Tərtərdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubleyinə həsr olunmuş konfrans keçirilib
Tarix: 20-10-2022, 10:58 | Çap et


Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında YAP Tərtər Rayon Təşkilatı rayon icra hakimiyyəti ilə birgə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş konfrans keçirib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin Mərkəzi Meydanında ucaldılmış abidəsini və “Şəhidlər abidə kompleks”ini ziyarət edib, onların xatirəsinə ehtiram əlaməti olaraq önünə gül-çiçək dəstələri düzüblər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Ağalar Vəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP idarə heyətinin üzvü Asif Əsgərli, YAP mərkəzi aparatının əməkdaşı Elman Məmmədov, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların, İƏD üzrə nümayəndəliklərinin və KİV-nin nümayəndələri iştirak ediblər.



Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov “Müstəqil Azərbaycan Respublikasının inkişafında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Yeni Azərbaycan Partiyasının yaradılmasından, o dövrdə ölkədəki ictimai- siyasi durumundan Ulu Öndərə müraciət ünvanlayan 91-lərdən, Ümummilli liderin Yeni Azərbaycan Partiyasını Ümumxalq Partiyasına çevirməsindən danışılıb. Qeyd olunub ki, Azərbaycan xalqını ümummilli liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi porseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə Qarabağ zəfərindən sonra Azərbaycan dövlətinin gücü-qüdrəti daha da artıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib ki, YAP Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafına öz töhfələrini verib. YAP-ın qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi və inamı. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan YAP-ın yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır.



Milli Məclisin deputatı Ağalar Vəliyev çıxış edərək bildirib ki, YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir.
Konfransda Tərtər rayon Uşaq Musiqi Məktəbinin müəllimi Kərrar Bayramov,Tərtər rayon R.Səfərov adına Sarıcalı kənd tam orta məktəbinin direktoru Vəsilə Mehtiyeva və Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov çıxış edərək yeni müasir Azərbaycanın təməl daşı olan Yeni Azərbaycan Partiyasının yaranması və qısa bir zamanda hakim partiyaya çevrildiyi gündən bu günədək qət etdiyi şərəfli yoldan, ötən 30 il ərzində qazanılan uğurlardan, xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin rəhbərliyi altında bundan yüksək nailiyyətlərə imza atacağını qeyd ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının 30 illik yubleyi münasibəti ilə təbrik edib. Partiyanın hər bir üzvünə cansağlığı, işlərində yeni uğurlar arzulayıb. Bildirib ki, düz otuz il bundan əvvəl 1992-ci ilin noyabr ayının 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfrans keçirildi. Bu gün sıralarında 800 min nəfəri birləşdirən Yeni Azərbaycan Partiyası yaradıldı. Bundan bir ay əvvəl isə 91 nəfər vətənpərvər insan Ulu Öndərə müraciət ünvanlamış, Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. Təsis konfransının Bakıda deyil, Naxçıvanda keçirilməsinə səbəb isə o vaxtkı iqtidarın buna imkan verməməsi idi.
Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etmək üçün yaradılan Yeni Azərbaycan Partiyası sonrakı illərdə ölkəmizin daha da qüdrətlənməsini, güclənməsini təmin etdi. YAP-ın yaranmasından cəmi 7 ay sonra onun yaradıcısı, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm ölkəmizin, həm də partiyanın həyatında yeni mərhələnin əsasını qoydu.
Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı.
1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.
Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib. Bizim partiyamız döyüşkən və mübariz partiyadır. YAP üzvləri bütün strukturlarda təmsil olunur və Azərbaycanın inkişafı prosesində fəal rol oynayırlar. YAP-ın 30 illik fəaliyyətinə nəzər saldıqda bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, paritiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək. Yeni Azərbaycan Partiyasının VII qurultayı tarixi Zəfərimizin yaratdığı yeni reallıqlara söykənərək keçirildi və qarşıya yeni vəzifələr qoydu. Bu gün partiyanın hər bir üzvü bu vəzifələrin uğurla icra edilməsinə səy göstərir.
Yeni Azərbaycan Partiyasının üzvlərinin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.
İcra başçısı çıxışını Ulu Öndərin sözləri ilə tamamlayıb: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə bir qrup YAP fəalına “Təşəkkürnamə”, YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə isə partiya vəsiqələri təqdim edilmişdir.




Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net