Kəlbəcər səhiyyəsində Hippokratın dədəsinin gorunu söyürlər...
Tarix: 5-08-2015, 12:40 |
Çap et
Bu gün Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntuları ölkə mətbuatının, o cümlədən bizim qəzetin səhifələrində dərc olunan tənqidi materiallarda tez-tez öz əksini tapmaqdadır. Redaksiyamıza daxil olan məlumatlarda xəstəxananın baş həkimi Mehparə Kazımovanın yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Mənbələr bildirirlər ki, Kəlbəcərin səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Belə vəziyyətin yaranmasını isə şikayətçilər məhz RMX-nın baş həkimi Mehparə Kazımovanın fəaliyyəti ilə bağlayırlar. Artıq qeyd olunduğu kimi Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası (RMX) 1993-cü ilin aprel ayından Göygöl rayonu 7 saylı Sovxoz ərazisində fəaliyyət göstərir. 2013-cü ildən etibarən RMX-nın baş həkimi vəzifəsinə Mehparə Kazımova təyin olunmuşdur. Hazırda RMX-nın xidmət sahəsində Gəncə şəhərində, qismən Samux, Goranboy və Göygöl rayonlarında müvəqqəti məskunlaşmış 25000 nəfər kəlbəcərli məcburi köçkünlərə tibbi xidmət göstərilir. Aldığımız məlumatlarda yerli sakinlərin xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərin olduğu göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bildirilir ki, Kəlbəcər rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Belə ki, şəkərli diabet xəstələrinin pulsuz müalicəsi və dərman preparatlarının verilməsi ilə bağlı son bir neçə ayda narazılıqlar hədsiz dərəcədə artıb. Səbəb isə budur ki, əhaliyə vaxtı-vaxtında şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanlar və lazım olan şəkər analizi üçün çubuqlar ya pulla satılır, ya da ümumiyyətlə verilmir. Rayondan aldığımız digər bir məlumatda isə qeyd olunur ki, RMX-nın Ginekologiya şöbəsində aparılan qanunsuz abortlar nəticəsində həkimlər yaxşı gəlir əldə edirlər. Sözsüz ki, həmin vəsaitin çox hissəsi də məhz Mehparə Kazımovanın cibinə gedir. Elə doğum şöbəsində də doğuş üçün konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə ümumiyyətlə buraxılmır. Bu gün Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar müşahidə olunmaqdadır. İnfeksion xəstəliklərin profilaktikası məsələsində isə burada ümumiyyətlə tam fəaliyyətsizliyin şahidi olmaq olar. Həmçinin daxil olan məlumatlarda qeyd olunur ki, Mehparə Kazımova RMX-ya tələb olunandan xeyli artıq sayda sanitar-xadimələr işə götürüb. Onların hər birinə isə 140 manat məbləğində aylıq maaş yazılır. Lakin bu pulların da düz yarısı qarşılıqlı razılıq əsasında baş həkim tərəfindən mənimsənilir. Digər tərəfdən də mərkəzi xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Ümid edirik ki, Səhiyyə Nazirliyinin rəhbərliyi irəli sürülən ittihamların ciddiliyini nəzərə alaraq, ən qısa zamanda Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətini təftiş etmək üçün lazımi göstərişləri verəcəkdir.
Vertikal.az