Yevlaxın milyonçu məmuru
Tarix: 2-06-2015, 11:35 | Çap et
Yevlaxın milyonçu məmuru
Məmur özbaşınalığı ölkəmizin ən böyük problemlərindən biri hesab edilir. Müxtəlif vəzifələrdə irəli çəkilən bəzi şəxslər uzağı 3-4 ay qüsursuz işləyirlər. Bu müddətdən sonra isə özbaşına əməllərini bir-birinin ardınca sıralayırlar. İnsaf naminə qeyd etmək lazımdır ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaradıldıqdan sonra bəzi vəzifəli şəxslərin barəsində ciddi ölçü götürüldü. Dövlət əmlakını talayan, vətəndaşlardan rüşvət alan və korrupsiya əməli törədən bir neçə məmur layiq olduğu cəzanı alıb.

Bununla yanaşı, dövlət büdcəsi hesabına maliyyələşən bəzi idarə və müəssisələrdə neqativ hallar azalmaq bilmir. Xatırladaq ki, ötən saylarımızdan birində "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Yevlax Suvarma Sistemləri İdarəsində baş qaldıran problemlər haqqında danışaraq rayonun əksər kəndlərində suvarma suyunun olmamasının ciddi fəsadlar yaratdığını qeyd etmişdik. Yazmışdıq ki, idarənin rəisi Telman Əsədov ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir, bundan başqa büdcədən ayrılan vəsaitləri təyinatı üzrə xərcləmir. Hələlik ASC rəhbərliyi səviyyəsində yazılanlara heç bir reaksiya verilməyib. Bundan arxayın düşən idarə rəhbəri isə öz bildiyini edir. Məlumat üçün qısaca qeyd edək ki, idarənin balansında 40 min 199 hektar suvarılan sahə var. Həmin sahənin 11 min hektarı mexaniki üsulla, yerdə qalan 29.199 hektarı isə öz axını ilə suvarılır. Son illər ərzində Yevlax Suvarma Sistemləri İdarəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Belə ki, idarəyə "Hyundai" markalı ekskavator, kranlar, buldozerlər və "Kamaz" markalı maşınlar verilib: "Bu texnikaların əksəriyyəti özəl təsərrüfatlarda istifadə olunur. İdarənin balansındakı torpaq kanallarının lildən təmizlənməsi lazım olan səviyyədə aparılmır. Bu isə suvarma ilə bağlı müxtəlif problemlərin meydana çıxmasına zəmin yaradır. Bundan başqa, dövlətin maliyyə dəstəyi ilə həyata keçirilən bəzi layihələrdə qanun pozuntuları diqqəti cəlb edir. Bir neçə il əvvəl Bakı nasos stansiyalarının əsaslı bərpası, Aran-6 nasos stansiyasının yenidən tikilməsi və bərpası, həmçinin Əlican çayı üzərində Ərəbbəsrə, Meyvəli və Xanabad kəndlərinin əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq üçün istinadın tikintisi məqsədilə büdcədən külli miqdarda vəsait ayrıldı. Görülən işlərin keyfiyyəti bunu deməyə əsas verir ki, layihələrin icrası üçün ayrılan büdcə vəsaitlərinin yetərli hissəsi yox edilib. Bunun səbəbini sözügedən məmurda axtarmaq lazımdır". Əldə etdiyimiz yeni məlumatlara əsasən, nə az-nə çox, düz 12 ildir rəis vəzifəsində çalışan Telman Əsədov geridə qalan dövr ərzində saysız-hesabsız qanun pozuntularına imza atıb və bunun sayəsində Yevlaxın, eləcə də bölgənin ən varlı şəxslərindən birinə çevrilməyi bacarıb. Etibarlı mənbənin dediyinə görə, su təsərrüfatı obyektlərinin smeta sənədlərinin hazırlanması üçün "ESR İnşaat" MMC-yə sifariş verən idarə