Tərtərdə “Yevlax qruplaşması” qoçuluq edir
Tarix: 22-05-2015, 11:44 | Çap et
Tərtərdə “Yevlax qruplaşması” qoçuluq edir
Bu gün Azərbaycanın rayon və bölgələrində icra strukturlarına rəhbərlik edən yüksək çinli məmurların fəaliyyəti hər zaman olduğundan daha çox diqqət cəlb etməkdədir. Məsələ bundadır ki, hazırda ölkəmizdə həyata keçirilən irimiqyaslı abadlıq-quruculuq işlərinin fonunda bir çox məmurların dövlət layihələrindən şəxsi mənafeyləri üçün yararlanmaq cəhdləri və bu məqsədlə onlar tərəfindən həyata keçirilən müxtəlif maliyyə maxinasiyaları artıq təcili tədbirlərin görülməsini tələb edir. O cümlədən Tərtərdən daxil olan məlumatlarda Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova qarşı ciddi ittihamlar irəli sürülməkdədir. Qeyd etmək lazımdır ki, əslində bu ittihamlar müxtəlif mənbələr tərəfindən başçıya qarşı onun bu vəzifəyə təyinat aldığı ilk günlərdən, yəni ötən ilin may-iyun aylarından başlayaraq irəli sürülürdü. Çünki Müstəqim Məmmədovun da Tərtərə gəlişi ilə, onun bu rayonda müxtəlif qanun pozuntularına yol verməyə başlaması bir oldu. Yerli mənbələrin təqdim etdikləri açıqlamalarda xüsusi olaraq vurğulanır ki, təyinatdan keçən qısa müddət ərzində icra başçısı korrupsiya məsələlərində heç də naşı olmadığını isbatlaya bildi. Məlumatlara görə Müstəqim Məmmədovun əsas gəlir mənbələrindən biri bəzi rayonlarda da tətbiq olunan “ənənəvi” üsuldan ibarətdir. Söhbət “abadlıq və quruculuq” adı altında büdcə vəsaitlərinin təyinatından yayındırılaraq mənimsənilməsindən gedir. Məsələ bundadır ki, bu “abadlıq” işlərinin görülməsi üçün əvvəlcə rayon mərkəzində yerləşən bir çox ərazilər bərbad hala gətirilir. Təsəvvür edin ki, son dəfə təmir olunduğu, abadlaşdırıldığı vaxtdan heç bir il keçməmiş, həmin küçə və parklar, müxtəlif təyinatlı tikililər yenidən təmir olunmaq üçün sökülür, dağıdılır və qazılır. Əlbəttə ki, bütün bu işlər zamanı dövlət büdcəsindən rayona ayrılmış pullar xərclənir və bu pulların da bir hissəsi elə rayon rəhbərliyinin xeyir-duası ilə mənimsənilir. Daxil olan digər bir məlumata görə isə Müstəqim Məmmədov müxtəlif maxinasiyaları rahat həyata keçirə bilmək üçün özü ilə Yevlaxdan gətirdiyi komandaya Tərtərdə qeyri-məhdud səlahiyyətlər verib: “Tərtər RİH başçısının 1-ci müavin Ramiz Şabanov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elvin Umudov həmin “Yevlax qruplaşması”nın üzvləridir və əksər işlər məhz onların əli ilə görülür. İcra başçısının “qara işləri” isə yenə də başçının özü ilə Yevlax rayonundan gətirdiyi və Tərtər RİH-də məsləhətçi vəzifəsinə təyin etdiyi Çingiz İsayevin vasitəsilə həyata keçirilir”. Daha bir ittiham isə icra başçısının kənd icra nümayəndələrindən rüşvət toplaması ilə bağlıdır: “Tərtər rayonunda 74 kənd var və hər bir kənd savetliyinin 200 manat maaş alan mühasiblərinin hər birindən 6 aya 800 azn manat rüşvət yığılır. Ancaq bu hələ harasıdır, Müstəqim Məmmədov daha yüksək vəzifə tutan yerli məmurlardan daha böyük məbləğlər tələb edir”. Həmçinin daxil olan məlumatlarda vurğulanır ki, Müstəqim Məmmədovu bu gün daha çox düşündürən “abadlıq maxinasiyaları”ndan əldə olunan gəlirlərin artırılması ilə yanaşı, həm də onun şəxsi biznesinin çiçəklənməsidir. Belə ki, rayondakı mənbələrin açıqlamalarına görə Tərtər rayonunda görülən işlər üçün tələb olunan tikinti materialları başçının göstərişi ilə yalnız Yevlaxdan gətirilir. Halbuki, eyni materialları elə Tərtərin özündə daha ucuz qiymətə almaq olar. Lakin bu RİH başçısının nə planlarına, nə də maraqlarına qətiyyən uyğun deyil. Məlum olduğu kimi Müstəqim Məmmədov əmək fəaliyyətinə başladığı 1992-ci ildən indiyədək yalnız Yevlaxda çalışıb. Onun Yevlaxda son tutduğu vəzivə isə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri olub. Bütün bu fəaliyyəti ərzində isə Müstəqim Məmmədov təbii ki, Yevlaxda bir çox kommersiya obyektlərinin, o cümlədən bir neçə inşaat materialları satış mərkəzinin də sahibinə çevrilib. Məhz elə bu səbəbdən də bu gün Tərtərin “abadlaşdırılmasına” tələb olunan bütün materiallar iki-üç qat bahasına Yevlaxdan alınır...





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net