Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər üçün iftar süfrəsi təşkil olunub
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 günluk Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qaziləri üçün iftar süfrəsi təşkil olunub.
"Tərtər” istirahət mərkəzində təşkil olunan tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, din xadimləri, Şəhidlərin ailə üzvləri, qazilər və onların fidan balaları iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müqəddəs Ramazan ayı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Sonra şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd olunub ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Rayon rəhbəri Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir.
Sonra ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, Ramazan ayının əhəmiyyətindən və fəzilətlərindən danışıb.
Qeyd edib ki, müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayı dinimizdə uca və müqəddəs sayılan, insanları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.
Çıxışının sonunda rayon rəhbəri tədbirin təşkilinə etdiyi köməkliyə görə “Vəkiloğlu” MMC-nin rəhbərliyinə minnətdarlığını bildirib.
Tərtər “Cümə” məscidinin imamı Sadiq Cəfərov, din xadimləri Saleh Ədilov, Nəriman Əliyev tərəfindən şəhidlərin ruhuna dualar oxunub. On bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb.
Tədbirdə YAP rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon filialının sədri Suliddin Yusifov, Şəhid Həsən Məmmədovun anası Xanım Məmmədova, Şəhid Mürşüd Əhmədzadənin nənəsi Çiçək Əhmədova, Şəhid Ceyhun Hacızadənin anası Qətibə Hacıyeva, Şəhid Nurlan Şirinlinin anası Esmira Şirinova, qazilərdən İnqilab Qayıbov, İntiqam Sarıyev, Kamil Səfərli çıxış edərək Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışmış, vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən igidlərimizin şəhadətin uca məqamında olduğunu qeyd edib, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayıblar. Çıxışçılar bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Vertikal.az