bunun üçün 15600 manat sərf etdiyini qeyd etsə də, əslində, bu rəqəm 2000 manatdan yuxarı olmayıb: "Sənəd üzərində göstərilən rəqəmlərlə xərclənən vəsaitlər arasında böyük fərq var. Məsələn, bir manata görülən işi 10 manat adı altında sənədləşdirərək büdcə pullarını göyə sovururlar. Bir başqa əməliyyat torpaqqazan mexanizmlərə və mexaniki avadanlıqlara ehtiyat hissələrinin satın alınması ilə bağlı olub. Belə ki, "Şahmar-N" MMC və "Nicat-V" MMC vasitəsi ilə reallaşdırılan işlərə 207082 manat pul ayrılıb. Amma deyilənə görə, qeyd olunan vəsaitin bir hissəsi şəxsi maraqlara qurban gedib. "Elgiz-2009" MMC və "Dəmirçi-L" MMC-nin xətti ilə həyata keçirilən layihələrdə də yeyintiyə yol verilib. İdarə rəisinin özü və yaxın qohumları ən yüksək səviyyədə yaşayır. Onun rəhbəri olduğu qurum çoxlarına balaca bir idarə kimi görünə bilər. Lakin Yevlax Suvarma Sistemləri İdarəsinə hər il kanalların lildən təmizlənməsi, bəndlərin vurulması və digər işlərin görülməsi məqsədilə milyonlarla vəsait ayrılır. Bundan başqa, şəxsi təsərrüfatlarda işlədilən texnikalardan il ərzində külli miqdarda gəlir götürülür. Aidiyyəti dövlət qurumları idarənin fəaliyyətini araşdırsalar görərlər ki, ayrılan pulların yarıdan çoxu yoxa çıxıb. İdarə tərəfindən həyata keçirilən işlərin əksəriyyəti keyfiyyətsizdir. Əgər belə olmasaydı, Telman müəlim Yevlax şəhərində 3 mağaza, 1 restoran, gözəllik salonu, tikinti materialları mağazası, 100 hektara yaxın torpaq sahəsi, Bakı şəhərində 4 ev, 1 ehtiyat hissələri mağazasına sahib çıxa bilməzdi. Hələ mənim bildiyim bunlardır. Deyilənə görə, məmurun biznes şəbəkəsi çox genişdir. Rəisin avtomobil kolleksiyası da zəngindir. Məsələn, idarə rəisinin şəxsi istifadəsində "İnfiniti", "Prado Lexus" və "Mersedes" kimi bahalı maşınlar var. Həmçinin məmurun oğlu Cavid Əsədov da bahalı maşın həvəskarıdır. O tez-tez maşın dəyişir. Yevlax, Mingəçevir, Bərdə və digər qonşu rayonlarda maşını ilə ürəyi istədiyi hərəkətləri edir. Atasına görə yol patrul xidmətinin əməkdaşları ona heç nə deyə bilmir. Hətta bu yaxınlarda məmurun övladı Yevlaxda ağır yol nəqliyyat hadisəsinə səbəb olacaqdı. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı". İdarə rəisinin şəxsi həyatı, biznesi bizim üçün o qədər də maraqlı deyil. Bizə maraqlı gələn onun bu qədər sərvəti hansı yollarla və pullarla əldə etməsidir. Bildiyimiz qədərilə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin yerli idarə rəislərinin aylıq vəzifə maaşı 500 manatdan artıq deyil. Elə isə Telman Əsədov fermalara, mağazalara, mənzillərə, ən nəhayət bahalı maşınlara necə sahiblənib? Bu sualın cavabına mütləq aydınlıq gətirilməlidir. Gələn saylarımızda idarə rəhbərinin rayonun icra başçısı Qoca Səmədov və ASC sədri Əhməd Əhmədzadə ilə əlaqələrindən bəhs edəcəyik. Bizi izləyin. Qarşı tərəfin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Buna baxmayaraq, adıçəkilən məmurun da fikirlərini işıqlandırmağa hazırıq.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net