Sabir Paşayev adına Umudlu kənd tam orta məktəbində şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
Tarix: 30-09-2022, 09:20 | Çap et


Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədiri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət və KİV nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Umudlu kəndi haqqında danışıb. Qeyd olunub ki, Umudlu kəndi Birinci Qarabağ müharibəsində 5, Vətən müharibəsində isə 3 nəfər şəhid verib. Vurğulayıb ki, məhz şəhidlərimizin və igid oğullarımızın sayəsində torpaqlarımız işğaldan azad olunub. Bu gün mən rayon rəhbəri kimi belə igid oğullar dünyaya gətirdikləri üçün bütün şəhid valideyinləri qarşısında baş əyirəm, qazilərimizə can sağlığı diləyirəm.



Rayon rəhbəri Vətən müharibəsində Tərtər rayonun infrastrukturuna dəyən ziyandan, Vətən uğrunda canından keçmiş Tərtərdən olan 66 hərbi, 16 mülki şəhiddən də söhbət açıb, onların qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb. Bildirib ki, şərəfli döyüş yolu keçən, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə Qələbə sevincini yaşadıb, Zəfər gününü tarixə yazıb.
Rayon rəhbəri bu gün də düşmənin dövlət sərhəddində genişmiqyaslı təxribatlar törətdiyini, bu təxribat nəticəsində yeni şəhidlər verdiyimizi, ancaq Müzəffər Azərbaycan Ordusunun şəhidlərin qisasını aldığını, tarixi dədə-baba torpaqlarımızın bir hissəsinin geri alındığını bildirib.



Tədbirdə çıxış edən Umudlu kənd sakini, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, şəhid anası Səadət Bağırova, şəhid atası Şəmil Abbasov, şəhid qardaşı Şakir Ərəbov, əslən Umudlu kəndindən olan Vətən Müharibəsi qazisi Amid Paşayev, məktəbin direktoru Könül Hacıyeva 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, tarix yazan Ordumuzdan, bu gün dövlət sərhəddində Ermənistan tərəfindən törədilən təxribatlardan, düşmənə verilən layiqli cavabdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar.



Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda məktəblilər tərəfindən vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net