Zəngilan rayonu Ağalı kəndi
Tarix: 29-05-2022, 17:32 | Çap et


İşğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərinin miqyası və məzmunu bütün dünyanı heyran qoyub. Biz bu torpaqlarda Azərbaycan Prezidentinin böyük sürətlə apardığı misilsiz yeniliklərin sahidiyik. Yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq.
Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinın başa çatmasını və sakinlərin kəndə qayıdışını hamı səbirsizliklə gözləyir. Erməni işğalçıları qovulduqdan sonra, Dövlətimiz insanların geri qayıtması üçün bu kənddə böyük işlər görmüşdür. Ağalı dünyanın ən məşhur “ağıllı kənd”ləri ilə ayaqlaşa biləcək. Ümumiyyətlə, bütün “ağıllı” kənd və şəhər layihələri elə düşünülmüşdür ki, sakinlər doğma yurdlarına dönənə kimi əsas problemlər həllini tapsın. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə layihələrin həyata keçirilməsi üçün kifayət qədər vəsait xərcləməklə yanaşı, müasir dünya təcrübəsindən faydalanır, nüfuzlu xarici şirkətləri əməkdaşlığa dəvət edir.
Ötən ilin yayında Ağalı kəndinin sakinləri uzun ayrılıqlardan - 28 illik fasilədən sonra Qurban bayramı ərəfəsində ilk dəfə ana torpağa qədəm qoydular, görülən işlərlə tanış oldular. Darmadağın edilmiş bütün kəndin bir ildən də az vaxta tikilməsi və 1500 sakinin evlə təmin edilməsi heyrətamiz hadisədir. Layihənin icrası əsasən 5 komponent - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri üzrə aparılmışdır. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanılmışdır. Bəyan edildi ki, “ağıllı” kənd və şəhərlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Ağıllı kənd təsərrüfatında isə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları dronlar vasitəsilə idarə etmək və nəzarətdə saxlamaq mümkün olacaq. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini və satışı müasir tələblərə uyğun qurmağa imkan verəcək. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər də bu konsepsiyanın əsas komponentləri sırasındadır.
Artıq Ağalı kəndində müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa edilmiş, bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi üçün tədbirlər görülmüşdür.
Ağalı kənd sakinlərinin bir qrupu üçün kiçik təsərrüfatların yaradılması da nəzərdə tutulur və artıq bu istiqamətdə müəyyən işlər görülməkdədir. KOBİA tərəfindən onlar üçün biznes təlimləri təşkil edilmiş, iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumatlar verilmişdir. Kənd sakinləri doğma yurdlarına qayıdandan sonra onlar Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaqlar.
Azərbaycanda “ağıllı” şəhər və kəndlər konsepsiyasının tətbiqi ideyası Prezident İlham Əliyevə məxsusdur. Dövlət başçısı “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalamış, 2021-ci ilin aprelin 26-da isə Ağalı kəndinin ərazisində ilk “ağıllı kənd” layihəsinin təməlini qoymuşdur. 2021-ci ilin Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmuşlar. “Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunacaq, piyada və velosiped yolları çəkiləcək, kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək.
Ölkə rəhbəri bu il Ağalı kəndində yeni müəssisələrin yaradılmasının nəzərdə tutulduğunu, orada məskunlaşacaq sakinlər üçün həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə əlverişli şərait qurulacağını vurğulayıb, yüksək məhsuldarlıq üçün sudan nəzərdə tutulan qayda əsasında istifadə edilməsi, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsinin qarşıya mühüm vəzifə kimi qoyulduğunu xatırladıb. Burada əvvəlcə inzibati binalar, qapalı və açıq heyvandarlıq kopleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonaları tikiləcək. Bütün bunlar ölkəmizin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.
Zəngilan rayonunda böyük infrastruktur layihələrinin sürətlə həyata keçirilməsi nəticəsində Zəngəzur dəhlizi ilə nəqliyyat xətləri qurulur. Bunun nəticəsində Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi tanınması qarşıya məqsəd qoyulub.
Zəngəzur dəhlizi bir reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm də avtomobil yolu beynəxalq yükdaşımalar üçün yeni bir yol olacaq. Zəngilanda yaradılan əhatəli nəqliyyat strukturu bu rayonun, eləcə də işğaldan azad edilən digər yaşayış sahələrimizin iqtisadi inkişafında önəmli rol oynayacaq, keçmiş məcburi köçkünlərin rahatlığına, sosial durumuna müsbət təsir göstərəcək.
Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malikdir. İşğal dövründə talan edilmiş muzeylərdə Azərbaycana məxsus tarix və mədəniyyətinin qiymətli nümunələri, dünyada məşhur olan Azərbaycan xalçaları və görkəmli şəxsiyyətlərimizin xatirə əşyaları digər dəyərli eksponatlar olmuşdur. Məhv edilmiş xəzinələr təkcə Azərbaycanın deyil, həm də bütün dünya mədəniyyətinin nümunələri idi. Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə indi milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir.
Ölkəmizin cənub-qərb incisi, əsrarəngiz təbiəti ilə könül oxşayan Zəngilan qədim yaşayış məskənimiz kimi hər daşında, abidəsində şərəfli tariximizi özündə yaşadır. Azərbaycan dövlətinin qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə gördüyü işlər, ortaya qoyduğu iqtisadi layihələr onu göstərir ki, ölkəmiz 44 günlük Vətən savaşının nəticəsi olaraq tək ərazi bütövlüyünü bərpa etmədi, həm də regionun lider dövləti kimi qlobal layihələrinin əsasını qoydu.



Suraxanı rayonunun fəal gənci Arzu Məmmədli




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net