Tərtər rayonunun daha bir kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib
Vertikal.az: - Novruz bayramı ərəfəsində Tərtər rayonunun Poladlı kəndində də yeni modul tipli məktəb binası istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, təhsil şöbəsinin nümayəndələri, məktəbin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.
Vertikal.az xəbər verir ki, tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllim, şagird və valideynləri Novruz bayramı və yeni məktəbin istifadəyə verilməsi münasibəti ilə təbrik edib, ölkəmizdə təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Bu gün isə bu ənənə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.
Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər rayonunda 16 məktəb binasına zərər dəyib. Həmin məktəblər təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib. Hazırda rayonun Xoruzlu kəndində 432 şagird yerlik yeni məktəb binasının tikintisi həyata keçirilir. Tərtər şəhər 5 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik binanın tikintisinə yaxın vaxtlarda başlanılacaq.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. 56 şagird yerlik ümumi orta məktəb 7 sinif otağı, müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir.