Rayon rəhbərinin Güləbatlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
Tarix: 27-11-2022, 11:17 | Çap et


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Buruc kənd İƏD üzrə nümayəndəliyinin Güləbatlı kəndində keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.



İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Bildirilib ki, Güləbatlı kəndinin 245 hektar ərazisi, 97 təsərrüfatı, 402 nəfər əhalisi, 194 hektar pay torpağı var. Ərazidə 1 ümumi orta məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 klub, 1 kitabxana, 2 ticarət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 430 baş iribuynuzlu, 408 baş xırdabuynuzlu heyvan, 1970 baş quş, 32 yeşik arı ailəsi saxlayırlar.
Güləbatlı kəndində son üç ildə pay torpaqlarına gedən su arxları 3,5 km məsafədə lildən təmizlənib, kəndarası yollar təmizlənib kənar hissələri səliqəyə salınıb, kənd qəbrsitanlığına gedən yol 1 km məsafədə təmir olunub.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.



Kənd sakinlərindən Kamil Həsənov kəndin elektrik naqillərinin kabelləşdirilməsi və kəndə əlavə internet xəttinin verilməsi, Lətif Məmmədov kəndə gələn arxın təmizlənməsi, Müşgünaz Orucova kənd körpələr evi-uşaq bağçasının təmir olunması və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlər nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net