Raqub Məmmədov vəzifə üçün ermənilərin əlinə hansı «kozırı» verib?
Tarix: 3-08-2015, 11:53 |
Çap et
Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Ağdamın icra başçısı Raqub Məmmədov sələfi Nizami Sadıqovu devirmək üçün təkcə özünün imkanlarından deyil, həmçinin onu etibar edilmiş vəzifəsindən sui-istifadə edib. JAM.AZ-a verilən məlumata görə, qalmaqala səbəb olmuş, hətta erməni mətbuatının mövzu ilə bağlı tirajladığı həmin xəbər isə Nizami Sadıqovun qumar oynaması ilə bağlıydı.
Qeyd edək ki, Ağdamın sabiq icra başçısının qumar oynadığı və bir çox məmurlarla bu işi təşkil etdiyinə dair xəbər sonda onun vəzifəsindən getməsinə səbəb oldu. Həmin vaxt Sadıqov mətbuata açıqlama verərək, qumar oynamadığını deməklə yanaşı, həm də bus öz-söhbətin artıq ermənilər tərəfindən tirajlandığını bildirmişdi. Onun bu açıqlamasına rəğmən, işin təfərrüatının fərqli olduğu tam aydın idi. Və zaman içində məlum oldu ki, məsələ ustalıqla deyil, qeyri-peşəkarcasına təşkil olunub.
JAM.AZ-ın araşdırması nəticəsində məlum olub ki, Nizami Sadıqovun qumar oynaması haqqında məlumatlar həmin vaxt Tərtər MTN-ə rəhbərlik edən Raqub Məmmədov tərəfindən dövriyyəyə buraxılıb. Polkovnik Məmmədovun bu məlumatları hansı məqsədlə dövriyyəyə buraxdırdığı sirr deyil. Çünki yekun nəticədə Sadıqovun yerinə özünün icra başçısı olmasını təmin etməyə nail olub.
Əldə etdiyimiz məlumata görə, icra başçısı olmaq üçün çalışan Raqub Məmmədov Nizami Sadıqovun müavinlərindən birini öz tərəfinə çəkərək, ona bir xeyli vədlər verib. Bunun ardından isə Tərtər MTN-nin balansında olan xüsusi dinləmə və çəkiliş üçün nəzərdə tutulmuş avadanlıqlardan yararlanıb. Və həmin müavin görüntülər ala bilən cihazla təhciz edildikdən sonra Nizami Sadıqovun keçirdiyi rəsmi və qeyri rəsmi görüşlərə qatılıb. Nəticədə, ip ucları tapılıb və Sadıqovun işdən çıxarılması üçün zəruri olan bütün dosye lazımi qurumlara təqdim edilib.
Amma Raqub Məmmədovun buradakı səhvlərinin sayı həddindən artıq çoxdur. Birincisi, keçmiş polkovnikə Tərtər rayonunda Azərbaycan dövləti və dövlətçiliyinin təhlükəsizliyini təmin etmək tapşırılıb. Bu ayrı məsələdir ki, Tərtər rayonunda bu işlər hansı səviyyədə təşkil olunub.
İkincisi, Raqub Məmmədov cəbhə xəttində yerləşən bir rayonun təhlükəsizliyinə cavabdeh şəxs olub və onun ixtiyarına verilmiş texniki avadanlıq və cihazlardan yalnız təyinatı üzrə istifadə oluna bilərdi. Onun başqa bir rayonun icra başçısını pusması, izləməsi qanunla yol verilməyən hərəkət olmaqla yanaşı, həm də onun səlahiyyətində olan məsələ deyildi. Üstəlik, heç bir tapşırıq olmadan belə bir addım atması MTN polkonikinə yaraşan hal da deyil.
Üçüncüsü, Raqub Məmmədov ərazisinin 2/3-si işğal altında olan Ağdam rayonunun icra başçısı haqqında belə məlumatları yaymaqla və ya mətbuata çıxarmaqla ciddi qanun pozuntusuna yol verib. Üstəlik, ermənilərin də əlinə Azərbaycan iqtidarını tənqid etməyə imkanlar yaradıb.
Təbii ki, Nizami Sadıqovun qumar oynaması yaxşı hal deyil və bu barədə məlumat olduğu halda onun araşdırılması və müəyyən edilməsi pis bir nəticə deyil. Lakin bir şərtlə ki, bu barədə mümkün dəlil və sübutlar lazımi qurumlara təqdim olunmaqla, səssiz şəkildə həllini tapmalıydı. Daha Raqub Məmmədov kimi, onu bütün dünyaya çatdırmaqla deyil.
P.S. İstər Müdafiə Nazirliyi, istərsə də Prezident Admnistrasiyası mütəmadi olaraq ölkə mətbuatının nümayəndələrinə xəbərdarlıq edir ki, cəbhə xəttində yerləşən rayonlar, Azərbaycan Ordusu ilə bağlı məlumatlar yayarkən diqqətli olsunlar. Bunu belə əsaslandırırlar ki, hər hansı bir yanlış məlumat sonda Azərbaycan dövlətinə qarşı çevrilir və düşmən bundan təxribat törətmək üçün istifadə edir. Təbii ki, biz mətbuat orqanı olaraq durumun ciddiyyətinin fərqindəyik. Üstəlik, dövlət qurumlarının tövsiyyələrinə riyayət etməyə çalışırıq. Amma həmin dövlət qurumları cəbhə xəttində yerləşən bir rayonun rəhbəri haqqında «qumar oynamaq», «eyş-işrət məclisləri təşkil etmək» kimi məlumatları dövriyyəyə buraxan və bununla erməni mətbuatının dilinə düşməyimizə səbəb yaradan vəzifə hərislərini də araşdırsa, yaxşı olar.