3 icra başçısı parlament seçkilərinə qədər postu ilə vidalaşacaq
Tarix: 30-06-2015, 13:18 |
Çap et
Azərbaycanda yeni bir dönəm başlayır. Hökumət mühim bir beynəlxalq yarışmanı, mədəni-idman tədbirini yüksək səviyyədə təşkil edərək yekunlaşdırdı. İndi isə yeni bir mərhələ - Azərbaycanın özü üçün kifayət qədər mühim olan parlament seçkiləri başlayır. Qarşıdan gələn parlament seçkilərinin siyasi mənzərəsini indiki dönəmlə müqayisədə xarakterizə etsək o zaman noyabrın 1-də keçiriləcək parlament seçkilərinin çox maraqlı və gərgin olacağı gözləniləndir. Ölkə parlamentində deputat mandatı ilə vidalaşacağını adları qədər dəqiq bilən xeyli sayda deputatlar var. Nurçuların hökumətdəki dayaqları söküləndən sonra qələmi qırılanlar, siyasi arenada gözləntilərin əksinə olaraq dövlət və dövlətçilik üçün yetərincə faydalı iş görməyənlər, atalarına görə mandat alıb, artıq almayacaq xeyli sayda insanlar, maliyyə xəyanətləri və sair.
Və bu deputatların mandatdan birdəfəlik məhrum olacaqları bir məqamda dalğa icra başçılarına da çatacaq. Bu yeni islahatlar və xəyanət etmişlərin ən yaxın adamları isə seçkilərə qədər vəzifələri ilə vidalaşmalı olacaqlar. Azərbaycan dövlətinin düşmənləri ölkədəki siyasi müxalifətə əhali arasında güvənin olmadığını çox dəqiqliyi ilə bilirlər. Azərbaycanda əhali arasında keçirilən açıq və gizli sosial sorğular da sübut edir ki, insanlar daha çox yerli məmurlardan narazıdır. Və Azərbaycanda sabitliyin mövcudluğundan narahat olan qüvvələr məhz kiçik məmurların harınlığından şikayət edirlər. Onların bu narazılıqları yerlərdə əhali arasında şiddətləndirməsindən bir çox mənfur qüvvələrin istifadə etməsi gözləniləndir.
Artıq Azərbaycan təcrübəsində harın məmur övladlarının hərəkətinə görə İsmayıllıda, Qubada belə məşqlər olub. Xeyli sayda məmur və ya məmur oğullarının hərəkətləri əhali arasında qəzəbə, etiraza səbəb olub. Və heç şübhəsiz ki, əhalinin də bu kortəbii etirazlarından, narazılıqlarından Azərbaycan əleyhinə istifadə edənlər olub. Bu baxımdan da hakimiyyətin ən yüksək dairələrində seçki öncəsi məmurların yerli əhali ilə davranışlarına, ictimayyətlə təmaslarına, o cümlədən də mətbuatla işlərini qurmalarına xüsusi ötən veriləcək.
GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən artıq hökumətin ən yüksək çevrələrində məmurların hərəkətlərinə nəzarət etmək üçün elektron və fərdi qaydada nəzarət mexanizmləri qurulacaq. Yerlərdə hakimiyyətin sifarişi ilə əhali arasında məmurların hərəkətlərinə dair sorğuların keçirilməsi də gözlənilir.
Bildirilir ki, artıq bir neçə rayonun icra başçısı ilə bağlı seçkiqədər yola salınma qərarı verilib. Abşeron, Zərdab, İmişli, Füzuli, Suraxanı rayonolarında əhalinin illərdir ki, yığılıb qalan narazılıqları və icra başçılarının davranışları ilə bağlı mətbuatda gedən məqalələr toplanıb. Bir sözlə artıq bu rayonların dosyesi dolub. Və bu rayonlarda hər hansı bir xüsusi sorğunun və ya monitorinqin aparılmasına ehtiyac qalmayıb. Eyni zamanda ötən seçkilərdə müvafiq olaraq bu icra başçılarının ortaya qoyduqları təşkiletmə işi də kafi və kafidən də aşağı qiymətləndirilib.
Yuxarıda qeyd etdiyimiz kimi bu rayonların internet saytilarının təşkili işindən tutmuş, həmin rayonlardakı məmurlardan əhali arasında edilən narazılıqlara qədər bütün istiqamətlər üzrə mənfi nəticələr var. Bu baxımdan da Abşeronun icra başçısı Zakir Fərəcovun, Zərdabın icra başçısı Lütfəli Babayevin, İmişlinin icra başçısı Vilyam Hacıyevin, Füzulinin icra başçısı Alı Alıyevin, Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun seçkilərə qədər yola salınacağı gözlənilir. Məlumatlara əsasən bu rayonlarda yerli məmurların əhali ilə davranışları, icra başçılarının ümvafiq olaraq təlimatlara uyğun davranış tələblərini, protokol qaydalarını pozduqları söylənilir.
Bildirilir ki, islahatlar dalğası bununla yekunlaşmayacaq. Daha bir neçə mənfi reputasiyalı icra başçısı da var ki, onların da seçkilərə qədər yola salınacağı gözlənilir.
GUNDEMİNFO.AZ-ın xəbər xidməti