“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Rayon Polis şöbəsinin rəisi Rüfət Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Alışarlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Allahverdiyev Vüqar Azay oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Allahverdiyev Vüqar Azay oğlu 1973-cü il yanvar ayının 26-da Tərtər rayonunun Alışarlı kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1991-ci ilin may ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdı. SSRİ dağıldıqdan sonra hərbi xidmətini yarımçıq qoyaraq öz rayonuna qayıdıb və "Tərtər özünümüdafiə batalyonu”nda erməni işğalçılarına qarşı mübarizəyə başlayıb. 1992-ci il noyabr ayının 17-də Ağdərə bölgəsinin Vǝng kəndi ərazisində şəhid olub. Həmin gün digər döyüşçü yoldaşları ilə bərabər onun da cəsədini həlak olduğu yerden götürmək mümkün olmamışdı. 2 ay sonra 1993-cü ilin yanvar ayının 17-18-də bu ərazi düşməndən azad edildikdən sonra digər 13 nəfər döyüşçü yoldaşının cəsədi ilə bərabər onun da cəsədi doğma kəndə gətirilib torpağa tapşırıldı. Subay idi. Soyulan kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Vertikal.az


