Tərtər rayonunda Vətən Müharibəsi şəhidlərinin analarının və həyat yoldaşlarının iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilib.
Tərtər şəhərində yerləşən "Tərtər” istirahət mərkəzində baş tutan tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Respublikasının sabiq İnsan hüquqları üzrə müvəkkili, kimya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Alim, dövlət və ictimai xadim Elmira Süleymanova, kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid analarını, həyat yoldaşlarını və respublikamızın bütün xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Azərbaycan qadınının daim cəmiyyətin hərəkətverici qüvvəsi, milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olduğunu vurğulayıb.
Qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan qadınlarına həmişə yüksək qiymət verib. Bu gün Ulu Öndərin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan qadınları dövlətin bütün strukturlarında ləyaqətlə təmsil olunur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən də danışıb, Bildirib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə Qələbə ilə başa çatdı. Vətən müharibəsi günlərində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bu isə Prezident İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaq.
Qeyd edib ki, Vətən müharibəsində məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər. Uzun illər tərtərli qadınlar müharibə ağrı-acısını öz zərif çiyinlərində daşıyıblar. Onlar Azərbaycan
qadınının bütün müsbət keyfiyyətlərini özlərində cəmləşdiriblər, səbr, təmkin, dözüm nümayiş etdiriblər, müharibəyə vətənpərvər oğullar yola salıblar.
Rayon rəhbəri çıxışında bildirib ki, bu günə kimi ayrı-ayrı vaxtlarda rayondan olan 60 şəhid ailəsinə və 42 nəfər qaziyə Heydər Əliyev Fondu, YAŞAT Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərsığorta” Dövlət Sığorta Şirkəti və Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən ümumilikdə, 1 miliyon 979 min 609 manat vəsait ödənilib. 38 nəfər şəhid ailəsi və 39 nəfər qazi mənzil növbəsinə götürülüb. 11 nəfər şəhid ailəsi və 5 nəfər qazi işlə təmin edilib. 34 nəfər şəhid ailəsi və 7 nəfər qazi özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib, 3 nəfər şəhid ailəsi və 39 nəfər qazi özünüməşğulluq proqramı çərçivəsində aktivlərini gözləyir.
Çıxışının sonunda rayon rəhbəri tədbirin təşkilinə etdiyi köməkliyə görə “Vəkiloğlu” MMC-nin rəhbərliyinə minnətdarlığını bildirib. Daha sonra Azərbaycan Respublikasının sabiq İnsan hüquqları üzrə müvəkkili, kimya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Alim, dövlət və ictimai xadim Elmira Süleymanova çıxış edərək əccəlcə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib, onlara xoşbəxtlik, möhkəm cansağlığı və işlərində müvəffəqiyyətlər diləyib. Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikini oxuyub. Ölkəmizdə uğurla həyata keçirilən dövlət qadın siyasətindən danışıb. Azərbaycan qadınının bu gün həyatımızın bütün sahələrində ləyaqətlə təmsil olunduqlarını, müstəqil respublikamızın inkişafına öz layiqli töhfələrini verdiklərini diqqətə çatdırıb. Kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov çıxış edərək 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə başda şəhid anaları olmaqla bütün Azərbaycan qadınlarını təbrik edib, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Bu gün Azərbaycan qadını cənab Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində ölkənin ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatında yaxından iştirak etdiklərini bildirib.
Tədbirdə iştirak edən şəhid anaları və qazilər Azərbaycan qadınlarını təbrik ediblər. Onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda Tərtər Rayon Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.
Görüşün sonunda şəhid analarına, şəhidlərimizin həyat yoldaşlarına Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə və gül buketləri verilib. Görüşdə iştirak edə bilməyən şəhid ailələrinin hədiyyələri isə evlərində təqdim olunub.
Vertikal.az