmurlar. TSEK-də vətəndaşlardan əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda rüşvət istənilir. Pulu olmayan və fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi həyata keçirilmir...” İmişli və Saatlı sakinləri tərəfindən təqdim olunan digər bir açıqlamada isə tələb olunan konkret məbləğlər qeyd edilir: “Ərkinaz Məmmədova 34 saylı TSEK-ə rəhbərliyə gələndən sonra 1-ci qrup əlillik almaq üçün qiymət 1500-2000 manatdan 3500-4000 manata qədər qaldırıldı. 2-ci və 3-cü qrup əlillik təyin olunan şəxslərdən isə, əvvəllər 500-1000 manat aralığında “şirinlik” alınırdısa, Ərkinaz Məmmədova bu məbləği 1500-2000 manata qaldırdı...” Məlum olduğu kimi bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatına ünvanlanan vətəndaş şikayətləri əsasında 34 saylı Saatlı-İmişli Regional Tibbi-Sosial Ekspert Komissiyasın keçmiş sədri vəzifəsindən kənarlaşdırılmışdı. Lakin məlum olur ki, 34 saylı TSEK-in sədri vəzifəsinə Ərkinaz Məmmədovanın təyin olunması da heç bir müsbət nəticə verməyib...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net