Sarov kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib
Tarix: 18-02-2023, 10:40 | Çap et


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Sarov kəndində keçirilib.



Qəbulda YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib. O, dövlət başçısının İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü iclasında uğurla iştirak etməsindən, Azərbaycanın İranda yerləşən səfirliyinə qarşı törədilən terror aktından, qardaş Türkiyədə baş verən dəhşətli zəlzəldən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə türk qardaşlarımıza göstərilən humanitar yardımdan, rayonumuzun sakinlərinin də yardım aksiyasına qoşulmasından, tərtərlilərin ilk yardımının Kahramanmaraşa çatdırılması haqqında məlumat verib, zəlzələ nəticəsində həlak olanların ailələrinə baş sağlığı verib, təbii fəlakət nəticəsində yaralananların tezliklə sağlamlıqlarına qovuşmasını arzu edib.



Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Sarov kəndinin 797 hektar ərazisi, 337 təsərrüfatı, 1581 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 klub, 1 kitabxana, 29 ticarət, 2 iaşə, 3 məişət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 651 baş iribuynuzlu, 548 baş xırdabuynuzlu heyvan, 6938 baş quş, 58 arı ailəsi saxlayırlar.
Sarov kəndində son üç ildə 4 km kəndarası yol cari təmir olunub, 1500 ədəd tut tingi, 400 ədəd müxtəlif növ ağaclar əkilib, əkin sahələrinə gedən su arxları 5.5 km məsafədə lildən təmizlənib, suvarma üçün nəzərdə tutulmuş 2 ədəd subartezian quyusu qazılıb, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.



Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Çərkəz Hüseynov suvarma arxının təmizlənməsi, Aynur Adıgözəlova işıq dirəyinin dəyişdirilməsi, Əli Şirinov İncə çayın kənarına tökülən məişət tullantılarının təmizlənməsi, Kamran Hümbətov əlavə pay torpaq sahəsinin verilməsi, Rəna Mürsəlova həyətyani torpaq sahəsinin ayrılması və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net